Tibbi sığorta adına OYUNBAZLIQ...
“Azərbaycanda icbari tibbi sığorta tətbiq olunduğu zamandan iki mənbədən sığorta ödəyicisiyəm. İki dəfə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi xidmət almaq üçün müraciət etmişəm. Heç birində də xidmət göstərilməyib”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə jurnalist Xalid Kazımov bildirib. O, icbari tibbi sığorta çərçivəsində dövlət xəstəxanalarında göstərilən tibbi xidmətdən narazıdır.

“İyulun 25-də sol qulağımda ağrı hiss etdim. Bir gün sonra ağrı azalmadı və üstəlik eşitməm qismən zəiflədi. İki gün sonra müvəqqəti qeydiyyatda olduğum 15 saylı poliklinikaya müraciət etdim. Həkim qulağımı müayinə etdi və heç nə olmadığını bildirdi”,-jurnalist deyib. Bildirib ki, ağrı azalmadığından avqustun 4-də təkrar poliklinikaya müraciət edib. Daxili qulağın müayinəsinin aparılması üçün özəl xəstəxanalardan birinə göndəriş verilməsini xahiş edib. Poliklinikadan bildiriblər ki, yalnız Məlikov adına Binəqədi Tibb Mərkəzinə göndəriş verə bilərlər. Səhəri gün göndəriş əsasında həmin mərkəzə müraciət edib:

“Müayinə olundum, həkim ağrıya və eşitmə zəifliyinə səbəb olacaq hər hansı problem olmadığını bildirdi. Amma diaqnozun dəqiqləşdirilməsi üçün Respublika Klinik Xəstəxanasına göndəriş verəcəyini bildirdi. Həkimdən qulağın daxili müayinəsi üçün özəl klinikaya göndəriş verilməsini xahiş etdim. Bildirdi ki, onların yalnız dövlət xəstəxanasına göndəriş vermək hüququ var”.

İki gündən sonra ona həkim məzuniyyətdə olduğu üçün göndərişdən imtina edilməsinə dair sənəd təqdim edilib. Şikayətçi TƏBİB-in 1542 “Qaynar xətt”inə dəfələrlə şikayət edəndən sonra yenidən Binəqədi Tibb Mərkəzinin baş həkiminə yönləndirilib və ona təkrar “göndərişdən imtina” verilib.

“Sonra təkrar “qaynar xətt”ə müraciət etdim, bu dəfə Respublika Klinik Xəstəxanasına yönləndirdilər. Orada İcbari Tibbi Sığortaya cavabdeh olan Aysel adlı xanımla görüşdüm. O da cəhd etdi, lakin qulağın daxili müayinəsi üçün mənə özəl klinikaya göndəriş verilməsi mümkün olmadı. Bildirildi ki, vətəndaşa o zaman özəl xəstəxanaya göndəriş verilir ki, bu xidmət dövlət xəstəxanasında olmasın”,-jurnalist qeyd edib.

Respublika üzrə qulağın audimetriyası isə yalnız Respublika Eşitmə Mərkəzində aparılır. Respublika Eşitmə Mərkəzinin hər iki həkimi məzuniyyətdə olduğu üçün və bu müayinə planlı müayinə olduğu üçün pasient həkimin məzuniyyətdən qayıtmasını gözləməlidir.

Xalid Kazımov əlavə edib ki, həkimlərin nə zaman məzuniyyətdən qayıdacağı və müayinəyə nə zaman gələ biləcəyi ilə bağlı rəsmi sənəd istəsə də, ala bilməyib:

“Respublika Klinik Xəstəxanasında qulağın daxili müayinəsi LOR həkimləri tərəfindən icra edilir. Mənə qeydiyyat şöbəsindən Yusifova Fidan Yusif qızının qəbuluna göndəriş verdilər. Həmin gün, yəni avqustun 8-də növbədə 46-cı adam idim. Günün sonunadək müayinə üçün növbəm çatmadığından mənə səhəri gün tezdən gəlməyi tapşırdılar”.

Ancaq bu dəfə də müayinə mümkün olmayıb. Həkim bildirib ki, bu gün o, növbətçi deyil, müayinə üçün qəbz digər həkimin adına dəyişdirilməlidir:

“Qeydiyyat şöbəsinə getdim, onlar isə bildirdi ki, mənim adım sistemdə Fidan həkimin müayinəsi üçün yazıldığından, bu, 21 gün dəyişilə bilməz və məni Fidan həkim müayinə etməlidir. Təkrar Fidan xanımın yanına qayıtdım və məni müayinə etməsini xahiş etdim. Həkim növbətçi olmadığından yalnız öz xəstələrini qəbul edəcəyini bildirib sağollaşdı”.

Kazımov özəl klinikalardan birinə 45 manat ödəməklə müayinə olunub, ona diaqnoz qoyulub. Şikayətçi deyir ki, icbari tibbi sığorta çərçivəsində xidmətlərin səviyyəsini öyrənmək üçün sonadək gedib. İnsanların həkimin qəbulunda sağalmaq ümidi ilə saatlarla növbə gözləməsinin şahidi olub. Xidmətin necə təşkil edildiyini müşahidə etmək ona 13 günə başa gəlib, hərçənd ki, müayinədən keçə bilməyib.

TƏBİB-in mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, onlar məsələni nəzarətə götürüblər:

“Məsələ ilə bağlı Agentlik, TƏBİB və Akademik A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müvafiq struktur bölmələrinə məlumat verilib. Hazırda hər üç qurum tərəfindən məsələ araşdırılır və onun detalları hərtərəfli müəyyənləşdirilməkdədir. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat təqdim olunacaq”.

Dünyapress TV

Xəbər lenti