Son günlər ölkəmizə qarşı Qərbdən gələn təzyiqlər artmaqdadır. Ekspertlər iddia edir ki, bu təzyiqlər Rusiya faktorunu kənarda qoyub.
Sual yaranır: Qərbdən Azərbaycana gələn təhlükə və təzyiq fonunda Rusiya amili hansı rolu oynayır? Rusiya amili Azərbaycana münasibətdə tamamən neytrallaşıb? Bundan başqa, Vaşinqtonun Bakıya hücumu nə zamana kimi davam edəcək?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyovun fikrincə Rusiya hazırda “mələk” kimi görünür.
Politoloq Rusiyadan gələn təhlükə amilinin unudulmadığını qeyd edib:
“Mümkündür, hansısa ekspertlər bu barədə danışmırlar, nəsə demirlər. Lakin rəhbərlik səviyyəsində Azərbaycanın xarici siyasət idarəsi, fərqli qurumlar, həmçinin hökumət Azərbaycana qarşı Rusiya və müxtəlif ölkələrdən gələn təhlükədən xəbərdardırlar. Onlar həmişə Azərbaycanın maraqlarının keşiyindədirlər. Razıyam ki, son vaxtlar ABŞ-ın ölkəmizə qarşı təzyiqləri fonunda Rusiya “mələk” kimi görünməyə başlayıb. Amma bu, bəlkə də, sadə insanlara yönələn bir siyasətdir. Hamımız başa düşürük ki, burada əsas məqsəd Azərbaycan-ABŞ münasibətləri fonunda Azərbaycanı və onun əhalisini ruspərəst etmək, Rusiyaya daha da yaxınlaşdırmaqdır”.
V.Əlibəyov deyib ki, Azərbaycana qarşı Qərblə bərabər, Rusiyadan da təhlükə var:
“Yalnız Rusiyadan və ya Vaşinqtondan yox, ümumiyyətlə, hər hansı bir ölkədən Azərbaycana qarşı təhlükə mövcuddur. Çünki həmin ölkələrin maraqları bunu tələb edir. ABŞ-ın Bakıya hücumunun nə zamana kimi davam edəcəyi məsələsinə gəlincə, məncə, bunu tək Amerikaya bağlamayaq. Ümumiyyətlə, Azərbaycana qarşı Avropa ölkələri tərəfindən də təzyiqlər var. Bu, Azərbaycan müstəqil siyasət yürütməyə davam etdikcə belə olacaq”.
Politoloqun sözlərinə görə, Azərbaycan nə qədər ki, heç kəsdən asılı olmayaraq öz siyasi xəttini yürüdəcək, o qədər də xarici və böyük dövlətlərə, güc mərkəzlərinə sərf etməyəcək:
“O dövlətlər ölkəmizin onlara xidmət etməsi üçün əlindən gələni edəcəklər. Lakin biz öz haqq yolumuzdan dönməyəcəyik. Azərbaycan müstəqilliyini ona görə qan bahası ilə əldə etməyib ki, indi də çox asanlıqla onu kiməsə bəxşiş etsin. Azərbaycan müstəqil, özünü təmin edən və beynəlxalq arenada təsdiq etmiş bir dövlətdir. O baxımdan da nə qədər ki, Azərbaycan öz siyasətini davam etdirəcək, təzyiqlər də olacaq. Buna normal yanaşmaq lazımdır. Təzyiqlər varsa, deməli, biz hər şeyi düz edirik. Təzyiqlər varsa, Azərbaycanın müstəqil siyasəti var və bu, kimlərisə qane etmir. Əgər bizim siyasət hər kəsi qane etsə idi, onda Azərbaycanın özünü qane etməzdi”.