Qarabağda separatçılar nəinki mədənləri qanunsuz istismar edirlər, həm də regionun su ehtiyatlarından istifadəyə maneələr yaradırlar. Bu barədə Azərbaycanın “Ecofront” ictimai təşkilatının məlumatında deyilir.
Belə ki, Suqovuşan su anbarına axan çayların məcrası separatçıların nəzarətində olan “Sərsəng” su anbarına yönəldilir.
Əsasən Torağay çayının yuxarı axarında Murovdağın ətəklərində əsas bolsulu qolların üzərində 3 sutoplayıcı qurğu quraşdırıb. Oradan “Sərsəng”ə su çəkilir.
Bununla yanaşı, Suqovuşanda suyun həcmi azalır.
Qarabağın su resursları ən pik vaxtda orada yaşayan təxminən 100 min sakinin ehtiyacları üçün qat qat artıqdır. Ona görə də separatçıların yeganə məqsədi Azərbaycanda su qıtlığı yaratmaqdır.
“Sərsəng”dən Azərbaycana qarşı istifadə olunması beynəlxalq səviyyədə 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası bu məsələ ilə bağlı xüsusi qətnamə qəbul edəndə tanınıb. Belə ki, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının sessiyasının plenar iclasında bosniyalı deputat Militsa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə qəbul edilib.
Bundan əlavə, 20 ildən artıqdır ki, bəndin müntəzəm təmirinin aparılmaması “Sərsəng”i bütün region üçün potensial təhlükəli vəziyyətə salıb, qətnamədə deyilir.
Avropa Şurası Parlament Assambleyasının qətnaməsində mühəndislərin və hidroloqların “Sərsəng” su anbarına çıxışını təmin etmək və yerində ətraflı araşdırma aparmaq üçün Ermənistan Silahlı Qüvvələrinin dərhal çıxarılması tələb olunur.
Bundan əlavə, “Sərsəng” və “Madagiz” bəndlərinin vəziyyətinə, payız-qış mövsümündə suyun buraxılış qrafikinə beynəlxalq nəzarətin vacibliyi qeyd olunur.
Avropa Şurası Parlament Assambleyasının qətnaməsi Ermənistan hakimiyyətini su ehtiyatlarından “siyasi təsir aləti və ya təzyiq aləti kimi” istifadəni dayandırmağa çağırır.
Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq quraqlıq yaratmaq üçün hər yay “Sərsəng”dən gələn suyun qarşısını kəsib, payız-qış aylarında isə əksinə, suvarmağa ehtiyac olmayanda suyu açıb.