b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_92c73abb2cd74335d9c74d2c49fe7620.jpg
 

Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdədir və burada dünya liderləri ilə iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərini müzakirə edir. Prezident Yakov Milatoviç AZƏRTAC-a eksklüziv müsahibəsində Monteneqro ilə Azərbaycan arasında, xüsusilə iqtisadi inkişaf və yaşıl iqtisadiyyata keçid sahələrində güclənən əməkdaşlığı vurğulayıb. Onun səfəri Monteneqronun qlobal iqlim tədbirlərinə sadiqliyini və Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirmək istəyini əks etdirir. Prezident Yakov Milatoviçin müsahibəsini təqdim edirik.

-Cənab Milatoviç, Azərbaycan hazırda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edir. COP29-dan gözləntiləriniz barədə fikirləriniz maraqlı olardı.

-İlk növbədə qeyd etmək istəyirəm ki, COP29-da iştirak etməkdən ötrü Azərbaycanda olmaqdan çox məmnunuq. Azərbaycanı bu il COP-u təşkil etməsi münasibətilə təbrik etmək istəyirəm; tədbir çox yaxşı təşkil olunub. Bu zirvə görüşü xüsusilə kritik dövrə təsadüf edir. Son vaxtlar BMT-nin qurumları qlobal temperaturun artdığını və 2024-cü ilin rekord dərəcədə ən isti il olmağa doğru irəlilədiyini göstərən məlumatlar yayımlayıb. Bu məlumatlar, bildiyiniz kimi, qlobal istiləşmə kontekstində, xüsusən karbon emissiyaları ilə bağlı olduqca narahatedicidir. Qlobal icma olaraq hamımız birlikdə hərəkət etməli, xüsusilə 2015-ci il Paris Sazişinə əməl etmək üçün bütün səylərimizi birləşdirməli və iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq.

İqlim dəyişikliyi bəlkə də bu gün dünya qarşısında duran ən böyük çağırışlardan biridir və həqiqətən də yalnız kollektiv səylərlə həll edilə biləcək qlobal məsələdir. Bu səbəbdən dünya liderlərini hər il bir araya gətirmək və ortaq öhdəliklərimizi bir daha təsdiqləmək vacibdir. Bildiyimiz kimi, dünyanın ən böyük ölkələri həm də ən böyük karbon emissiyaçılarıdır. Hər bir ölkə, o cümlədən Monteneqro və Azərbaycan bu məsələdə öz öhdəliyini nümayiş etdirir. Hər il təkcə əldə etdiklərimizi bölüşmək üçün deyil, həm də dünyanın ən təcili problemini həll etmək üçün birgə gündəmimizi yeniləmək və gücləndirmək üçün toplaşırıq.

2024_11_13_6734f424150f8.jpeg

Bu ilin zirvə görüşündə verilən digər vacib mesaj isə sülhə çağırış oldu. Dünyanın bir çox yerində münaqişələrin davam etdiyinin və dünya üzrə son onilliklərin ən yüksək səviyyəsində olduğunun fərqindəyik. Sülhə sadiqlik olmadan davamlı inkişafa əsl sadiqlik ola bilməz. Bir çox liderin çıxışlarında sülh çağırışları etdiyini eşitdim. Bu sülh çağırışı həm də Monteneqronun dünyaya çağırışıdır.

-Artıq məlum olduğu kimi, COP29 iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunub. Sizin fikrinizcə, COP29 və Azərbaycan bu məsələyə necə töhfə verə bilər?

-Hamımız, xüsusilə uyğunlaşma üçün maliyyələşmənin təmin olunmasının vacibliyini qəbul edirik. Bu isə xüsusilə zəruri resurslara malik olmayan inkişaf etməkdə olan ölkələr üçün həyati əhəmiyyət daşıyır. Hər bir COP-un, o cümlədən Bakıda keçirilən COP29-un diqqət mərkəzində dayanan əsas məsələ maliyyə vəsaitlərinin zəngin ölkələrdən resursları az olan ölkələrə ötürülməsi üçün effektiv mexanizmlərin yaradılmasıdır. COP29-un keçirilməsi, xüsusilə iqlim səylərimizdə belə mühüm bir məqamda bu qlobal toplantının əhəmiyyətini vurğulayır. Bu, iqlim problemlərinin həllinə olan öhdəliyimizi yenidən təsdiqləmək və ən həssas ölkələrə onların uyğunlaşma və azaldılma səylərini dəstəkləmək üçün zəruri maliyyə resurslarının ayrılmasını təmin etmək baxımından bir fürsətdir.

