“Ermənistandan son günlər səslən mesajlar onu göstərir ki, 5 apreldə keçirilən Brüssel görüşü proseslərə mənfi təsir edib. İrəvan bu xüsusda ritorikasını bir qədər sərtləşdirib. Erməni rəsmilərinin açıqlamaları ona dəlalət edir ki, İrəvan sülh prosesində heç də maraqlı deyil. Hətta qapalı danışıqlarda Qazaxın anklav olmayan 4 kəndinin də qaytarılmasının gündəmdə olmadığı bildirildi”.
TEREF bildirir ki, bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
O qeyd edib ki, Ermənistan tərəfindən verilən açıqlamalar gərginliyin artmasına xidmət edir:
“Paşinyan Qazaxın 7 kəndinin Ermənistana aid olmadığını açıqlasa da, şərti sərhəddə gərginlik, təxribatlar davam edir. Qubadlı istiqamətində olan təxribat nəticəsində Azərbaycan hərbçisi yaralandı. Sözsüz ki, gərginlik irimiqyaslı toqquşmaya çevrilməyəcək. Yaxın dövr üçün genişmiqyaslı hərbi toqquşmanın olması ehtimalı azdır”.
Politoloq hesab edir ki, şərti sərhəddə gərginlik qalacaq:
“Çünki sülh sazişi imzalanmayıb, delimitasiya və demarkasiya aparılmayıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliyi icra etməyib. Eyni zamanda dəqiq mina xəritələri Azərbaycana təqdim olunmayıb”.
Oqtay Qasımova görə, 5 apreldən sonra Ermənistan tərəfindən təxribatların davamlı olması gözlənilir:
“Azərbaycan prosesləri ciddi şəkildə izləyir. Təhlükələr ciddi şəkil aldığı zaman Bakı adekvat tədbirlər görəcək. Brüssel görüşündən sonra gərginlyiin artmasında Qərbin də rolu böyükdür. Qərb Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirdisə, 5 aprel görüşünə qədər Ermənistandan iki məsələ ilə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edə bilərdilər. İlk növbədə Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması tələb olunmalı idi. Eyni zamanda Qərb Ermənistandan mövcud qanunverciliyini, konstitusiyasını dəyişmək tələbi qoyula bilərdi. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Həmçinin Qarabağ Ermənistana birləşdirilmiş şəkildə təsbit olunub. Yəni Paşinyanın dediyi 29,8 min kv km deyil, 34,4 min kv. km kimi qeyd edilib. Bunlar aradan qalxmayınca gələcəkdə yeni hərbi qarşıdurmalar üçün zəmin yaranacaq”.