Yüksək təzyiq xəstəliyinin təkcə dərman içməklə müalicə olunacağınıza ümid etmək olmaz. Hipertoniyanın 2 əsas müalicə sxemi var.
“Medicina” xəbər verir ki, tanınmış kardioloq Arzu Bəydəmirova təzyiq xəstələrinin müalicəsində vacib məqamları açıqlayıb.
“Birinci müalicə medikamentozdur. Dərmanını iç, amma gecə yuxusu alma, qəhvə iç, energetik içki iç, yağlı yemək yeməyə davam et... Bu müalicənin effekti olmayacaq.
Bir də dərmanların qəbul etmə vaxtı var. Bəzən ola bilər həkimlərin də səhvi olur. Amma çox vaxt biz izah edirik, xəstə əməl etmir. Elə xəstə var, günə 5 dərman içməlidir. Onun birini axşam, birini səhər, birini yeməkdən əvvəl, sonra içməlidir. Bunlara da düzgün riayət etmədikdə, dərmanın effekti olmur.
Məsələn, kardioloji problemli xəstəyə təzyiq dərmanını yeməkdən əvvəl təyin edirik, amma yadından çıxır, yemək yeyir, 15 dəqiqə sonra dərmanı içir. Çoxu gözləyir ki, təzyiq düşəcək. Amma olmur. O dərman maddəsinin sovrulması 50% aşağı düşür. Sonradan xəstələr gəlir ki, dərmanı içirəm, təzyiq düşmür, dəyişək. Halbuki günah dərmanda deyildi”.