ABŞ-ın “Reuters” agentliyi “COVİD-lə yaşamaq: pandemiya harayacan gedib çıxa bilər?” başlıqlı məqalə yayıb. Novator.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, koronavirus pandemiyasının üçüncü qışı yaxınlaşdıqca elm adamları heydən düşmüş hökumətləri və əhalini yeni dalğalara hazır olmağa çağırır. Vaşinqton Universitetinin müstəqil modelləşdirmə qrupunun – Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutunun rəhbəri Kris Mörrey “Reuters”ə deyib ki, qarşıdakı qışda təkcə ABŞ-da hər gün bir milyona qədər adam infeksiyaya yoluxa bilər: “Bu göstərici indiki sutkalıq yoluxma sayından iki dəfə çox deməkdir”.
Məqalədə deyilir ki, soyuq aylarda insanlar qapalı məkanlarda daha çox vaxt keçirəcəklər, üstəlik, demək olar, maska taxmayacaq, sosial məsafə gözləməyəcək. Alimlər bunu nəzərə alaraq havalar soyuyanda infeksiyanın bir neçə dalğasının olacağını proqnozlaşdırırlar.
Amma mütəxəssislər virusdan ölənlərin və xəstəxanaya yerləşdirilənlərin sayının yüksək templə artacağına inanmırlar. Səbəb vaksinasiya tədbirləri, virusun yeni variantlarının çox da öldürücü olmaması, eyni zamanda koronovirusdan müalicə səviyyəsinin güclənməsidir.
Kris Mörreyin sözlərinə görə, ən çox risk altında olanlar virusa heç vaxt yoluxmayanlardır: “Amma o da var ki, virusa yoluxmayan elə bir adam qalmayıb”.
“Reuters” yazır ki, bu proqnozları eşidəndə istər-istəməz düşünürsən: görəsən, dünya COVİD infeksiyasının ağır, fövqəladə mərhələsindən haçan qurtulacaq? Görəsən, bu virus nə vaxt yalnız mövsümdən-mövsümə epidemioloji vəziyyəti bir qədər pisləşdirən endemik xəstəliyə çevriləcək?
Məqalədə xatırladılır ki, bir çox ekspert belə bir mərhələyə keçidin 2022-ci ilin əvvəlində başlanacağını düşünürdü: “Ancaq koronavirusun yüksək mutasiyaya uğramış omikron variantı ortaya çıxdı və gözləntilər alt-üst oldu. Potensial təhlükələr hələ qalır. Omikronun hazırda dominantlıq edən alt növlərini üstələyəcək yeni variantların ortaya çıxıb-çıxmayacağı bilinmir.
Dünya Səhiyyə Təşkilatı hesab edir ki, immunitetdən daha çevik yayınmağa, daha ağır xəstəlik törətməyə qabil virus variantlarının ortaya çıxması ən pis ssenari olardı. Qurumun London İmperial Kollecinin modeli əsasında hazırladığı hesabatda vurğulanır ki, yeni variantlarla bağlı bütün ssenarilər gələcəkdə daha böyük epidemiya dalğalarının baş verəcəyinə işarə edir.
“Reuters”ə danışan mütəxəssislərin əksəri COVİD-lə bağlı proqnoz verməyin daha da çətinləşdiyini deyib. Onlar bunu bir çox insanın ev şəraitində aparılan testlərə üstünlük verməsi, aldığı nəticəni rəsmi səhiyyə qurumlarına bildirməməsi, yekunda real vəziyyətin dövlətdən gizlin qalması ilə izah ediblər.
“Reuters” hazırda omikronun dünyanın bir çox yerində yayılmış alt növünün – BA.5-in çox yoluxucu olduğunu vurğulayır: “Bu o deməkdir ki, başqa diaqnozla xəstəxanaya yerləşdirilən xəstələr də sürətlə COVİD-ə yoluxa bilərlər.
Alimlərin proqnoz verməsini çətinləşdirən bir mühüm məqam da odur ki, peyvənd kombinasiyalarının, gücləndirici dozaların, həmçinin əvvəlki yoluxmalar nəticəsində qazanılmış immunitetin adamları qarşıdakı aylarda qoruyub-qorumayacağı bilinmir, həmçinin buster doza kampaniyalarının nə dərəcədə effektli olacağı bəlli deyil.
Mütəxəssislər Avstraliyadakı durumu da çox yaxından izləyir. Bu ölkədə mövsümi qrip COVİD infeksiyası ilə birlikdə xəstəxanaların yüklənməsinə səbəb olub. Alimlər ehtiyat edirlər ki, Qərb dövlətləri sakit keçən bir neçə qrip mövsümündən sonra Avstraliyadakı mənzərə ilə rastlaşa bilər.
Dünya Səhiyyə Təşkilatı bəyan edir ki, hər bir ölkə peyvəndlərdən tutmuş testlərə, sosial məsafə məhdudiyyətlərindən tutmuş maska taxmaq şərtlərinə qədər müdafiə vasitələrindən yararlanmaqla, arsenaldakı bütün tədbirlərdən istifadə etməklə yeni dalğalara hazırlaşmalıdır”.
“Reuters” İsrail Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin rəhbəri Şeron Alroy-Preysin açıqlamasını misal gətirir. Şeron Alroy-Preys bildirib ki, İsrail hökuməti bu yaxınlarda ölkənin beynəlxalq hava limanında səyahət edənlərin COVİD testindən keçmək tələbini dayandırıb: “Ancaq ölkə böyük bir infeksiya dalğası ilə qarşılaşarsa, bu təcrübəni bir neçə gün ərzində bərpa etməyə hazırdır. İnfeksiya dalğası gələndə biz maska taxmalı, testdən keçməliyik. Bu, COVİD-li bir həyatdır”.
Mənbə: Reuters.com