“Mən Xankəndiyə köçmək istəyirəm”
Hazırda məcburi köçkün həyatı yaşayan şair, pedaqoq Mirmehdi Rəsulun Yenisabah.az-a müsahibəsi...

- Mirmehdi bəy, qızınız Fidan İbişova qəbul imtahanında yüksək nəticə - 657 bal topladı. Bu münasibətlə sizi təbrik edirik. Mətbuatdan oxuduq ki, Fidan Qarabağ Universitetini seçib. Bu qərar onun özünə aiddir, yoxsa tələbənin uzaq yolunu yaxın etmək istədiniz?

- Əslində sizə bəllidir. Ona görə ki, siz bilirsiniz biz 1993-cü ildən qaçqın düşmüşük, məcburi köçün həyatı sürmüşük. Qarabağ bizim hamımız üçün doğmadır. Mən övladımın topladığı bala nisbətdə onun hansı qərar verməsindən asılı olmayaraq, qərarının arxasındaydım. O, ölkənin istənilən ali məktəbini seçə bilər və o balla qəbul ola bilərdi. Sadəcə olaraq, övladımın özünün istəyi və qərarı oldu ki, işğaldan azad edilmiş Qarabağın incisi olan Xankəndində yaradılmış, inanıram ki, ölkənin ən inkişaf etmiş və perspektivli ali təhsil ocağı olacaq, Qarabağ Universitetində təhsil alsın. Mən də onun qərarını dəstəklədim. turbo az mercedes

- Qarabağ Universiteti bu il ilk dəfə tələbə qəbulu elan edir. Universitetdəki təhsilin səviyyəsi ilə bağlı hər hansı bir praktika mövcud deyil. Fidanın orta məktəbdəki uğurlarının orada da davam edəcəyinə inanırsınızmı? Sizcə, Qarabağ Universiteti 4 il sonra Azərbaycan cəmiyyətinə savadlı, peşəkar və bacarıqlı kadrlar təqdim edə biləcəkmi?

- Müasir dövrdə hamımız artıq bilirik ki, informasiya əlçatandır və sosial şəbəkələrdən, internet resurslarından və televiziya kanallarından informasiya almaq mümkündür. Aldığımız informasiya və gördüyümüz kadr seçimi, bu gün Qarabağ Universitetinin özünün rəhbərliyi və prezidentimiz, cənab Ali Baş Komandanımızın da nəzarəti altında ora seçilən kadrların məlumatlarına baxanda, deməyə əsas verir ki, gələcəkdə çox yüksək nəticələr əldə ediləcək. Mən belə düşünürəm ki, oradakı təhsil Azərbaycan təhsilində yenilik, innovativlik gətirəcək. Qarabağ Universiteti dünya reytinq cədvəlində ilk pillələrdə olan universitetlərdən biri olacaq.

- Nədən bu qənaətə gəldiniz? Universitet rəhbərliyi ilə görüşünüz olub? Ümumiyyətlə, oradakı kitabxana və tədris bazası ilə bağlı hər hansı əlavə məlumatlarınız varmı?

- Mənim şəxsi heç bir görüşüm olmayıb, heç bir münasibətim yoxdur. Sadəcə yenə də deyirəm, biz uzun illərdir bacarıla bilməyən şeyləri bacardıq. Biz bütün dünyaya göstərəcəyik ki, Qarabağ zamanın bütün dövrlərində hər zaman döyüş bölgəsi olmayacaq, həm də elm və inkişaf bölgəsi olacaq. Buradan həm Azərbaycan, həm region, həm də bütün dünya üçün bacarıqlı və istedadlı kadrlar yetişəcək. Biz Qarabağda elmi, təhsili inkişaf etdirə biləcəyik. Bu mənim fərdi intuisiyamdır, istəyimdir və mən buna inanıram. Təhsil Nazirliyinin paylaşımlarında, xəbər resurslarında gördük ki, orada yüksək elmi-texniki baza yaradılıb. Tələbələr pedaqoji heyət üçün lazım olan bütün resurslar var. İnanıram ki, biz bunu bacaracağıq və orada böyük bir elm ocağı yaradacağıq.

- Siz özünüz Xankəndində olmusunuzmu? Müharibədən yeni çıxmış bu şəhər tələbələrin yetişməsi üçün uğurlu məkan sayıla bilərmi?

- Mən Xankəndidə, Şuşada, Laçında, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə olmuşam. Bu ərazilərdə 2020-2023-cü il arası dönəmlə, 2024-cü il arasındakı fərq çoxdur.

- Hazırda Xankəndidə müharibənin izləri qalırmı?

- Bəli, Xankəndidə müharibənin izləri var.

- Sizcə, bu 17-18 yaşlı tələbələr üçün bir diskomfort yaratmayacaq ki?

- Mən əksinə fikirləşirəm. Bu 17-18 yaşlı uşaqlar üçün daha stimulverici ab-hava yaradacaq. Orada müharibənin mənfi çalarları var, amma o mənfi çalarların özündə müsbət şey görürəm ki, erməni vandallığını, qəsbkarlığını öz gözləri ilə görəcəklər. Həmin uşaqlar, gənclər orada gülüstanın yaranmasında, oranın gözəlləşməsində iştirak edəcəklər. Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu o torpaqları yoxdan var elədi.