Bu kontekstdə Monteneqroda həyata keçirdiyimiz bəzi təşəbbüsləri vurğulamaq istərdim. Biz iki dövlət fondu – Eko Fondu və İnnovasiya Fondunu təsis etmişik ki, bu fondlar müxtəlif inkişaf gündəmləri üçün innovativ maliyyələşməni dəstəkləyir. Keçən il, həmçinin xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) irəliləyişinə və yaşıl iqtisadiyyatın təşviqinə yönəlmiş üçüncü fondu - Monteneqro DİM Sürətləndirmə Fondunu işə saldıq. Bu fond Dayanıqlı İnkişaf Məqsədləri və yaşıl iqtisadiyyata dair hədəflərimizə nail olmağı sürətləndirməyə imkan verən unikal bir alətdir. Monteneqro bu cür mexanizmlərdən istifadə etmək baxımından bir çox istiqamətlərdə qabaqcıldır. COP çərçivəsində müzakirələrim zamanı bu təşəbbüsü bölüşdüm, çünki Monteneqronun təcrübəsinin iqlim uyğunlaşma siyasətlərini maliyyələşdirmək üçün innovativ həll yolları axtaran digər ölkələrə faydalı ola biləcəyinə inanıram.

-COP29 ölkələrin yaşıl iqtisadiyyata keçidinə töhfə verəcək. Ölkələrimiz yaşıl enerji sahəsində necə əməkdaşlıq edə bilər?

-Azərbaycan Prezidenti İlham Əliyevin COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin açılış nitqində qeyd etdiyi kimi, Azərbaycan öz təbii sərvətləri ilə tanınır, lakin həm də yaşıl siyasətə doğru mühüm addımlar ataraq bu sahədə də lider kimi önə çıxır. Monteneqro neft və ya qaz ehtiyatlarına malik ölkə olmasa da, kömür kimi fosil yanacaqlardan uzaqlaşaraq yaşıl iqtisadiyyata keçidi fəal şəkildə dəstəkləyir və davamlı siyasətini inkişaf etdirir. Azərbaycan və digər təcrübəli tərəfdaşlarla birgə biz bərpaolunan enerji sektorunu genişləndirmək, külək və günəş enerjisi infrastrukturu qurmaq və enerji səmərəliliyinə yönəlmiş siyasəti irəli aparmaq üçün əməkdaşlıq edirik.

Dünya liderləri ilə müzakirələrimdə Monteneqronun enerji səmərəliliyi sahəsində təşəbbüslərini, xüsusilə Avropa İttifaqından əldə etdiyimiz əhəmiyyətli maliyyə dəstəyi ilə ictimai binalarda və fərdi ev təsərrüfatlarında səmərəliliyin artırılmasına yönəlmiş son təşəbbüslərimizi bölüşdüm. Azərbaycan kimi biz də bərpaolunan infrastrukturun enerji səmərəliliyi ilə uyğunlaşdırılmasının vacibliyini qəbul edirik.

Digər oxşar sahə enerji təhlükəsizliyidir. Azərbaycan bir çox Avropa dövlətləri üçün əsas enerji təchizatçısıdır və Monteneqro daha kiçik miqyasda olsa da, dənizaltı kabel vasitəsilə İtaliyanın elektrik şəbəkəsinə qoşulan yeganə Balkan ölkəsi olmaqla Balkan regionunu İtaliyanın elektrik enerjisi bazarı ilə əlaqələndirir. Ümumilikdə Monteneqro və Azərbaycan dostluq münasibətlərindən bəhrələnir və güclü siyasi dialoq iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün möhkəm təməl yaradır.

-Cənab Milatoviç, Sizin bir neçə ay öncə cənab Prezident İlham Əliyevə ünvanladığınız məktubda da vurğuladığınız kimi, Monteneqro ilə Azərbaycan arasında bir sıra sahələrdə çox yaxşı ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq mövcuddur. İki ölkə arasında potensial əməkdaşlıq imkanları barədə də danışmağınızı xahiş edirik. Ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün hansı sahələri prioritet hesab edirsiniz?

