"İstilik tükənməsi və istivurma nədir və hansı daha təhlükəlidir?.."

"Bayılma, görmə zəifliyi, şüurun tutqunluğu və bədən hərarətinin yüksəlməsi baş verərsə, dərhal təcili yardım çağırın..."

Bayırda üzücü isti hökm sürür, pis xəbər ondan ibarətdir ki, havanın hərarəti tezliklə daha da yüksələcək. Belə havada bədənimizdə nə baş verdiyini bilmək istəsəniz, bu məqaləni mütləq oxuyun.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Dünyanın bir çox ölkələrində havanın hərarəti artmaqda davam edir və ağlasığmaz rekordlara çatır. Qlobal risklər haqqında Ümumdünya İqtisadi Forumun 2023-cü il üçün məruzəsinə görə, anomal istilik dövrünün, istilik dalğalarının uzanması sağlamlığın pisləşməsi və ölüm riskini artırır. "MailOnline" nəşri güclü istinin insan orqanizminə necə təsir etməsindən yazıb.

Qan damarları

Orqanizm az maye alıb çox itirirsə, susuzlaşma baş verir, bu da qanı qatılaşdırır və onu yapışqan edir. Qan həcminin azalması səbəbindən qan təzyiqi aşağı düşür, bütün bədəndə qan dövranı çətinləşir, bu da trombların yaranmasına və insulta gətirib çıxara bilər.

Əzələlər

Əzələ qıcolmaları həmçinin tez-tez orqanizmin susuzlaşması fonunda baş verir, çünki əzələ sisteminin düzgün fəaliyyəti üçün lazım olan elektrolit və minerallar tərlə birlikdə itkiyə məruz qalır.

Beyin

Susuzlaşma həmçinin beyin həcminin azalmasına gətirib çıxarır, bu da enerjinin səviyyəsini aşağı salır və gündəlik vəzifələrin icrasını çətinləşdirir. Tədqiqatlar göstərib ki, avtomobil qəzaları da daxil olmaqla bədbəxt hadisələr və travmaların sayı isti günlərdə daha yüksəkdir. İsti bir növ beyni dumanlandırır və insanlara dəqiq və aydın düşünməyə mane olur.

Ağ ciyərlər

Quru, isti və çirkli havanın udulması tənəffüs sisteminə zərər vurur, tənəffüs yollarının daralması və sıxılmasına gətirib çıxarır. Belə nəticələr ağ ciyər xəstəlikləri, o cümlədən astma və ağ ciyərlərin xroniki obstrukiv xəstəliyi olanlar üçün xüsusilə ciddi ola bilər.

Topuq və pəncələr

İsti hava həmçinin ətraflarımıza təsir edə bilər. Yüksək hərarət qan damarlarını genişləndirir, bu da mayenin ətraf toxumalara sızmasına və istilik ödeminə gətirib çıxara bilər.

İstilik tükənməsi nə deməkdir?

İstilik tükənməsi adlanan tibbi vəziyyət isti havada, hərarətin Selsi şkalasl üzrə 38-40 dərəcəyə yüksəlməsi zamanı duzların (elektrolitlərin) həddən artıq itirilməsidir. Bu göstərici daha yüksək olarsa, buna istivurma deyilir.

İstivurmanın əlamətləri qrip zamanı yüksək hərarətin əlamətlətinə, o cümlədən zəiflik, güclü tər ifrazı, ürək döyüntülərinin tezləşməsi, qarında ağrılar və baş ağrılarına bənzəyir. Eyni zamanda istivurma daha təhlükəli hesab edilir, çünki şüurun vəziyyətini dəyişir, nəticədə multisistem zədələnmələrinə və ölümə gətirib çıxara bilər.

Hər iki vəziyyətdə, əsasən, yüksək hərarət yüksək rütubətlə uzlaşır, çünki bu halda bədənin tər vasitəsilə soyuma mexanizmi az effektli olur. Yaşlı insanlar, xüsusiə yaşı 75-dən çox olan, habelə bəzi xroniki xəstəlikləri olanlar ən çox riskə məruz qalır.

İsti günlərdə sağlamlığı necə qorumalı?

1. Çoxlu su için. Hətta o qədər də susuzluq hissi olmasa da, mütləq gündə ən azı səkkiz stəkan su için, bayırda hərarət xüsusilə isti olarsa, hətta normadan artıq su içmək arzuolunandır.

2. Mütləq istidən istirahət edin. Əgər seçiminiz yoxdursa, küçədə hər hansı fəaliyyətlə məşğulsunuzsa, kondisioneri, sərinkeşi olan zonanı arayın, yaxud da heç olmasa kölgədə olun ki, dövrü olaraq orada istirahət edib, bununla da istilik tükənməsindən yan keçə biləsiniz. Küçədə olarkən mütləq Günəş eynəklərindən, şlyapalardan və dəri üçün Günəşdən qorunma vasitələrindən istifadə edin.

3. Küçədə məşqlərdən imtina edin. İnanın ki, belə günlər qaçmaq və ya parkda idmanla məşğul olmaq üçün ən yaxşı gün deyil. Məşqlərinizi bayırda hava uyğun olanadək, məsələn, axşam və ya gecə saatlarına keçirin və ya qapalı və kondisionerli otaqda məşq edin.

4. Öz bədəninizə diqqət yetirin. Susuzluğun əsas əlamətləri baş ağrısı, baş gicəllənməsi və ya zəiflikdir. Bu əlamətlər meydana çıxarsa, dərhal istənilən fiziki aktivliyə son verin, daha çox soyuq su için, kölgəli və sərin yerdə bədəninizə istirahət verin. Bayılma, görmə zəifliyi, şüurun tutquluğu və bədən hərarətinin yüksəlməsi kimi daha ciddi əlamətlər meydana çıxarsa, dərhal "təcili yardım" çağırın.
 

Dünyapress TV

Xəbər lenti