Ermənilər Xankəndiyə qayıtmaq istəsələr də…
Qarabağın erməni sakinləri öz evlərinə qayıda bilərlər, amma… Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bunun üçün hələ şərt də irəli sürür. O, “Azadlıq” radiostansiyasının Ermənistan xidmətinə müsahibəsində bildirib ki, “Dağlıq Qarabağ-ATƏT və ya Dağlıq Qarabağ-BMT səviyyəsində keçid, müvəqqəti xarakter daşıya bilən birgə administrasiya” olarsa, ermənilər geri dönəcəklər.

Keçmiş nazir təklif edir ki, “Dağlıq Qarabağ”la Bakı arasında danışıqlar olsa, tərəflər ermənilərin qayıdışı məsələsini həll edə bilərlər.

Oskanyan Paşinyan hakimiyyətini də tənqid edib. Bildirib ki, Baş nazir N.Paşinyanın timsalında Ermənistan rəhbərliyi nəinki Qarabağ icması ilə əməkdaşlıq etmir, hətta erməni separatizminin liderlərinə qarşı düşmənçilik nümayiş etdirir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrından sonra Azərbaycan hökuməti müəyyən şərtlər daxilində Qarabağ ermənilərinin burada qalması üçün şərait də yaradıb və portal vasitəsi ilə 5 dildə çağırış edib. Buna baxmayaraq, 2020-2023-cü illərdə Qarabağ iqtisadi zonasını tərk etmiş 120 minə yaxın erməni sakin çağırışlara reaksiya verməyib.

Oskanyanın bu təklifi bir neçə cəhətdən maraqlıdır. Əvvəla, belə bir format nə dərəcədə realdır? İkincisi, Azərbaycanın bu təklifə münasibəti necə ola bilər? Yaxud, 32 il sonra suverenliyini tam bərpa etdiyi ərazisində belə bir idarəçilik formasının yaradılması ilə razılaşa bilərmi?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib ki, Ermənistanın Ararat Mirzoyana qədər 10 xarici işlər naziri olub və onların içərisində yalnız Vardan Oskanyan indiki proseslərə daimi münasibət bildirir, təkliflər verir, Paşinyan hakimiyyətini ittiham edir, çox vaxt da öz xidmətlərini təklif edir ki, ondan məsləhətçi kimi istifadə etsinlər.

“Oskanyanın Qarabağ ermənilərinin beynəlxalq təminat altında geriyə dönməsi barədə sonuncu təklifi yenilik deyil. Ermənilərin 2023-cü ilin sentyabrında kütləvi köçündən sonra o, bir neçə dəfə bu təkliflərlə müraciətlər edib. Özü də bilir ki, Qarabağı daxili işi hesab edən Azərbaycan üçün bu təklif qəbuledilməzdir. Beynəlxalq mexanizm olmadan və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən Qarabağ ermənilərinin geri dönməsinin təminatını rəsmi Bakı özü təklif edib və təklif hələ də qüvvədədir. Odur ki, Oskanyandan böyük statusu olan Makronun ermənilərin Qarabağa dönmə şərtləri qəbul olunmursa, həm fiziki, həm mənəvi xəstə olan Oskanyanın Yunanıstandan səsləndirdiyi təkliflər heç bir formada qəbuledilən deyil”.

Ekspert qeyd edir ki, Qarabağ ermənilərinin geri qayıtması yalnız Azərbaycanın irəli sürdüyü tələblər şərtilə mümkündür, yəni vətəndaşlığı qəbul etmək və ölkə qanunlarına tabe olmaq. Belə olduqda onların hüquq və təhlükəsizliyi Azərbaycan tərəfindən həyata keçiriləcək. Amma artıq 5 aydır ki, ermənilərin bu şərtləri qəbul edəcəyi real görünmür.

