Sülhməramlı missiyanın qalan son iki il və ya Bakıdan İrəvanla Moskvaya açıq mesaj -
“Mənim fikrimcə bu il çox məsələlərə aydınlıq gətirəcək. Mən ürəkdən inanırdım ki, ötən ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı. Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Azərbaycan lideri 2023-cü ilin Ermənistan üçün son şans olduğunu bildirib.

Ölkə başçısı rəsmi İrəvanın iradəsini toplamalı, sülhə imza atmalı olduğunu, uzaqgörənlik nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb. Xüsusilə, Prezident deyib ki, Ermənistana heç kim yox, yalnız Azərbaycan kömək edə bilər: “Biz kömək edə bilərik. Bu azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamağa yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq... Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər - heç lazım da deyil. Delimitasiyanı istəmirlər - heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək”.

“Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, - Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı əlavə edib.

Bununla Əliyev həmçinin rəsmi Bakının Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin artırılmasında maraqlı olmadığı mesajını vermiş oldu. Ən ali səviyyədə bildirildi ki, Azərbaycan 2025-ci ildə sülhməramlı kontingentin ərazidən çıxarılmasında maraqlıdır və siyasət bu istiqamətdə aparılacaq. Ermənistan tərəfinə də mesaj verilir ki, rus hərbi kontingentinin bölgədə qalacağına ümid bəslənilməsin.

Amma sual budur ki, sülhməramlılar Azərbaycanın bu tələbini zamanı gəldikdə sakit qarşılayacaqmı? Çünki hər kəsə məlumdur ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mümkün qədər uzun müddət qalmasını istəyir. Bunu Rusiyadan verilən bəyanatlardan və Qarabağdakı sülhməramlı kontingentin davranışından açıq-aydın sezmək mümkündür.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Elman Məmmədov AYNA-ya bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda sülhməramlıların Qarabağda qalma müddəti konkret göstərilib: “Düzünü deyim ki, mən onlara heç vaxt sülhməramlı demirəm. Çünki onlar sülhməramlılıq etmirlər, erməniməramlılıq göstərirlər. Bu hər zaman belə olub. Biz onların Qarabağda hansı fəaliyyətlə məşğul olduğunu bilirik. Sülhməramlılar bizim əraziyə daxil olan gündən özlərinə aid olmayan işlərlə məşğul olurlar. Onlar iki ildən çoxdur ki, ərazilərimizdə erməni yerləşdirmək, onları silahlandırmaqla məşğul olublar. Cənab Prezident ötən il də müsahibəsində bu barədə açıq demişdi, narazılığını ifadə etmişdi. Zaman-zaman onların fəaliyytindən Bakının narazılığı Moskvanın diqqətinə çatdırılır. Demək istəyirəm ki, Azərbaycan əlbəttə, onların 2025-ci ildən sonra bölgədə qalmasını istəmir. Prezidentin dediyi də bunu təsdiq edir”.

“Bəyanatda göstərilib ki, sülhməramlılar ilkin olaraq, 5 il müddətində orada qalacaqlar. Ondan sonra tərəflərin etirazı olmasa, müddət artırılacaq. Güman ki, Azərbaycan müddətin artırılmasını istəməyəcək. Zəhmət çəksinlər qalan iki il müddətində öz üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər. Ermənilər də bilsinlər ki, rus əsgərləri onları daimi qoruyası deyil. Qorumaq deyəndə ki, Azərbaycan Ermənistandan fərqli olaraq terrorçu dövlət deyil ki, onlara hansısa xətər yetirilsin, soyqırımına məruz qoyulsunlar. Sadəcə Azərbaycan bayrağı altında yaşamaq istəyən qalsın yaşasın, Azərbaycan vətəndaşına verilən hüquqlardan istifadə etsin. İstəməyən də rəddə olsun getsin. Məsələ bu qədər sadədir”, - millət vəkili əlavə edib.

TEREF.AZ-ın məlumatına görə, siyasi icmalçı Tural İsmayılov da AYNA-ya bildirib ki, sülhməramlıların bölgədə yerləşdirilməsi qaydası, qalma müddəti Üçtərəfli Birgə Bəyanatda əksini tapıb: “Təbii ki, tərəflərdən birinin razılığı olmasa, sülhməramlıların orada vaxtından çox qalması mümkünsüzdür. Ermənistana sülhlə bağlı rəsmi Bakının bu il sonuncu şans tanımağı əslində sülhməramlıların Qarabağda qalması vaxtının birməzinə az qalması ilə xarakterizə olunur. Prezident aydın şəkildə ifadə etdi ki, hərbi kontingentin fəaliyyət müddəti 2025-ci ildə bitir. Bu vaxtadək sülh əldə edilməlidir”.

“Biz müşahidə edirik ki, sülhməramlılar Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün heç bir iş görmürlər. Əksinə, bölgədəki separatçılıq meyllərinin güclənməsində, qızışdırılmasında iştirak edirlər. Belə olan halda Azərbaycan sülhməramlıların qalma müddətinin artırılmasına razı deyil”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, sülhməramlıların uzun illər Qarabağda qalmasında Ermənistan maraqlıdır: “Güman ki, rəsmi İrəvan 2025-ci ildə müddətin artırılmasına etiraz etməyəcək, əksinə çalışacaq ki, hərbi kontingentin qalma müddəti artırılsın. Amma Ermənistanın bu mövqeyi Azərbaycanın da müddətin artırılmasına etiraz etməməsinə səbəb ola bilməz”.

“Digər tərəfdən, Ermənistanın indiki məqsədlərindən biri də bölgəyə BMT bayrağı altında sülhməramlıların yerləşdirilməsidir. İrəvan rusların çıxması ehtimalını düşünərək, onları BMT-nin sülhməramlılarının əvəzləməsində maraqlıdır. Amma Rusiyadan bununla bağlı bəyanat verildi və bildirildi ki, BMT sülhməramlılarının gəlməsi üçün Azərbaycanın da razılığı olmalıdır. Düşünmürəm ki, uzun illər dörd qətnaməsinin yerinə yetirilməsinə nail ola bilməyən BMT-nin sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsinə Azərbaycan razı olacaq. Ümumiyyətlə, Azərbaycan bölgədə sülhməramlı missiyanın uzunmüddətli qalmasında maraqlı deyil. Bakı istəyir ki, sülh əldə edilsin, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin reinteqrasiyası başlasın, problem birdəfəlik həllini tapsın. İstənilən halda, biz Prezident İlham Əliyevin məlumatlarına istinad edirik. Cənab Prezident də sülhməramlıların qalma müddəti barədə açıq tarixi söylədi”, - siyasi icmalçı fikirlərini tamamlayıb.

Dünyapress TV

Xəbər lenti