2024_11_13_6734f46075771.jpeg

-Monteneqro uzun müddətdir ki, Azərbaycan üçün əsas turizm məkanıdır və biz ölkəmizi qürurla “Aralıq dənizinin incisi” adlandırırıq. Azərbaycanın Monteneqroya yatırdığı əsas investisiyalardan biri olan Portonovi layihəsi turizm sahəsində mühüm bir inkişafdır və bu layihə ilə çox qürurlanırıq. Bu sərmayənin Azərbaycandan gəlməsi bizi çox sevindirir, çünki bu, ölkələrimiz arasında güclü əlaqə qurur və turizm sektorunda gələcək əməkdaşlıq potensialını göstərir. Bu, təkcə bizim turizm imkanlarımızı genişləndirmir, həm də iqtisadi əlaqələrimizin möhkəmliyini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Monteneqronun Azərbaycanla iqtisadi əlaqələri daha da gücləndirməyə sadiq olduğunu bir daha vurğulamağı planlaşdırıram. Monteneqronun Azərbaycan üçün təklif edə biləcəyi çox imkanların olduğuna, həmçinin Azərbaycanın Monteneqroya fayda verə biləcəyinə inanıram, xüsusilə bərpaolunan enerji, infrastruktur və texnologiya sahələrində. Ölkələrimiz arasında güclü siyasi dialoq dərin iqtisadi əməkdaşlıq üçün möhkəm təməl yaradır.

Hökumətlərimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ilə iqtisadi sessiyaların yenidən başlamasından məmnunam. Qeyd etmək istərdim ki, Azərbaycanın fəxri konsulu Vüqar Əliyev uzun illər ərzində əlaqələrin gücləndirilməsinə böyük töhfə verib. Ölkələrimiz arasında birbaşa aviareyslərin olması da çox önəmlidir. Bu birbaşa əlaqə yalnız turizmi təşviq etmir, eyni zamanda, ticarət, biznes və mədəni mübadilələr üçün daha böyük imkanlar yaradır.

Azərbaycanda COP-a qatılmağım ölkələrimiz arasında davamlı dostluğa olan sadiqliyin daha bir aydın göstəricisidir. Bu, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızı prioritetləşdirdiyimizi və əlaqələrimizi gücləndirməyə yönəlmiş ortaq bir baxışa sahib olduğumuzu göstərən açıq siqnaldır.

-Məlumdur ki, Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir. Ölkənizin Azərbaycana investisiyaları barədə fikirləriniz maraqlıdır. Azərbaycan iqtisadiyyatının hansı sektorları Monteneqro investorlarını maraqlandıra bilər?

-Bir neçə il sonra, yenidən 2024-cü ildə Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasını keçirdik və bu, çox səmərəli oldu. Bu iclasda əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyimiz sahələri müəyyən etdik. Mən inanıram ki, bu komissiya iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq.

Məhz buna görə iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməyin vacibliyini vurğulamaq istəyirəm. Daha əvvəl də qeyd etdiyim kimi, son illərdə Azərbaycanda baş verən diqqətəlayiq inkişaf çoxsaylı iqtisadi imkanlar yaradıb və bunlar nəzərdən qaçırılmamalıdır. Düşünürəm ki, hələ də daha çox Monteneqro vətəndaşının Azərbaycanı kəşf etməsinə ehtiyac var. Necə ki, son illərdə Azərbaycan vətəndaşları Monteneqronu daha çox kəşf ediblər. Mənim Azərbaycana bugünkü səfərim bu istiqamətdə atılmış doğru bir addımdır və inanıram ki, Azərbaycana gələcəkdə daha çox səfər edəcəyəm. Bu, yalnız güclü siyasi dialoqu davam etdirməyə deyil, həm də iqtisadi əlaqələrimizi dərinləşdirməyə və genişləndirməyə olan sadiqliyimizi nümayiş etdirir.

Aytən Abbaslı,
AZƏRTAC

 
 
 

Dünyapress TV

Xəbər lenti