DogruXeber.az: - Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də ölkənin rayon, şəhər (şəhərlərdə rayon) icra hakimiyyətləri başçıları aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı müəyyənləşdirilmişdir. Əsasnaməyə görə, əhalisinin sayı 50 min nəfərdən artıq olan rayonlarda icra hakimiyyəti başçısının birinci müavini vəzifəsi olmalıdır.Mediatv.az xəbər verir ki, statistikaya görə hələ işğaldan əvvəl (23.08.1993) Cəbrayıl rayonunun əhalisi 52604 nəfər olub. Sözsüz ki, ötən 30 il ərzində bu rəqəm xeyli artıb. Di gəl, Cəbrayıl Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsi boşdur.(bax: RİH-nin internet saytına).Doğrudur, bu vəzifəni daşıyacaq şəxsi dövlət başçısı təyin edir. Ancaq görünür, birinci müavininin olmaması Cəbrayıl RİH-nin başçısı cənab Kamal Həsənova da sərf edir. Cəbrayıl RİH başçısı aparatı strukturunun RİH-nin internet saytında görüntülənən cədvəlinə baxanda RİH-nin başçısının kim olduğu bilinmir.Bu o deməkdir ki Kamal Həsənovun icra başçısı təyin olunduğu 7 ilə yaxın müddətdə RİH-nin internet saytı ya yenilənməyib,ya da ki,Kamal Həsənov daşıdığı vəzifənin məsuliyyətini hiss etmir .Digər tərəfdən hazırki dövr üçün çox aktual və vacib olan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsi də hələ ki icra hakimiyyətində boşdur. Bu isə böyük naqislikdir. Yəni, doğrudanmı bir nəfər böyük məsləhətçi vəzifəsini daşıyan şəxs, şöbənin işinin öhdəsindən təkbaşına gəlir?Mediatv.az-a verilən məlumata görə başçı köməkçisi Asəf Sadıqov isə 026-384-39-40 nömrəli telefonun dəstəyini heç vaxt qaldırmır. Başqa sözlə, əldən-ayaqdan düşmüş, yaşlı, xəstə, əlil Cəbrayıl vətəndaşı rayon rəhbərliyinə dərdini bildirmək üçün mütləq kiminsə köməyi, müşayiəti ilə, artıq xərc hesabına Cəbrayıl RİH-nin inzibati binasının yerləşdiyi Biləsuvar rayonundakı qəsəbəyə getməlidir. Ya da probleminin həllini qeyri-müəyyən vaxtadək təxirə salıb gözləməlidir ki, Kamal Həsənov nə zamansa onun yaşadığı əraziyə yolunu salıb səyyar görüş keçirəcək. Əlbəttə, əgər həmin ərazidə bir deyil, beş deyil, xeyli sayda Cəbrayıllı kompakt yaşayırsa. Kamal Həsənovu yaxşı tanıyan etibarlı mənbənin verdiyi məlumata görə, o, həmişə əli böyüklərin ətəyində olan, qətiyyətsiz, təkbaşına əhəmiyyətli qərar verməyə tərəddüd edən biri olmuşdur. Gəncliyində Cəbrayıl rayon Aqrar İstehsalat Birliyinin (AİB) sədri işləyən atası İltifat Həsənovun himayəsi ilə AİB-də mühasib kimi baş girləmiş, sonra rayon komsomolunda təlimatçı, icra başçısı aparatında məsləhətçi işləmişdir. Cəbrayıl işğal olunan kimi rayon rəhbərliyindən uzaqlaşıb kommersiya ilə məşğul olmuşdur. 1995-ci ildə həmkəndlisi Elman Rüstəmov Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunandan sonra Kamal Həsənovu da yanına çəkmişdir. Kamal Həsənov bank qalmaqalları ilə zəngin olan 1996-2016-cı illər arasında düz 20 il bankların təftişi işini aparmışdır. Davamı var