Ölkəmizin gözəl və səfalı rayonlarından olan Kəlbəcər 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarından birində demişdi: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.
Məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı, onun yürütdüyü siyasətin davamçısı olan Cənab Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirrmişdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları bizə Böyük Zəfər yaşatdı. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.
2020-ci il 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi. Bir daha bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı mərd, qorxmaz, iradəli, dözümlü və vətənpərvərdir.
10 noyabr 2020-ci ildə üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. 2020-ci il noyabrın 15-də Kəlbəcər rayonu, noyabrın 20-də Ağdam rayonu, dekabrın 1-də isə Laçın rayonu Ermənistan qüvvələrinin Qarabağın ərazilərindən çıxarılması və qaytarılmasına səbəb oldu.
Bu gün Kəlbəcər rayonunda ikinci Qarabağ müharibəsindən sonra Ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Eyni zamanda Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimidə təşkil edilmişdir.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.
Ölkə başçısının keçən il imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Qədim tarixi yurd yerimiz Kəlbəcər gündən günə inkişaf edərək daha da öz gözəlliyi, məğrurluğu və mərdliyi ilə mənfur düşmənə göz dağ verir.
Aynur Xəlilova - politoloq