- Siz Qarabağ bölgəsinin tanınmış ziyalısı, qələm adamı olduğunuz üçün bu sualı vermək istəyirik. Qarabağa getmək istəyənlər çoxdur, amma çoxu turist kimi getmək istəyir. Necə düşünürsünüz, Xankəndinə gedənlər uzun müddət orada qalacaqlarmı?

- Mən 2023-cü ilin sentyabr ayının əvvəllərində öz sosial şəbəkə hesabımda, bizim 24 saatlıq anti-terror əməliyyatı olmamışdan öncə, Azərbaycan Respublikasının Təhsil Nazirinə müraciət etmişdim. Müraciətim Xankəndidə pedaqoji fəaliyyət göstərmək və orada daimi məskunlaşmaqla bağlı idi. Bu gün də o fikirdəyəm. Mənim həyat yoldaşım sinif müəllimidir. Hər ikimizin sertifikasiya imtahanındakı diaqnostik nəticəsi yüksəkdir. Mən və ailəm bizə “Qayıdış” qəsəbəsində yaradılmış şəraitlə bağlı çox “sağ ol” deyirəm və gedib Xankəndidə orta məktəbdə müəllim kimi işləməyə hazıram.

- Bu istəyinizlə bağlı hansısa quruma rəsmi formada müraciət etmisinizmi?

- Bəli. Elm və Təhsil Nazirliyinə, eyni zamanda Qarabağ Regional Təhsil İdarəsinə bu haqda məlumat vermişəm. Xankəndinə köç başlanan zaman mənim orada işlə təmin olunmağım barədə məlumat veriblər.

-Bu qərara gəlməyinizdə, Fidanın Qarabağ Universitetini seçməsi nə dərəcə rol oynadı? Sizə, Qarabağın başqa bir bölgəsində iş təklif edilsə, qəbul edərsinizmi?

- Mən bu qərara gələndə Fidan 11-ci sinfə təzə başlamışdı. Onda Qarabağ Universiteti barədə heç bir təəssüratımız yox idi. Bu gün mənim övladım oranı istəyir və sırf özünün seçimidir. Mənim Xankəndidə işləmək istəyimin qızımın orada təhsil alması ilə heç bir əlaqəsi yoxdur. Qarabağın digər bölgələrində də işləməyə hazıram. Əsas odur bilim ki, mənim də o torpaqların inkişafına zərrə qədər köməyim dəydi.

- Necə düşünürsünüz, Qarabağ Universitetini seçən fidanlar çoxmu olacaq? Söhbət yüksək bal toplayıb, həmin universiteti seçmək istəyən abituriyentlərdən gedir...

- Bu gün mətbuatda, sosial şəbəkələrdə və universitetin özünün rəsmi saytında dərc olunan məlumatda seçim öncəsi abituriyentlərin sayına baxanda bilmək olur ki, bəli, çox olacaq. Burada heç də bəzilərinin fikirləşdiyi kimi, aşağı balla, əyalət təfəkkürü ilə az bal toplayanlar yox, yüksək bal toplamış abituriyentlər müraciət edəcək. Mən deyərdim ki, Qarabağ Universiteti Azərbaycanın “Oksford”u olacaq.

- Hazırda abituriyentlər üçün həlledici mərhələ yaxınlaşır. "Qarabağ Universitetini seçim yoxsa seçməyim" sualı qarşısında qalan yüzlərlə abituriyent var. Bir valideyn və pedaqoq kimi, ixtisas seçimi ərəfəsində olan abituriyentlərə və valideynlərə nə tövsiyə edirsiniz?

- Mən istər pedaqoq, istərsə də valideyn kimi də çıxış edə bilərəm. Hamımız bilirik ki, biz bir millət kimi, övladımıza bağlıyıq. Yəni övlad daha şirindir. Mən öz övladıma oranı rəva bilirəmsə, mənim övladım oranı seçirsə, demək ki, mən oranı daha perspektivli və daha yaxşı bilirəm. Ona görə də, bütün valideynlərə daha dəqiq düşünməyi və daha yaxşı olanı seçməyi arzulayıram. Xalqımız bilir ki, Qarabağ Universitetinin gələcəyi yaxşı olacaq. Bütün övladlara uğurlar arzulayıram!

- Son olaraq, deyə bilərsinzimi, valideyn övladın seçiminə müdaxilə etməlidirmi?

- Bu bir az mürəkkəb sualdır. Əslində valideyn övladının seçiminə müəyyən qədər müdaxilə etməlidir. Övladlarımız təcrübə baxımından hələ gəncdir. Valideynlər həyatda nəyin nə olduğunu daha yaxşı bilir. Düzdü, gənclər inkişafı, tərəqqini daha tez mənimsəyirlər. Amma deyərdim ki, valideyn övladın seçiminə müdaxilə yox, istiqamət verməlidir.

Dünyapress TV

Xəbər lenti