Nə qədər dedim yazmayım, axır dözmədim. Hara fırlatsan, necə malalasan da baş verən hadisə cəmiyyətdə böyük rezonans yaradıb və nöqtə. Adətən bir gün müzakirə olunmalı olan bu cür hadisələr, günlərlə gündəmimizi zəbt edir.
Daha polkovnikə paxıllıq etməyən, “gör özünə necə şərait qurub”, “adamdakı fərasətə bax, biz bir MAXE-dən, gizirdən tapmırıq, adam mayorla eşq yaşayır”, “polkovnikin heyətində hər kəsdən var, rütbəli xanımlardan tutmuş, adi vətəndaşa qədər”, “adamın yaşayışına bax” kimi sözlər deməyən qalmadı.
Yəni ki, müzakirənin ikinci gününü eyni şövqlə, eyni həvəslə yaşayırıq. Yayılan məlumatlara görə “Polkovnik” serialının artıq 18 bölümü ictimaiyyətə təqdim olunub. Görək bu axşam “ana xəbərdən” sonra efirə nə veriləcək? Maraqlısı odur ki, polkovnik özü neçə bölüm çəkib?
Açığı buna oxşar hadisəni iki “ağsaqqalımız”ın simasında və ifasında görmüşdük. Bəli, bəli. Yadınıza salıram, biri Mirələmov, o biri də Göyüşov.
Birinci hadisə, sabiq deputat, Mirələmov kamera qarşısında nəvəsi yaşında olan köməkçisinin ombasını sığallayır, sonra da and-aman edir ki, xəbərim yoxdur. O biri hadisə də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun pornoqrafik videosunun yayılması idi. Səs-küy oldu, amma tez yatdı.
Amma dünən polkovnikin “işdə sevgi macərası” filmi isə gündəmə bomba kimi düşdü. Heç Sürməlidə yanan bazar bu qədər müzakirə olunmadı.
Sosial şəbəkə istifadəçilərinin polkovnikin “yaradıcılığını” əks etdirən video və fotolarını bəh-bəhlə bir-birinə internet üzərindən göndərməsi, məhz bu fövqəladə hadisəyə görə bir gecəyə yaradılan “Telegram” kanallarının onminlərlə izləyici toplaması da bundan xəbər verir. Bir də ondan xəbər verir ki, başqasının şəxsi həyatı bizə çox maraqlıdır. Amma digər tərəfdən baxsaq FHN-də, dövlət qurumunda, iş otağında və ya kabinetdə rütbəli şəxslərin yaşadığı “action”a şəxsi həyat demək də olmur...
Nədir bu? Nahar fasiləsimi? Asudə vaxtın səmərəli keçirilməsimi? Yoxsa əməkdaşlar arasında korporativ münasibətlərin istiləşməsimi? Ümumiyyətlə düşünürəm ki, korporativ münasibətlər, kollektiv üzvləri arasında münasibət səmimi olduqda işlər daha operativ həll olunur. Qarşıya qoyulan məqsədlərə də daha tez çatılır. Amma FHN-də qəribə hadisələr baş verir.
İki gündür gündəmi zəbt edən hadisənin maraqlı tərəfi odur ki, otağında baş verənləri videoya polkovnikin özü çəkib. Hansı məqsədlə? Daha sonra qadınları şantaj etmək üçünmü? Yoxsa, soyuq qış gecələrində xoş xatirələrə dalmaq üçünmü? Yoxsa FHN-də belə bir qanun var ki, baş verənlər mütləq şəkildə qeydə alınmalıdır? Allah tərəfi deyək ki, qadınları heç kim zorlamır, “romantik anlar” yaşamağa məcbur olunmurlar. Hər biri öz istəyi ilə korporativ münasibət yaşayıb. Maraqlısı həm də budur ki, niyə 2014-2015-ci illərə aid olan arxiv videolar məhz 2022-ci ildə meydana çıxır? Bizim başımızı niyə kimlərsə bu videolarla qarışdırır?
Bir faktı da nəzərə alaq ki, iş yerində “eşq” yaşayan kifayət qədər insanlar var. Evli olanı da, olmayanı da. Heç kimə sirr deyil ki, şirkət rəhbərləriylə eşq yaşayan katibələr geniş yayılmış nümunədir. Və ya sürücüsü ilə eşq yaşayan qadınlar da az deyil. Habelə, iş yerində daha üst səviyyədə çalışan, qazancı olan kişilərlə də böyük məmnuniyyətlə eşq yaşayan qadınlar da az deyil. O zaman, bildiyimiz hadisələrə niyə belə reaksiya veririk?
Bəyəm bu kimi korporativ münasibətlər ancaq FHN-də yaşanır? Əmisiniz ki, başqa heç bir dövlət qurumunda nahar fasiləsində, və ya “iclas” adıyla işdən sonra qalıb “dövlət əhəmiyyətli məsələləri” müzakirə etmək üçün kabinetdə qapını açara vuranlar yoxdur? Yəni heç bir agentlikdə, məktəbdə, ali-məktəbdə belə hadisələr yaşanmır?
Əgər əmin deyiliksə o zaman bu nədir? Tutulmayan oğru deyil?
Bəs cəmiyyətin bu məsələyə əsl münasibəti necədir? Gəlin bir qədər səmimi olaq, “mənim qızımı filan rayonun rəisi saxlayır” deməklə fəxr edənlər də az deyil. Hətta arvadının kiminlə eşq yaşadığını bilən kişilər də az deyil. Onların bəhanəsi də maraqlıdır. Məsələn “arvadı rəis saxlayır, arvad da bizi” ifadəsi də geniş yayılandır. Ümumiyyətlə son dövrdə cəmiyyətin bir qisminin asaram-kəsərəm ritorikasının altından çıxan yeni davranış modeli peyda olub ki, bu məni polkovnikin serialından daha çox maraqlandırır, daha çox narahat edir.
Niyə cəmiyyətin müəyyən qismində mənəvi dəyərlər tamamən itib? Niyə ayıb, günah hesab olunan addımlara indi min cür don geyindirilərək mədh olunur?
Əvvəllər məşuqəsi olan kişilər bunu maksimal dərəcədə gizli saxlayardılarsa, indi bunu açıq şəkildə, bəzən nümayişkaranə ifadə edirlər. Söhbət evli kişilərdən gedir.
Əvvəl evli kişilər sevgi yaşamaq üçün hansısa qadına yalan danışaraq, guya subay olduğunu bildirirdisə, indi buna ehtiyac yoxdur. Evli kişilərlə rahatlıqla münasibətə girən qadınlar heç də az deyil.
Əvvəllər sevgilisi olan ərli qadınların sayı tək-tük idisə, indi elə bil bu normaya çevrilib.
Əslində isə bu videolar var ha, sehrbazın papaqdan çıxardığı dovşanlara oxşayır. Başımızı qatırlar, amma niyə? \\Oxu.az