Xalq artisti Pərvanə Qurbanova Moderator.az-ın suallarını cavablandırıb.
-Pərvanə xanım, hansısa ekran əsərində “mən olmasaydım alınmazdı” deyə düşünmüsünüz?
-Heç vaxt bu fikrimdən keçməyib. Pərvanə xanım belə oynayır, özgəsi oynasa tamam başqa cür oynayacaq. Başqası bəlkə məndən yaxşı yaxud da pis oynaya bilər. Bir neçə illər öncə “O gecə” adlı serial çəkilirdi. Mən də boş idim, çəkilişlərim yox idi. Senarini mənə verdilər, evdə 6 seriyanı oxudum. Nəsə rol xoşuma gəlmədi. Senarini geri qaytaranda dedilər ki, “Pərvanə xanım, axı siz dünən bizimlə razılaşmışdınız”. Dedim ki, razılaşmağına razılaşmışdım, amma senarini oxumamışdım. Siz sadəcə sujet xəttini demişdiniz, mən də senarini oxuyanda gördüm ki, o deyil. Dedilər ki, “kimi məsləhət görə bilərsiniz?”. Bakıda 1-2 aktrisanın adını çəkdim. Elə oldu ki, onlardan biri çəkildi. Amma o aktrisanın adını sizə deməyəcəm. Mən sadəcə məsləhət görmüşdüm, deyə bilmərəm ki, sırf onun adını çəkmişdim ki, mütləq o çəkilsin. Bizim aktyorlarımız, aktrisalarımız yetərincə istedadlıdır.
-Rejissorun kobudluğuna görə hansısa roldan imtina etmisiniz?
-Xeyr, nə teatrda, nə də serialda heç vaxt belə bir hal baş verməyib. Mən həmişə rejissorlarıma hörmətlə yanaşmışam, onların fikirlərini önəmsəmişəm. Çalışmışam ki, dediklərini edib, onları razı salım.
-İllərini bu sənətə həsr etmiş sənətkarlar gənclərdəki eqodan şikayətlənirlər. Siz necə düşünürsünüz?
-Onların sözündə həqiqət çoxdur. Amma o demək deyil ki, gənclərin hamısı tamamilə belədir. İstisnalar var. Yaxşı aktyorlar, yalnız sənəti ilə məşğul olan, öyrənmək istəyən, öz üzərində çalışanlar var. Biz ümid edək ki, onların sayı çoxalar. Amma əksəriyyətində “mənəm-mənəmlik” xəstəliyi var. Hətta özündən yaşca böyük olan, sənətdə öz sözünü demiş insanların belə arxasınca danışan, özünü onunla bir tərəziyə qoyan gənclər də var. Biz bu sənəti onlara verib gedəcəyik, onlar da estafeti kiməsə verəcəklər. Mən arzu edirəm ki, hər şey yaxşı olsun. Hər şey sənət naminə görülsün.
-Heç vaxt oynamaram dediyiniz obrazlar olubmu?
-Aktrisalar var ki, onlar üçün heç bir fərqi yoxdur. Bəzən belə deyirlər ki, aktrisasansa sənə təklif olunan hər səhnəyə çəkilməlisən. Mən o insanları da qınamıram. Onlar elə görür, amma Pərvanə xanım elə görmür. Biz Azərbaycanlıyıq, mentalitetimiz tam başqadır. Biz böyüklərimizdən belə görmüşük. Azərbaycan qadınları öz həyası, isməti ilə seçiliblər. Bu gün Pərvanə xanım o rolları qəbul etmirsə o demək deyil ki, belə olmalıdır. Hər kəsin öz fikri var. Mən şəxsən nə səhnədə, nə də kamera qarşısında elə rollar oynamaram.
-Aktrisaların yaşayışı ilə müğənnilərin yaşayışı arasında böyük təzad var. Aktrisa xınayaxdı mərasimlərinə getməsə, film və seriallarda çəkilməsə əlavə qazancı olmur. Müğənnilər yarım saatı 10 minə fanaqramla oxuyub asanlıqla pul qazanırlar. Sizcə bu doğrudur?
-Bu mənim yaralı yerimdir. Pərvanə xanım danışacaq, deyəcəklər ki, “o prezident mükafatı alır, seriala çəkilir, xalq artisti fəxri adı var”. Mən həqiqətən də bunlara görə dövlətimizə, dövlət başçımıza təşəkkür edirəm. Gəlin müğənnilərlə aktyorları müqayisə etməyək. Ona görə ki, onlar heç cür müqayisəyə gələcək insanlar deyil. Müğənnilər arasında sənətləri ilə, qeyri sənətləri ilə qazananlar da var. Sənəti olmasa da qazanır. Yarım saat oxuyub 9-10 min alır. Bir qisim aktyor, aktrisalar var ki, çox yaxşı yaşayırlar. Amma onlar teatrdan, serialdan aldıqları məvaciblə dolanmırlar. Mümkün deyil. Onların bir kostyumu mənim bir ildə serialdan aldığım pul dəyərindədir. Ümid edək ki, aktyorların da müğənnilər kimi yaxşı yaşayan vaxtları olacaq. Boyunlarını büküb yolda taksi gözləməyəcəklər. Metrodan, avtobusdan istifadə etməyəcəklər. Onların da şəxsi avtomobilləri, yaxud sürücüləri olacaq.