Eyyub Hüseynov: "Hələ də heyvanların heç 1 faizi identifikasiyadan keçməyib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi reydlər keçirib.
TEREF.AZ yazır ki, AQTA-dan “Şərq”ə verilən məlumata görə, reydlər “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamına uyğun olaraq həyata keçirilib.
Götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Təqdim olunan ət nümunələrindən 241-də uyğunsuzluq aşkarlanıb. Nümunələrdə E.coli, Salmonella, Streptokokk, bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) və anaerob bakteriyaları müəyyən edilib. Həmçinin aparılan müayinələr zamanı istehlakçılara mal və dana əti kimi təqdim olunan bəzi ət və ət məhsullarında at ətinin DNT-si aşkarlanıb. AQTA bəyan edib ki, ölkədə qanuni şəkildə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlak olunması tövsiyə edilmir.
Qeyd edək ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa Birliyi ölkələrində hər il yüz minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxma halı qeydə alınır. Bir faktı qeyd etmək kifayətdir ki, hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxu məhz zoonoz infeksiyaların payına düşür.
Ən təhlükəli zoonoz xəstəliklərindən biri olan Qarayara bir çox kənd təsərrüfatı və vəhşi heyvan növlərinin və insanların təhlükəli, iti septiki xəstəliyi olub, septisemiya, dərinin, bağırsaqların, ağ ciyərin, limfa vəzilərinin zədələnməsi və xəstələnmiş heyvanların ölməsi ilə səciyyəvidir. Xəstəliyə bütün növlərə aid kənd təsərrüfatı heyvanları, həmçinin bir sıra ov heyvanları həssasdırlar. Kolibakterioz xəstəliyi isə bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlarda, həmçinin quşlarda septiki, enterotoksiki və ya enterit formalarda özünü göstərən zoonoz xəstəlikdir. Təhlükəli qida infeksiyalarının törədicilərindən olan Salmonella qida zəhərlənmələrinin əsas törədicilərindən sayılır və heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) bu bakteriya növünün əsas daşıyıcısıdır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvan kəsilməsi və satılması məsələsinin çox ciddi məsələ olduğunu deyib. O, bu problemlə bağlı istehlakçılar tərəfindən AİB-ə ölkənin hər yerindən çoxsaylı şikayətlər edildiyini deyib. Birlik sədrinin sözlərinə görə, insanlar əti necə seçmək, haradan almaq, qiymətin paradoksallığı, ətdən hazırlanan kolbasanın qiyməti ilə bağlı çoxsaylı suallar verirlər:
“Bütün xəbərdarlıq və keçirilən maarifləndirmə işlərinə rəğmən hələ də küçələrdə, yol kənarlarında müstəqil şəkildə ət kəsib satanlar var. Kim harada istəyir, orada da heyvan kəsib, ət satr. Bir sıra xarici ölkələrdə kimsə öz heyvanını kəsərsə, külli miqdarda cərimə olunur. Düzdür, cəza üsulları ilə bazara təsir etmək doğru deyil. Bazar tələb və təklif əsasında işləməlidir. Hər halda biz də hansısa mübarizə üsulu tapıb həyata keçirməliyik ki, sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvan kəsib, ət satan insanlar bunun mümkünsüz olduğunun fərqinə varsınlar”.
E.Hüseynovun sözlərinə görə, bu sahədə müəyyən işlər görülsə də şəhərin mərkəzində belə heyvanların antisanitar şəraitdə kəsilməsi, murdar olmuş heyvan ətlərinin regionlardan şəhərə daşınması müşahidə edilir:
"Mərkəzləşdirilmiş ət kəsimi məntəqələri hələ də tam düzgün işləmir, yenə də yol kənarında, harada necə gəldi ətin kəsildiyini, satıldığını görürük. Şəhərin mərkəzi küçələrində də belə hallara rast gəlinir. Nazirlər Kabinetinin qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər bükülməli və üzərinə buraxılma tarixi, yararlılıq müddəti qeyd olunmalıdır. Lakin bu cür ət satışı həyata keçirilmir".
Eyyub Hüseynov vurğulayır ki, Azərbaycanda heyvanların identifikasiyası məsələsi gündəmdədir. Amma hələ də heyvanların heç 1 faizi identifikasiyadan keçməyib.
Bu işi həyata keçirən Qida Təhlükəsizliyi Agentliyi əgər heyvanların identifikasiya məsələsini həll edərsə, onda ətlər markalanacaq, yəni istehsal edən firmanın adı, nömrəsi, digər rekvizitləri qeyd olunacaq, ətin hansı mənbədən gəldiyi məlum olacaq”.