"Qarabağ müharibəsi şəhidləri, qaziləri, müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləridir"
DİA.AZ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin Hafta.az-a müsahibəsini təqdim edir:

- Musa müəllim, məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Belə ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu addımın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, hökumət tərəfindən müharibə əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər insanlar üçün daha hansı dəstək proqramları nəzərdə tutulur?

- Qarabağ müharibəsi şəhidləri, qaziləri, müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləridir. Onlara həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən yüksək səviyyədə qayğı və diqqət göstərilir. Azərbaycan qanunvericiliyi ilə bu kateqoriyadan olan insanlara bir sıra güzəşt və imtiyazlar müəyyən edilib. Eyni zamanda, cənab Prezidentin Fərman və Sərəncamları ilə onların pensiya təminatı, müavinət və təqaüd təminatı yüksək səviyyədə həyata keçirilir. Qarabağ qaziləri və şəhid ailələri üzvləri ən yüksək Prezident təqaüdü və pensiya ilə təmin olunmuşlar. Bu qəbildən olan insanlara bir sıra aktiv və passiv sosial müdafiə tədbirləri nəzərdə tutulub və ardıcıl olaraq həyata keçirilir. Həmin tədbirlərdən də biri bu yaxınlarda cənab Prezidentin Sərəncamı ilə artıq həyata keçirilməyə başlayan Birinci Qarabağ müharibəsi qazilərinin sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır. Məlumdur ki, Birinci Qarabağ müharibəsi bitəndən sonra həmin dövrdə şəhid olanlar üçün 11 min manat sığorta haqları ödənilmişdi. O proses bitənə yaxın artıq Vətən Müharibəsi başladı. Vətən Müharibəsi şəhidlərinin və qazilərinin də problemlərinin həlli istiqamətində dövlətin xeyli büdcə yükü yaranmışdı. Lakin buna baxmayaraq Birinci Qarabağ müharibəsində qazi olan, sağlamlığını itirən və əlillik dərəcəsi alan insanlara da dövlətin qayğısı olaraq I dərəcə əlilliyə görə - 8 800, II dərəcə əlilliyə görə - 6 600, III dərəcə əlilliyə görə - 4 400 manat olmaqla sığorta ödənişi həyata keçirilməyə başlanmışdır. Bu da cənab Prezidentin sözügedən qəbildən olan insanlara yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Demək olar ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi qazilərinin və şəhidlərinin mənzil təminatı da yüksək səviyyədə həyata keçirilir. Artıq 2014-cü ilə qədər növbəyə duran şəhid ailələri və qazilərin hamısı mənzillə təmin olunub. Eyni zamanda, İkinci Qarabağ müharibəsi şəhid ailələrinin hamısına artıq mənzillər verilib. Birinci Qarabağ müharibəsi qazilərinin isə 2024-cü ilə qədər hamısının mənzillə təmin olunması barədə cənab Prezident göstəriş verib və hal-hazırda bu proses davam edir. İndiyə qədər ehtiyacı və tibbi göstərişi olan 7500-dən çox Qarabağ müharibəsi qazisinə minik avtomobilləri verilib ki, bunların da böyük əksəriyyəti Birinci Qarabağ müharibəsinin qaziləridir. Matorlu araba və ən yüksək səviyyədə, yəni, dördüncü nəsil rəqəmsal texnologiyalar əsasında işləyən protezlərlə təminatda da həm Vətən Müharibəsi, həm də Birinci Qarabağ müharibəsi qaziləri bu qayğı ilə əhatə olunmuşdur. Onların övladlarının təhsil haqlarının özəl ya dövlət universitetlərində oxumaqlarından asılı olmayaraq dövlət tərəfindən ödənilməsi, güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə torpaq sahələrinin ayrılması, kiçik biznes qurmaq məqsədilə istər Sahibkarlığa Kömək Fondundan güzəştli şərtlərlə biznes kreditləri verilməsi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq proqramına növbədənkənar cəlb olunması və ilk növbədə təmin olunması, sanatoriya, kurort müalicəsi, ölkə daxilində müalicəsi olmayanların xaricə göndərilməsi və dövlət büdcəsi hesabına müalicəsinin təmin edilməsi və digər sosial müdafiə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Və bu cənab Prezidentin, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu qəbildən olan insanlara qayğısının, diqqətinin nünunəsi olaraq bütün Azərbaycan cəmiyyətinə bir mesajdır ki, həmin insanlar bizim torpaqlarımızın işğaldan azad olunmasında, Vətənimizin qorunmasında, ərazi bütövlüyünün təmin olunmasında həyatlarını, sağlamlıqlarını itiriblər, xəsarət alıblar. Və cəmiyyətin hər bir üzvü də bu insanlara yüksək qayğı göstərməlidir. Yəqin ki, bu proses davam edəcək və bundan sonrakı dönəmlərdə də həmin insanların istər pensiyalarının, müavinət, təqaüdlərinin artırılması, istər mənzil-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də iş yerləri ilə təmin olunması istiqamətində dövlətin siyasəti davam edəcəkdir.

