Qarabağda müharibəni alovlandırmaq istəyən qüvvələr:
Dünyada gözlənilən müharibələrlə bağlı proqnozlar verilir. Əlbəttə ki, bu siyahıda Qarabağ da var.

Qarabağda müharibə ehtimalı hər zaman gündəmdə öz yerini qoruyur. Çünki ortada sülh yoxdur, olma ehtimalı da çox aşağıdır. Hətta sülhlə bağlı mesajlar da cəmiyyətlər tərəfindən aqressiv qarşılanır. Fərdi olaraq sülh mesajı verən şəxslər bir anlıq hədəfə çevrilir.

Bütün müharibələrin sonu sülhdür. Ancaq sülh fərdlərin mesajları ilə həll olunacaq bir proses deyil. Ona görə də insanların bu cür aqressiv münasibət bəsləməsi anormal hal deyil.

Sülh prosesini başladan, onu idarə edən dövlətlərdir. Dövlətlər yaxınlaşarsa, ortaya iradə qoyarsa, əlbəttə ki, bu proses başlaya bilər. Ən asan şey müharibə ritorikasıdır. Hər iki tərəfdən kifayət qədər itkilər olub, qan tökülüb. Hər iki tərəfin əhalisinin da son dərəcə ciddi travmaları var. Ona görə də nifrət hissini aşılamaq çox asandır. Ancaq sülh prosesi son dərəcə ağır, çətin və vaxtaparan prosesdir.

Təsəvvür edin, efirlərdə, yazılı və onlayn mediada çıxış edən şəxslər ancaq antiterror əməliyyatlarından danışırlar. Hətta hərbi xidmətə getməyən siyasətçilər belə antiterrordan danışır. Danışmağı bir yana, təcili keçirilməsi ilə bağlı çağırış da edə bilir. Belə olan halda, fərdlərin səsləndirdiyi sülh mesajına kim müsbət reaksiya verə bilər?

Üç müharibə görmüş bir zabitlə söhbət edirdim. Müharibə ehtimallarını müzakirə edirdik. Birdən durub dedi ki, vallah, bezdim, nə qədər müharibə olar? Atam gördü, özüm gördüm, oğlum gördü, bu proses həll olunmasa, nəvəm də görəcək? Sülh qardaş, dost olmaq anlamı daşımır. İki dövlət arasında sülh müqaviləsi bağlansa da, müharibənin qalıqları, bəlkə də, üç nəsil sonra unudula bilər. Ona görə də həssas şəkildə işləmək lazımdır.

Ətraflı

Hətta Qarabağdakı ermənilərin böyük bir hissəsi köçüb getsə də, qalanlar mütləq olacaq. Vətəndaş saydıqlarımızı qazanmaq üçün müxtəlif üsullardan istifadə etmək lazımdır. Birinci növbədə, Azərbaycan tərəfi orada yaşayan vətəndaşlarına və potensial vətəndaşlarına cəlbedici görünməlidir. Məsələ elə bir həddə gəlməlidir ki, Ruben Vardanyan və Arayik Arutyunyanın çağırışları ilə mitinqlərə çıxmasınlar, əksinə, onların əleyhinə qalxa bilsinlər. Bunun üçün təkcə maddi yox, həm də hüquq və azadlıqları barədə ciddi mesajlar vermək və onları inandırmaq lazımdır.

Hazırda Qarabağda vəziyyət gərginliyini qoruyub saxlayır. Məlum Şuşa-Xankəndi yolundakı aksiya da davam edir. Ancaq Şuşa-Xankəndi yolundakı aksiyanın münaqişəyə çevrilməməsi, təxribatların sıfıra endirilməsi üçün lazımı tədbirlər görülüb.

Necə?

Rusiya da, Azərbaycan da, elə erməni tərəfi də bilir ki, orada ən xırda təxribat ciddi fəsadlar verə bilər. Hər kəs bunun fərqindədir. İlk günlər ruslar adekvat daransa da, sonradan qurulan çadırları sökdülər, hərbçiləri də aksiya iştirakçılarından xeyli kənara çəkdilər. Beləcə ilk günlər olan sürtüşmə belə sıfıra endirildi. Təmassızlıq hazırda təxribatın olmaması üçün ən ideal variantlardan biridir. Bundan əlavə, ruslar erməniləri də yaxına buraxmır. Təmassızlıq təxribatı önləsə də, gərginliyi aşağı salmayacaq. Çünki maraqlar təmin olunmur.

Tərəflər nəinki danışıqlar aparır, ümumiyyətlə, sülhlə bağlı düşünmür belə. Ona görə də müharibə ehtimalı artır, artan xətt ilə də davam edəcək.

Ötən il onsuz da hərbi aktivlik kifayət qədər yüksək idi. Sərhəd toqquşmasından sonra tərəflər müharibə ritorikasını bir qədər aşağı salmışdılar. Buna səbəb də itkilər və hər iki tərəfin cəmiyyətinin mənfi reaksiyası idi.

Dünyada hansı proses gedirsə, elə regionda da o prosesin getdiyini görə bilirik. Yəni dünyada ölkələr sürətlə silahlanır, müdafiə xərcələri artır. Bundan başqa, Ukrayna-Rusiya müharibəsi fonunda bir çox bölgədə münaqişə ocaqlarının alovlanma ehtimalını görə bilirik. Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün, demək olar, heç bir təşəbbüs yoxdur. Yəni ölkələrin müharibəyə hazırlaşması fonunda Cənubi Qafqazda sülh ola bilər? Mümkünsüzdür. Ukrayna-Rusiya müharibəsindən sonra ən aktiv, hətta bir neçə dövlətin qoşulma ehtimalı ola biləcək Qarabağ münaqişəsini kim yatmağa qoyar?

Ehtimal edilən, proqnozlaşdırılan müharibədə tərəflər bütün potensialını ortaya qoyacaq. Qarabağ münaqişəsi yenidən müharibəyə çevriləcəyi halda, içinə başqa dövlətləri çəkmə ehtimalı ən yüksək olanlardandır.
 

Dünyapress TV

Xəbər lenti