Rusiyadan Ermənistana gözdağı
“Sergey Şoyqu və İlham Əliyev arasında müzakirə mövzularından biri, ehtimal ki, Rusiya biznesinin Dağlıq Qarabağ və ətraf rayonlarda ərazilərin bərpasında iştirakı olub”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Rusiyanın “Vedemosti” nəşri yazıb.

Yada salaq ki, bu ilin yanvarın 22-də imzalanan “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdirilməsinə əlverişli zəmin yaradır.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin reallaşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.

Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Ermənistan cəmiyyətinin əsas revanşist kəsimi Qarabağda tikinti-quruculuq işlərində iştirak edən dövlətlərə qarşı dərhal “müharibə” elan edirlər. Son olaraq Belarus liderinə Qarabağda quruculuq işlərinə qoşulmaq istəklərini bəyan etdikdən sonra Paşinyan səviyyəsində hücumlar edildi. Əlbəttə, İrəvan hakimiyyəti Putinə bu cür hücuma cəsarət edə bilməz. Amma şübhə yoxdur ki, Rusiya şirkətləri Qarabağda “qollarını çırmalayan” kimi, ermənilər də “tumanlarını başlarına atacaqlar”. Mümkündür ki, Rusiya da İrəvandakı anti-Rusiya əhvallı ermənilərin “kefinə belə soğan doğramaq” istəyir...

Deputat Fəzail Ağamalı öncəliklə şimal qonşumuzla Azərbaycanın olan üstün münasibətlərinin vacibliyinə toxundu: “Rusiyanın üç Qafqaz ölkəsi içərisində ən yüksək münasibətlər saxladığı dövlət Azərbaycandır. Bu münasibətlərin indiki səviyyəyə qalxmasında heç şübhəsiz ki, həlledici rol oynayan cənab Prezident İlham Əliyevdir. İlham Əliyevin unikal, ölçülüb-biçilmiş, çoxvektorlu xarici siyasəti dövlət və dövlətçilik maraqlarına indiki zaman kəsiyində cavab verən ciddi şərtdir. Rusiyanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Rusiya 44 günlük Vətən müharibəsində, eyni zamanda 2023-cü ilin antiterror əməliyyatında Xankəndi və onun ətrafında separatçı xunta rejiminin ləğv edilməsində bitərəf qalması, 90-cı illərin Yeltsin Rusiyasından fərqli olaraq Ermənistana hərtərəfli yardım etməməsi bizə imkan verdi ki, ermənilərlə haqq-hesabımızı təkbətək çürüdək. Azərbaycanın bütün parametrlər üzrə Ermənistandan hərbi üstünlüyü nəticəni müəyyənləşdirdi. Rusiya ilə o zamandan başlayan yüksək səviyyəli münasibətlərin müəllifi İlham Əliyevdir. Bu birmənalıdır. Deyərdim ki, bu, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında çox mühüm bir faktor oldu. Bəzi ağzıgöyçəklər hadisələrin gedişini və mahiyyətini obyektiv qiymətləndirməyi ya bacarmır, ya da qərəzli formada qəsdən bunu istəmirdilər və Rusiyanın buradakı sülhməramlı qüvvələrinin əbədi və daimi qalacağı haqqında fantaziyalar uydururdular. Lakin məsələlərə obyektiv yanaşan, İlham Əliyevi yaxşı tanıyan, onun xarakterini, aparmış olduğu siyasətin mahiyyətini yaxşı anlayan hər kəs bilirdi ki, bu müvəqqəti haldır, oradakı separatçı rejim ləğv edildikdən sonra ruslar orada qalmayacaqlar. Belə də oldu. Bu da Rusiya-Azərbaycan münasibətlərinin bir nümunəsi idi. Təbii ki, Rusiya ilə Azərbaycan arasında həm də iqtisadi münasibətlər ənənəvi xarakter daşıyır. Müəyyən çətinliklərə baxmayaraq, Azərbaycanla şimal qonşusu arasındakı iqtisadi münasibətlər demək olar ki, yüksələn xətlə inkişaf edir. Bəzi hallarda problemlər yaşansa da, bu əlaqələr kəsilməyib. Azərbaycan üçün Rusiya bazarı son dərəcə önəmlidir. Bu hər kəsə bəllidir. İndi Rusiyanın Azərbaycana investisiya qoyuluşunu daha da artırması, fəaliyyət göstərən şirkətlərin sayının artması iqtisadiyyatımızın inkişafına ancaq töhfələr verir. Müstəqilliyimizə, iqtisadi müstəqilliyimizə isə heç bir təhlükə yaratmır. İndi verilən məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda Rusiya şirkətlərinin bərpa və quruculuq işlərindəki iştirakları təbii ki, müsbət qarşılanmalıdır. Bu, Azərbaycan-Rusiya münasibətlərinin bugünkü üstün səviyyəsini ifadə etməklə yanaşı, həm də bundan sonrakı münasibətlərdə öz üstün töhfələrini verəcəkdir. Ölkələrimiz arasındakı iqtisadi bağlılıq son dərəcə vacibdir. Rusiya çox böyük bazardır. Bu gün Rusiya Ukraynada Qərblə döyüşüb, ciddi çətinliklər qarşısında qalsa da, bu ölkə nəhəngliyini itirməyib. Təbii ki, Rusiyanın Ukraynaya hücumunu heç vaxt təqdir hesab etməmişəm. Bu gün Rusiya Azərbaycanla sağlam iqtisadi münasibətlər içərisində yer alırsa, bu ancaq dövlətimizin və millətimizin xeyrinə ola bilər. Təbii ki, Kremlin bu gün Ermənistanla yaşadığı əsəbi və gərgin münasibətlərdən fərqli olaraq, Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə getməsi, bunun iki dövlətin də maraqlarına uyğun olması, Qarabağ və Şərqi Zəngəzurda rus şirkətlərinin işləmək istəklərinə şərait yaradılması qətiyyən şübhə etmirəm ki, Ermənistan cəmiyyətini və hakimiyyətini kifayət qədər qıcıqlandırır. Onlar bundan ciddi narahatlıqlar keçirəcəklər. Bu, əlbəttə, Ermənistanın tutduğu yoldur və bu yol Ermənistanı ciddi fəlakətə aparır. Bizim seçimimiz ayrı-ayrı dövlətlərlə yüksək münasibətlər qurmaqdır, onların dost ölkə kimi Azərbaycanın yanında yer almasını vacib hesab edirik. Ölkə rəhbərinin xarici siyasəti də məhz bu müstəvi üzərində qurulub. Heç şübhəsiz ki, bundan sonra da bu siyasət ölkəmizə yeni-yeni uğurlar gətirəcək”.

