Zəngəzur dəhlizi ilə bağlı yeni təklif - İNCƏLƏMƏ
Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Abdülkadir Uraloğlu parlamentin plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi zamanı çıxışında Zəngəzurdan keçən yolun məsələsini qaldırıb:

“Vacib layihələrimizdən biri də Zəngəzur keçididir ki, bu keçidlə Azərbaycan, Mərkəzi Asiya və Uzaq Şərqə birbaşa çıxışımız olacaq”.

Abdulkadir Uraloğlunun bu açıqlaması Zəngəzur dəhlizi məsələsinin Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti üçün əsas prioritet olaraq qaldığını göstərir. Yəni, rəsmi Ankara Türkiyə vasitəsilə Avropa və Çin arasında nəqliyyat-ticarət əlaqəsini təmin edəcək “Orta dəhliz”in Zəngəzurdan keçməklə reallaşmasında maraqlıdır. Türkdilli dövlətlərin xüsusilə “Orta dəhliz”in üzərində yerləşdiyini nəzərə alsaq, Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələlərinin açılması Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada yalnız geoiqtisadi imkanlarının deyil, həm də geosiyasi təsirinin artmasına səbəb ola bilər.

Eyni zamanda, Rusiyanın Avropa bazarlarına çıxış yollarının bloklanması fonunda Türkiyə Şərqlə Qərb arasında əsas tranzit məkana çevrilmək fürsəti qazanıb. Uraloğlunun “vacib layihələrimiz” ifadəsini işlətməsi Zəngəzurdan kommunikasiyaların açılması məsələsinin yalnız Azərbaycanla Ermənistan arasında deyil, Türkiyə -Ermənistan müstəvisində də müzakirə olunduğunu deməyə əsas verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla sentyabr ayında Nyu-Yorkda və noyabrın 7-də Macarıstanda görüşləri Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli müzakirələrin fəallaşmasına təkan vermişdi. Hətta Türkiyə ilə Ermənistanın nəqliyyat və infrastruktur nazirlərinin oktyabrın 16-da İstanbulda keçirilən qapalı görüşü kommunikasiyaların açılacağına dair ümidləri artırmışdı.

Lakin Ermənistanın “Zəngəzur dəhlizi” ifadəsi ilə razılaşmaması hələ də ortaq mövqenin tapılmasına mane olur. Bu baxımdan, Türkiyə regional nəqliyyat-tranzit əlaqələrinin işə düşməsi üçün kompromis variantlar təklif edə bilər. Qeyd edilən kontekstdə Uraloğlunun “dəhliz” əvəzinə “keçid” terminini işlətməsi diqqəti cəlb edir.

Xatırladaq ki, hələ oktyabr ayında Ermənistan mediası Türkiyə tərəfinin Zəngəzur dəhlizi əvəzinə “Orta dəhliz” adlanan razılaşmanın imzalanmasını təklif etdiyini yazmışdı. Lakin Ermənistan “Sülh kəsişməsi” layihəsini ortaya atmaqla Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasından yayınır.

Zəngəzurdan nəqliyyat marşrutlarının açılması isə yalnız 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulub. Ermənistan isə bu öhdəlikdən imtina etməklə yalnız Azərbaycana deyil, həm də Türkiyənin regiona daxil olmasına maneə yaratmağa çalışır.

Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı başqa bir layihənin həyata keçirilməsi üçün yeni formatda, yəni Azərbaycan, Ermənistan və Türkiyə arasında birgə sənədin imzalanması lazımdır. Belə bir razılaşma olarsa, orada Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya marşrutlarının “yol”, “dəhliz”, yoxsa “keçid” adlanacağı danışıqlar zamanı müəyyənləşə bilər. Abdulkadir Uraloğlunun işlətdiyi “keçid” ifadəsi isə daha çox “tranzit” mənasını ifadə edir.

Doğrudur, Türkiyə tərəfi “keçid” deməklə “dəhliz” anlayışından imtina etmir. Çünki dəhliz özü də tranzit məkandır. 10 noyabr Bəyanatı da Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların təhlükəsiz keçidini nəzərdə tutur. Ancaq türkiyəli nazirin “dəhliz” sözünü işlətməkdən yan keçdiyini də görmək olar. Bu isə Ermənistana verilən kompromis variant mesajıdır.

Yəni, Ermənistan Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təmin edərsə, yeni imzalanacaq sənəddə eksterritorial dəhlizin yaradılmasından imtina edən başqa razılaşma öz əksini tapa bilər. Xatırladaq ki, Azərbaycan belə bir variant kimi “Kalininqrad modeli”nin tətbiqini təklif edib. Lakin Ermənistan bunu da qəbul etməyib. Buna baxmayaraq, Uraloğlunun açıqlaması tərəflər arasında ümumi mövqeyin tapılması imkanlarının qaldığını göstərir. Yeganə problem 10 noyabr Bəyanatına görə Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməli olan Rusiya ilə yarana bilər.

Ermənistan-İran sərhədində qoşun yerləşdirmiş və Cənubi Qafqaz Dəmir Yollarının konessiya idarəçiliyinə malik olan Rusiya 10 noyabr Bəyanatından kənar Zəngəzur vasitəsilə nəqliyyat marşrutlarının açılmasına mane olmağa çalışacaq.

Müşfiq Abdulla
“Cebheinfo.az”
 

Bölmənin digər xəbərləri

22 May 2025 “Azad edilən ərazilərdə geniş iş imkanları var” - Sahib Məmmədov
21 May 2025 Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Siyahı
20 May 2025 Növbəti köç karvanı Kəngərliyə yola düşdü
19 May 2025 "Zəngəzur dəhlizi 3-4 il ərzində..." - Türkiyəli nazir
18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”

Dünyapress TV

Xəbər lenti