İstanbulun Beykoz rayon prokurorluğu 2009-cu ildə "Miss Globe Türkiye" seçilən model Banu Öztürkə qarşı Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə istintaq başladıb. Yeniavaz.com NTV kanalına istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan Öztürk polis bölməsinə aparılıb. Prezident Rəcəb Tayyib Ərdoğanı və dövlət rəsmilərini təhqir etdiyi iddia edilən keçmiş model Beykoz Prokurorluğunun göstərişi ilə saxlanılıb. Polislər evinə gələndə kamera qeydini açan Öztürk, aşağıdakı ifadələri işlədib: "Məni həbs etmək üçün qapımı sındıracaqlar. Prezidentə təhqir etdiyim üçün oruc vaxtı qapıma gəlib məni aparmağa çalışırlar". Qeyd edək ki, Banu Öztürk 7 mart 1985-ci ildə anadan olub. Florida Beynəlxalq Universitetində təhsil aldıqdan sonra ABŞ-də teatr, musiqi və rəqs sahələrində təhsilini davam etdirib. 2009-cu ildə "Miss Globe Türkiye" kraliçası seçilən Öztürk, aktyorluq karyerasında "Avrupa Yakası", "Adanalı", "Derman", "Geniş Ailə", "Şen Yuva" və "Güzel Çirkin" kimi məşhur seriallarda rol alıb. 2014-cü ildə iş adamı İsmail Akay ilə ailə quran Öztürkün bu evlilikdən bir oğlu var. Cütlük 2017-ci ildə boşanıb. Maddi çətinliklər səbəbindən Öztürk bir müddət qadın sığınacağında yaşayıb.