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli diqqətə çatdırdı ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun ölkəmizə işgüzar səfəri çərçivəsində müzakirə edilən məsələlərin əhatə dairəsi ilə bağlı rəsmi məlumatlarda, mahiyyət etibarilə bütün istiqamətlər öz əksini tapıb: “Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul etdiyi zaman Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğulayıb. Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafını, qarşılıqlı investisiyaları təşviq edən və əməkdaşlığın genişlənməsi üçün hüquqi baza formalaşdıran çoxsaylı sənədlər imzalanıb. Şübhəsiz ki, iki ölkə arasında 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Azərbaycan-Rusiya münasibətlərini qarşılıqlı faydalı əməkdaşlığın ən üst səviyyəsinə yüksəldib. Sözügedən bəyannamənin 24-cü maddəsində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər. İqtibas gətirdiyim maddədən də göründüyü kimi, Azərbaycanla Rusiya digər istiqamətlərlə yanaşı, qarşılıqlı sərmayələrlə bağlı münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduqlarını bəyan ediblər. Bu baxımdan, Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmələrində, bütövlükdə ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə yatırmalarında qeyri-adi heç nə yoxdur. Əgər həqiqətən də Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq-bərpa işlərində iştirakı barədə müzakirələr aparılıbsa, bu, tamamilə təbii qəbul olunmalıdır və hər hansı bir üçüncü tərəfin bu kimi məsələlərdən əndişələnməsi tamamilə yersizdir. Məlum olduğu kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib və bununla bağlı, hətta Avropa İttifaqı platformasında qəbul edilən rəsmi bəyanatı imzalayıb. Digər tərəfdən, Azərbaycanın azad edilmiş əraziləri, hətta işğal dövründə belə beynəlxalq səviyyədə Azərbaycan Respublikasının suveren əraziləri kimi tanınıb. Əgər Rusiya şirkətləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin hər hansı bir hissəsində, o cümlədən Qarabağ və Şərqi Zəngəzur rayonunda həyata keçirilən quruculuq-bərpa işlərində iştirak edəcəklərsə, düşünürəm ki, belə bir ehtimal çoxdur, o zaman bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunmalıdır. Əslində bu gün ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən narahatlıq keçirən və təxribatçı davranışlarından əl çəkməyən ölkələr, beynəlxalq hüquqa, humanizm və ədalət prinsiplərinə azacıq dəyər versəydilər, o zaman vandal Ermənistana deyil, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edən ölkələrin fəaliyyətlərini təqdir etməliydilər. Təbii ki, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində təbii sərvətlərimizin qanunsuz olaraq, istismarında iştirak edən, beynəlxalq iqtisadi cinayətlər törədən şirkətlərin mənsub olduqları ölkələrdən ədalətli və ləyaqətli davranış gözləmək mümkün deyil.

Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində quruculuq-bərpa işlərində iştirak edəcəkləri təqdirdə “ermənilərin tumanlarını başlarına çəkəcəkləri” ehtimalına gəldikdə isə, düşünürəm ki, bundan narahat olmağa dəyməz. Çünki onların “tumanları hər zaman başlarında olub”. Bu baxımdan yeni bir hadisə baş verməyəcək".

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama
28 Oktyabr 2024 Bərdənin üçüncü dəfə raket atəşinə tutulmasından 4 il ötür

Dünyapress TV

Xəbər lenti