Müsahibimiz deyir ki, Qarabağ ermənilərinin əksəriyyəti Ermənistanı tərk edib gedir. Onların adından revanşistlər, diaspor, kilsə və Paşinyana müxalif olanlar sui-istifadə edirlər: “Qarabağ ermənilərinin geri qayıtması mövzusu Ermənistanda hakimiyyət uğrunda mübarizənin əsas tərkib hissəsidir. Oskanyan hər dəfə Paşinyan iqtidarını Qarabağı təhvil verməkdə ittiham edir və onun verdiyi təkliflərdən istifadə etmədiklərini, bununla da guya Azərbaycanın maraqlarına uyğun siyasət yürüdüldüyünü deməklə, erməni cəmiyyəti üçün həssas məqamlara toxunur və anti-Paşinyan ovqatını yüksəldir. Oskanyan və onun kimi revanşist daşnakların təbliğatı, siyasəti cəmiyyətdə dəstək tapmadığından təsiri də yoxdur”.

Hüquqşünas Ələsgər Məmmədli də Oskanyanın təkliflərinin heç bir əhəmiyyət daşımadığını deyib.

“Azərbaycan və Ermənistan arasındakı konflikt, hər hansı hərbi əməliyyat olmadan, sülh yolu ilə, beynəlxalq hüquqa uyğun şəkildə nizamlama prosesinə girsəydi, ərazilər ermənilər tərəfindən Azərbaycana verilsəydi, o zaman hansısa şərtdən danışmaq olardı. Ermənistan tərəfinin hansısa şərt irəli sürməsi mümkün deyil, hətta real deyil. Oskanyan xəyal qura bilər, amma Azərbaycan bu xəyallara müsbət bir reaksiya göstərməyəcək” – Ələsgr Məmmədli Pressklub.az-a deyib.

Hüquqşünas deyir ki, Azərbaycanın ATƏT və digər beynəlxalq təşkilatların vasitəçiliyi ilə bu məsələnin sülh və hüquqi yolla həll olunmasını uzun illər gğzləyib və buna çalışıb. Amma bu təşkilatlar və Ermənistan konstruktiv bir addım atmadı. Nəticədə hərbi güc ilə Azərbaycan bu günə qədər mövcud olan problemi 44 günlük müharibə və iki lokal xarakterli anti-terror əməliyyatı ilə həll etdi: “Belə olduğu halda, Ermənistanın şərt irəli sürməkdənsə, Azərbaycanın qoyduğu şərtləri qəbul etməlidir. Çünki Azərbaycan Qarabağ məsələsini birdəfəlik həll edib. Qarabağ ermənilərinin Azərbaycan qayıtmaq məsələsində isə Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər qalıb, yaşaya bilər. Amma həm Qarabağdakı keçmiş separatçı rejim, həm də Ermənistan hökuməti sistemli şəkildə oradakı insanları bu məsələdən çəkindirdi. Bundan sonra onların geri qayıtması mümkün görünmür”.

Ələsgər Məmmədli deyir, onlar hətta geri qayıtmaq istəsələr də, bunun bir limiti olmalıdır. Məsələn, Azərbaycan bir neçə aylıq kimi bir müddət elan edə bilər ki, ermənilərdən kim istəsə, bu müddət ərzində vətəndaşlığı qəbul edib, bu torpaqlarda yaşasın. Amma hansısa erməninin istədiyi vaxtda, əlini-qolunu sallayıb Qarabağa qayıtmaq üçün Azərbaycan vətəndaşlığını qəbul etmək kimi bir seçimi və şansı olmamalıdır. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etmə prosesi də digər xarici vətəndaşlarda olduğu kimi, eyni qaydada həyata keçirilməlidir. Yəni, onlar üçün istisna bir hüquq tanına bilməz. Zənnimcə, Azərbaycan yaxın günlərdə son tarixi müəyyən edib, bu prosesi uzatmayacaq və son nöqtəni qoyacaq.

Hüquqşünas sonda Oskanyanın Paşinyan rejimini tənqid etməsi məsələsinə də toxunub: “Oskanyan Paşinyan rejimini daxili siyasi məqsədlərlə tənqid edir. Çünki bütün hallarda, fərqli siyasi görüşlərə, siyasi komandalara mənsub olan siyasətçilərdi. Bu baxımdan, mövcud siyasi prosesdə hökuməti zəiflətmək üçün bu cür tənqidləri çoxaldıb”.

Dünyapress TV

Xəbər lenti