“Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Füzulidə hər şey gözəl olacaq”.
“Report” xəbər verir ki, bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Tahir Abbasov deyib. “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram. O vaxt uşaq olsam da, hər şeyi xatırlayıram. Düzdür, bizə dövlət tərəfindən qayğı və diqqət göstərilib. Amma doğma Füzuliyə qayıtmaq illərin arzusudur. Qısa müddətdə bizim üçün yeni binalar inşa edilib, bütün infrastruktur yaradılıb. 31 ildən çoxdur davam edən həsrətimiz bitir”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülür. İndiyədək Füzuli şəhərində 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.