- Hazırda digər ölkələr kimi Azərbaycanda da sürətli inflyasiya prosesi gedir. Hökumətin antiinflyasiya tədbirlərini nə dərəcədə effektli hesab etmək olar? Sizcə, bu istiqamətdə əlavə olaraq daha hansı addımların atılmasına ehtiyac var?

- Hesab edirəm ki, hökumətin antiinflyasiya tədbirləri öz nəticələrini verməkdədir. Artıq proqnozlaşdırılan kimi inflyasiyanın artım sürəti aşağı düşüb və ilin ikinci yarısında və ilin sonuna qədər inflyasiyanın daha aşağı tempdə olacağı gözlənilir. Buna görə də ərzaq məhsullarının, xidmətlərin qiymətinin artımı ilə əlaqədar hökumətin gördüyü tədbirlər, atdığı addımlar o cümlədən əmək haqlarının, təqaüdlərin artırılması, pensiyaların məbləğinin artırılması istiqamətində görülən işlər bundan sonra da davam edəcək. Əgər ehtiyac yaranarsa belə bir dövlət proqramı da qəbul oluna bilər. Və yaxud da cənab Prezidentin Sərəncamı ilə müvafiq qurumlara tapşırıqlar da verilə bilər. Xatırlayırsınızsa, ötən ilin oktyabrın 16-da ölkə Prezidentinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi və inflyasiya şəraitində vətəndaşların sosial rifahının qorunması” ilə bağlı Sərəncamı olmuşdu. Həmin Sərəncama müvafiq olaraq bu ilin əvvəlindən əmək haqlarının artırılması, pensiya, təqaüd və digər sosial ödənişlərin artırılması baş vermişdir. Amma hələlik proseslər hökumətin nəzarəti altındadır və hökumətin ilin sonuna qədər verdiyi proqnozlar özünü doğruldur. Və inflyasiyanın orta məbləği təxminən 12-13 faiz olacağı gözlənilir.

- İnflyasiya fonunda minimum əməkhaqqı və pensiyaların yenidən artırılması gündəmdədirmi?

- Azərbaycan qanunvericiliyinə görə, minimum əməkhaqqı ildə bir dəfə dövlət büdcəsi müzakirə olunarkən yaşayış minimumuna uyğun olaraq nəzərdə tutulur. Eyni zamanda, ehtiyac meyarı da həmin dövrdə qanunla müzakirə olunur. Hələlik bu məsələ gündəlikdə deyil. İstər yaşayış minimumunun, istər ehtiyac meyarının artırılması məsələsi yəqin ki, payızda dövlət büdcəsi müzakirə olunarkən gündəmə gələ biləcək.

- Son günlər ölkədə koronavirusa yoluxanların sayı yenidən artır. Belə fikirlər var ki, payızda təkrar karantin rejimi tətbiq oluna bilər. Sizcə, yoluxma tendensiyası bu şəkildə davam edərsə yenidən sərt karantin barədə qərar qəbul oluna bilərmi?

- Təəssüf ki, bütün dünyada koronavirus pandemiyası hələ də davam edir. Azərbaycanda da son ay ərzində yoluxma hallarının artması müşahidə olunur. Düzdür, indi yoluxmaya səbəb olan geniş yayılmış omikron ştammı nisbətən yüngül keçir, fəsadları azdır, ölümə nadir hallarda rast gəlinir. Amma bu heç birimizi arxayın salmalı deyil. Hesab edirəm ki, vaksinasiya prosesi bundan sonra da davam etməlidir. Payızda soyuqların düşməsi ilə əlaqədar olaraq hansı tədbirlərin görülməsini də yəqin ki, Operativ Qərargah özü müəyyən edəcəkdir.

Dünyapress TV

Xəbər lenti