Yaxın Şərqdə baş verən hadisələr fonunda “kürd kartı”nın yenidən ortaya atıldığı iddia olunur. Xüsusilə ABŞ və Qərbin regionda kürd dövləti qurmaq planını aktivləşdirdiyi deyilir.
Bu məsələnin məhz türk birliyi, Turan ideyasına qarşı ortaya atıldığına dair səsləndirilən fikirlər xüsusi diqqət çəkir. Son zamanlarda Türkiyədə bəzi kürd vətəndaşların aksiyaları, separatçı qrupların aktivləşməsi, “müstəqil dövlət” çağırışları, həmçinin tanınmış xarici qonaqların onların sıx yaşadıqları bölgələrə səfəri iddiaları gücləndirir. Bəzi ekspertlərin fikrincə, bu yolla ilk olaraq Türkiyənin zəiflədilməsi, daha sonra isə türk birliyinin parçalanmasının planlaşdırıldığı bildirilir.
Kürd məsələsi sadəcə Türkiyəyə, yoxsa bütün türk dünyasına qarşı gedişdir? Bu mövzuya türk-müsəlman, eləcə də İranın, ərəb ölkələrinin reaksiyası necədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Suriyada çox ciddi proseslər baş verir:
“Bu ölkədəki hadisələrlə Yaxın Şərqdə faktiki olaraq üçüncü dəfə zəlzələ effekti oldu. Birincisi, HƏMAS-İsrail müharibəsi, ikincisi “Hizbullah”-İsrail qarşıdurması idi.
Görünən odur ki, dünyanı yenidən bölüşdürən qüvvələr, o cümlədən, ABŞ Yaxın Şərqə xüsusilə diqqət ayırır. Düşünürəm ki, Yaxın Şərqdə vəziyyət daha da gərginləşərsə, buna uyğun olaraq Şərqi Avropada vəziyyət nisbətən sabitləşə bilər”.
K.Novruzovun sözlərinə görə, Qərb, həmçinin ABŞ Türkiyə üçün növbəti təzyiq mexanizmi yaratmaq istəyir:
“Amma rəsmi Ankara buna icazə verməyəcək və öz təhlükəsizliyi üçün hər şeyi edəcək. Həm Türkiyənin, həm də İranın Suriyaya qoşun göndərməsi mümkündür. Hərçənd tələsik addım atılmayacaq. Bundan əvvəl Ankara-Moskva-Tehran xəttində üçtərəfli məsləhətləşmələr baş tutacaq”.