“Ən təhlükəli ssenari Kremldə hakimiyyətdaxili mübarizədə sərt qərarlar tərəfdarı olan hərbçi “şahinlər”in qalib gəlməsidir. Rusiyada ümumi səfərbərlik keçirilməsini tələb edən qanadın hakimiyyəti ələ keçirməsi risqi var. Bu, bütün dünya üçün ən pis variantdır".
“AzPolitika.info” xəbər verir ki, bunu məşhur “Bellingcat” müstəqil təhqiqatlar təşkilatının rəhbəri, araşdırmaçı jurnalist Xristo Qrozev Ukrayna televiziyasına açıqlamasında bildirib. Onun fikrincə, Putinin birdən-birə deyil, tədricən zəifləməsi və hakimiyyətini itirməsi daha təhlükəsiz variantdır.
Rusiya hakimiyyəti və kəşfiyyat orqanları ilə bağlı ən məlumatlı təhqiqatçılardan sayılan Qrozev qeyd edib ki, hazırda Putinin Ukraynadakı savaşı davam etdirməklə bağlı dəqiq strategiyası yoxdur. Çünki ilk olaraq, bu strategiya 3 gün ərzində Ukraynaya qalib gəlməyə hesablanmışdı. Sonradan bu müddət iki ay hesablandı və yenə uğursuzluğa düçar oldu.
Qrozev deyib ki, hazırda Rusiya hakimiyyətində Putinin Ukraynada apardığı savaş üslubundan narazı qalan və daha aqressiv, radikal qərarlar tərəfdarı olan, hətta Rusiyanı dünya müharibəsinə sürükləyən ciddi qüvvələr var. Putinin ətrafındakı həmin “şahinlər” günlərin birində hakimiyyəti ələ keçirə bilərlər. Təhqiqatçı jurnalist bidirib ki, bu hərbçilərin və digər güc strukturları təmsilçilərinin nüfuzu və təsir imkanları getdikcə artır. Onların himayə etdikləri və hətta Putinə qarşı danışdırdıqları şəxslər var ki, onlardan biri də Donetsk qondarma respublikasının sabiq “müdafiə naziri”, məşhur İqor Strelkovdur (Qirkin): “Bu qanadın cəsarətinin artmasına fikir verin. Onlar Qirkin kimi sözçüləri vasitəsilə Putini daha sərt və açıq şəkildə tənqid etməyə başlayıblar. Onlar getdikcə təkcə “qərar qəbul edilən mərkəzləri”(Kiyevi – red.) deyil, Qərbi də bombalamağı tələb edirlər. Onlar tənqid edirlər, bütün bunları deyirlər, lakin onları həbs etmirlər. Deməli, onların “krışası” var”.
Qrozev Putini devirə biləcək həmin qüvvələrin başında Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin durduğunu bildirib. Hansı ki, bu idarənin nüfuzu və imkanları nazir Sergey Şoyqunun nüfuzunu xeyli üstələyir və lazım gəldikdə onun rəhbərliyində təmsil olunanlar nazirlə də hesablaşmırlar. Qrozev deyib ki, bu qüvvəyə rəhbərlik edən əsas fiqur və hətta özünü Putinin yerində görən şəxs isə hərbi Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-leytenant Vladimir Stepanoviç Alekseyevdir: “O, özünü ali baş komandan rolunda görür”. Jurnalistin fikrincə, Kremldə hərbçilər saray çevrilişi edəcəyi təqdirdə, Putinin yerini məhz Alekseyev tuta bilər.
Göründüyü kimi, çoxları Putinin mümkün varisi kimi Dmitri Medvedevin, Nikolay Patruşevin və digərlərinin adlarını çəksə də, Rusiya hakimiyyətində getdikcə güclənən yüksək ranqlı həbçilərdən və güc strukturları təmsilçilərindən ibarət qruplaşmanın öz namizədi var.
Qeyd edək ki, general-leytenant Vladimir Alekseyev hələ 2011-ci ildən hərbi Baş Kəşfiyyat İdarəsində bu yüksək vəzifəni tutur və ən təcrübəli hərbi kəşfiyyatçılardan sayılır. Ona Suriyadakı “xidmətlərinə” görə Putin 2017-ci ildə məxfi fərmanla “Rusiya qəhrəmanı” fəxri adını və ulduzunu verib. Onun adı hətta ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilədə və seçki sisteminə kiberhücumların təşkilində keçir. Buna görə ABŞ hökuməti bu generalın adını sanksiya tətbiq olunan şəxslər siyahısına salıb. O da maraqlıdır ki, Alekseyev 1961-ci ildə Ukraynanın Vinnitsa vilayətində doğulub və bu gün özünün doğulduğu torpaqların yerlə yeksan edilməsinin, Ukrayna xalqının məhv edilməsinin ən qatı tərəfdarlarından biridir...
C.Məmmədov