Ermənistan silahlı qüvvələrinin 13 sentyabr təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı mediaya açıqlamasında iddia etmişdi ki, qardaşı hərbi xidmətə düzəlmək üçün bankdan 6 min manat kredit çəkərək, rüşvət verib. Bu məsələ iki gündür, medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusudur. Müdafiə Nazirliyi məsələnin araşdırılacağını və Sənan Əhmədovun nazirliyə dəvət edildiyini bildirmişdi. Bunun ardınca sosial şəbəkələrdə Sənan Əhmədovun “üzrxahlıq videosu” yayıldı. Videoda şəhid qardaşı dediklərini təkzib edir, yanlışlıq olduğunu bildirir və hamıdan üzr istəyir…
Video yayılan kimi, dərhal məntiqi mexanizm işə düşdü – sosial şəbəkə təmsilçiləri, ictimai sektorda, hətta ondan kənarda olan insanlar kütləvi halda özləri üzr videolarını çəkib paylaşmağa başladılar. Bu paylaşımlardakı sarkazm və kütləvi qınağın ünvanı yenə hökumətdir. Cəmiyyət bütün təbəqələri ilə etirazını bildirir. Bunu edən orqan, yaxud şəxs də daxil, hələ kimsənin bu videonun niyə çəkilib yayıldığını əsaslandıran bircə cümləsi belə yoxdur.
İnformasiya siyasəti, siyasi PR işi yerlə sürünür. Ortada əcaib bir mənzərə var: bir neçə gün əvvəl düşmənlə döyüşü təşkil edən, əmr verən, onlarla şəhidin qanı bahasına müəyyən hərbi-strateji üstünlük əldə edən, geri dönüb şəhid ailələrinə, yaralılara, qazilərə minnətdarlıq etməli olan hökumət… əksinə, onlardan hansınısa üzr istəməyə məcbur edir.
Kimsə durub deməsin ki, məlum video şəhid qardaşının öz təşəbbüsü ilə çəkilib. Ortada məcburiyyət var, “səbəb” isə odur ki, şəhidin qardaşı onun xidmətə rüşvət müqabilində qəbul olunduğunu iddia edib.
(Bu başqa məsələdir ki, məhz komando birliklərinə qəbulda rüşvətin rol oynadığı az inandırıcıdır. MAXE qəbulundan tutmuş, bir çox başqa işlərə qədər rüşvətin rol oynadığı barədə vaxtaşırı iddialar səslənir, hətta buna görə cəzalandırılanlar da olub. Amma komando xidməti üçün belə bir iddia ilk dəfədir eşidirəm. Bəlkə elə bu “ilk dəfə”dədir məsələnin mahiyyəti? Vətən Müharibəsində fenomen kimi ortaya çıxmış, peşəkarlığı və vətənpərvərliyi ilə anidən məşhurlaşmış və insanların sayğı, sevgi ünvanına çevrilmiş, türk ordu sistemində yetişdirilmiş komando birliklərinin rüşvətdə ittiham olunması təsadüfdürmü? Təki təsadüf olsun…)
Sosial media nüvə silahı, atom bombası qədər təhlükəlidir. İnformasiya işinə məsul komanda bunu anlamırsa, bu işin başını buraxmalıdır. Anlayırsa və gücü çatmırsa, yenə buraxmalıdır…
İndi həmin “nüvə reaksiyası” başlayıb:
– iki ildir regionun ən güclü ordusu olduğunu təsdiq etmiş ordumuz indi rüşvətdə suçlanır;
– şəhidin torpağı qurumamış onun qardaşına təzyiq göstərilməsi cəmiyyətdə mənəvi-emosional böhran yaradıb;
– informasiya işinin haradan idarə olunduğu rəsmən bilinmədiyi üçün məsuliyyəti kimin üzərinə yükləməyi də bilməyən insanlar birbaşa hökuməti və onun rəhbərini qınayırlar, konkret əmələ cavabdeh olan məmurlar kənarda qalır;
– Vətən Müharibəsindən sonra olduğu kimi, yenə daxili milli birlik və həmrəyliyi qorumaq yerinə, hansısa “gizli əllər” bu cür etiraz, hətta nifrət yaradan, cəmiyyəti daha çox parçalanmaya yönəldən hadisələr törədə bilir;
– heç bir hüquqi və mənəvi sərhəd tanımayan bu cür faktlar ölkənin bütövlükdə informasiya təhlükəsizliyinin ciddi risk altında olduğunu nümayiş etdirir.
İctimaiyyətin kütləvi üzr videoları ağır mənəvi deqradasıya mənzərəsi yaratmaqdadır. Proses dayanmasa, rüsvayçı bir situasiya ilə üzləşə bilərik. Dayanması üçün isə kimsə cəzalanmalı, bu tip hadisələrə münasibət dəyişməli, idarəçilik qaydaları islah olunmalıdır. Görək, olacaqmı?
Kim çəkib bu videonu? Kim yayılmasına göstəriş verib? Gör, nə qədər piyada məntiqin və primitiv ağlın yiyəsi olmalısan ki, guya “hökuməti xilas etmək, rüşvət iddiasının hədəfindən çıxarmaq” məqsədilə bu cür səbatsız, qeyri-peşəkar, yarıtmaz və təhlükəli qərarlar alasan. Dövlət anlayışının zədələnməsi, şəhidlik kimi müstəsna mənəvi məfhumun cari maraqlara qurban verilməsi bağışlanmamalıdır.
İki ildir ki, Azərbaycan ciddi bir formatın içərisində, böyük risklərin astanasındadır (Bəli, elə son Səmərqənd görüşü də bunu göstərdi). Belə vəziyyətlərdə daha məsuliyyətli və diqqətli olmaq, dövləti hər bir vətəndaşın, xüsusilə də şəhid ailələrinin və qazilərin yanında göstərmək daha doğru olardı. Nəinki o insanların qarşısında, kameranın arxasında…
Qabil Abbasoğlpressklub