Artıq dünya ölkələri beynəxalq arenada aparıcı dövlətlərindən biri olan Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlarla razılaşıb. Bu isə ən birinci Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə hədəflənməsi ilə birbaşa əlaqəlidir. Azərbaycan dövləti milli maraqlarımıza söykənən müstəqil, ağıllı və düşünülmüş siyasət yürütməklə ölkəmizi dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib. Azərbaycan hər zaman sülhpərvər mövqedən çıxış edib, xüsusilə, region dövlətləri ilə münasibətlərdə humanistliyi açıq-aşkar ortaya qoyub.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov İran–Azərbaycan münasibətlərindən danışıb.
Deputat bildirib ki, İran və Azərbaycan arasında münasibətlər dostcasına, bəzən də çəkişməli olub: “Baxın qonşumuz olan İranla münasibətimiz heç vaxt uzun müddət kəskin olaraq qalmayıb. Təssüf ki, İran Prezidenti cənab Seyid İbrahim Rəisi faciəvi şəkildə həyatını itirdi. Qəzadan əvvəl Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Prezident İlham Əliyevin və cənab Seyid İbrahim Rəisinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü baş tutmuşdu. Bu görüşdə həm daxilə, həm də xaricə ciddi mesajlar verilmişdi. İki ölkə milli və iqtisadi maraqlarına uyğun olaraq Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar fikir ayrılıqları yaşayıblar. Lakin “siyasət siyasi fiqurlar üzərindən davam etmir” desəm, yanılmaram. Bu gün mərhum Prezident Rəisinin siyasi xəttini davam etdirən böyük komandada birləşmiş siyasi xadimlər var. İranda idarəçilikdə ciddi bir dəyişiklik olmasa, İranla əldə olunan razılaşma, təbii ki, davam edəcək. “Ciddi dəyişiklik” deyərkən tam fərqli bir siyasi blokun hakimiyyətə gəlməsini nəzərdə tuturam, lakin bütün hallarda siyasət dövlətin maraqlarına uyğun davam etdirilir. Bizim qarşılıqlı isti münasibətimiz həm İran dövlətinin, həm də xalqının maraqlarına uyğundur. Sonuncu razılaşmadan hər iki ölkə razı idi. Düşünürəm ki, İran ənənəsi olan bir dövlət kimi mərhum Prezident Rəisinin Azərbaycanla hərtərəfli irəliləyişlərinə sadiq qalacaq”.
Deputat diqqətə çatdırıb ki, əslində, regiondankənar ölkələrin əli ilə Bakı–Tehran münasibətlərinin kəskinləşməsinə Ermənistan səbəb olub: “Bir sözlə, son zamanlar Ermənistanın da Azərbaycana qarşı siyasətində ciddi dəyişikliklər baş verirdi. Deyərdim ki, Ermənistan siyasi xəttini ciddi təhlil edir. Dəyişikliklər gözləniləndir...”
Politoloq Yusif Bağırzadə isə bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində bütün ölkələrlə, xüsusilə, qonşu dövlətlərlə münasibətlərin inkişafında hər zaman maraqlı olub və öz xarici siyasətində də bu münasibətlərin davamlı inkişaf etdirilməsi istiqamətində addımlar atıb:
“Ölkəmizin Gürcüstan, Rusiya və İranla münasibətləri buna misaldır. Ermənistanla münasibətlərin olmaması isə məlumdur ki, bu ölkənin işğalçılıq siyasətindən və ölkələrimizin uzun illər ərzində müharibə vəziyyətində olmasından qaynaqlanır. Cənub qonşumuz İran İslam Respublikası ilə münasibətlər bizim üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan və İran xalqlarının dostluq və qardaşlıq münasibətlərinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlər yeni məna kəsb edib. İranla bizim ortaq tariximiz və mədəniyyətimiz var. Digər tərəfdən, İranın İslam dünyasında rolu və əhəmiyyəti də kifayət qədər böyükdür. İslam dünyasının bir parçası olaraq ölkəmiz də İranla münasibətlərin ən yüksək səviyyədə inkişafında maraqlıdır və bu istiqamətdə bir xeyli işlər görüb. Məlumdur ki, müəyyən bir dövrdə İranda Azərbaycanla dostluğu pozmağa çalışan qüvvələr müxtəlif təxribatlar törətdilər. Onlar nəyin bahasına olursa-olsun, iki qonşu dövlət arasında münasibətləri kəskinləşdirməyə cəhdlər edirdilər. Lakin sevindirici haldır ki, onlar meydan qazana bilmədilər və Azərbaycan Prezidenti də mayın 19 da “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında “Keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb” deməklə bədxahların arzusunu gözündə qoydu. Sevindirici haldır ki, İran-Azərbaycan münasibətləri son zamanlar yenidən normallaşma mərhələsinə qədəm qoyub. Səfirliyimizə qarşı terror aktı törədən şəxslə bağlı ən ağır cəza təyin edilib, səfirliyimizin daha təhlükəsiz və bütün zəruri tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində müvafiq iş aparılıb. Nəticədə, səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə keçirilən açılış mərasimi, eləcə də həmin mərasimdə ölkə rəhbərlərinin verdiyi bəyanatlar isə deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə böhran aradan qalxıb. Ermənistana gəldikdə isə, xüsusilə, son dönəmlərdə sülh prossesi istiqamətində ümidverici addımların atılmasına, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmasına baxmayaraq hələ də fikir ayrılıqları var. Bir sıra məsələlərlə bağlı razılşmanın olmadığı ortadadır. Nəqliyyat-kommunikasiya xətlərinin hələ də blokadadan çıxarılmaması, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qalması sülh sazişinin bağlanması istiqamətində əngələ çevrilib. Lakin düşünürəm ki, bu istiqamətdə də müsbət irəliləyişlərə nail olmaq üçün real imkanlar var. Ermənistan hakimiyyəti, nəhayət ki, ayrı-ayrı qüvvələrin maraqlarından deyil, öz dövlət maraqlarından çıxış edərək bu istiqamətdə konkret və real addımlar atacaq”.