Rənglərin insan psixologiyasına təsiri artıq elmi tərəfdən təsdiqlənib. Fərqində olmasaq da, rənglər psixologiyamıza təsir edə bilir.
Psixoloqlar da rəng seçimlərini insanların xarakteri, əhval-ruhiyyəsi ilə əlaqələndirirlər. Maraqlısı odur ki, Azərbaycanda insanların demək olar ki, yarıdan çoxu qara rəngə üstünlük verirlər. Bu, istər geyim, aksesuar, istərsə də avtomobil seçimində özünü göstərir.
Qara rəngin psixologiyada mənası nələrdir?
Psixoloq Elmir Əkbər Bizim.Media-ya açıqlamasında, ümumiyyətlə, qara rəngə üstünlük verməməyi tövsiyə edib:
“İnsanların qara rəngə üstünlük verməsinin səbəbləri müxtəlifdir. Məsələn, səbəblərdən ən geniş yayılmışlarından biri odur ki, azərbaycanlılar Qafqaz, Şərq xalqı olaraq surətpərəstdir. Hamı istəyir ki, yaraşıqlı görünsün. Yaraşıqlı olmağın vacib yolu da çəkinin qaydasında olmağıdır. Təəssüf ki, belə ləzzətli mətbəxə malik olduğumuz halda əksəriyyət əziyyət çəkməyi, idman edib özünü formada saxlamağı istəmir.
Ona görə də qara rəngli geyimlə artıq çəkisini gizlətməyə çalışanlar da var. Qara rəngi həm də daha münasib və digər rənglərlə həmahəng olduğu üçün büdcəyəuyğun hesab edirlər. Məsələn, siz qara şalvarı istənilən köynəklə geyə bilərsiniz. Hamının imkanı yoxdur ki, hər rəngə və dəbə uyğun rəngdə paltarı olsun. Bu da bir səbəb ola bilər”.
Psixoloqun sözlərinə görə, sözsüz ki, rənglərin psixoloji mənaları və insan psixikasına təsirləri var:
“Ümumiyyətlə, qara sirlilik, qapalılıq, ecazkarlıq, hətta bir çox hallarda eleqant görünüş rəngidir. Lakin etnik olaraq nəinki Azərbaycanda, bir sıra ölkələrdə qara, həm də matəm rəngidir. Ona görə də həddən artıq qara rəngə məruz qaldıqda insan psixikasında məyusluq və bədbinlik arta bilər. Buna görə də mən tövsiyə edərdim ki, insanlar qara rəngə çox da aludə olmasınlar.
Maddi imkanları yer verdiyi qədər rəngarəng geyimlərə üstünlük verməyə çalışsınlar. Hələ təkcə geyim deyil, ev dekoru məsələsində də çoxu qara rəngli interyer detallarından geniş istifadə edirlər. Yaxşı olardı ki, heç olmasa ev interyerinin dizaynında müxtəlif rənglərə üstünlük versinlər”.