Danilovun “xətaları” və ya Kiyev Bakının yardımlarını nə tez unutdu?
Ukrayna siyasətçiləri və mediası Qarabağdakı hadisələrlə bağlı daha diqqətli olmalıdır

Azərbaycan beynəlxalq hüququn prinsiplərini, xüsusilə də suveren dövlətlərin ərazi bütövlüyünə hörməti dəstəkləməkdə ardıcıl siyasət yeridir. Bakı qarşısında kimin olmasından asılı olmayaraq, hətta dünya siyasətinin əsas oyunçuları ilə münasibətlərdə fəsad riski yaratdıqda belə, bu prinsiplərə edilən təcavüzləri eyni dərəcədə pisləyir.

Beləliklə, Bakı Qərb dövlətlərinin təşəbbüslərini dəstəkləmədən Kosovonun tanınmasından qəti şəkildə uzaqlaşdı və öz sülhməramlı kontingentini dərhal bu Balkan regionundan çıxardı.

Azərbaycan 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyib və qondarma Abxaziya və Cənubi Osetiya regionlarının “müstəqilliyini” tanımayıb.

Bakı təbii ki, 2014-cü ildə Krımın ilhaqını və Donbasda separatçı qurumların yaradılmasını dəstəkləməyib. Azərbaycan Rusiyanın Ukraynaya qarşı başlatdığı hazırkı müharibədə onun ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir.

Üstəlik, hərbi əməliyyatların ilk günlərindən Bakı Ukraynaya konkret yardım göstərməyə başladı. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə şirkətinin yanacaqdoldurma məntəqəsində fövqəladə hallar xidmətinin avtomobilləri - təcili yardım maşınları, yanğınsöndürənlər pulsuz yanacaq doldura bilər.

Bundan əlavə, Azərbaycan Ukraynada məhsul yığımına cəlb olunan kənd təsərrüfatı texnikasını təmin etmək üçün yanacaq ayırıb. Azərbaycan hökuməti və ölkənin iri şəhərlərinin administrasiyaları vasitəsilə Ukraynaya böyük humanitar yardımlar göndərilib. Azərbaycan vətəndaşlarının öz təşəbbüsü ilə toplanan humanitar yardımı saymırıq hələ.

Bu yaxınlarda müharibədə valideynlərini itirmiş ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana dəvət olunublar. Ukraynadakı etnik azərbaycanlılar ikinci vətənlərinin müdafiəsi üçün ayağa qalxdılar, onlarla insan bu mübarizədə ölkənin bütövlüyü uğrunda canlarından keçdi.

Təəssüf ki, Ukraynanın dövlət xadimləri və ictimai rəy liderləri Azərbaycanın və azərbaycanlıların dəstəyini heç də həmişə yüksək qiymətləndirmirlər. Ukrayna mətbuatının və rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli qiymət verməsi, tarixi həqiqəti və obyektiv reallığı beynəlxalq hüquq normalarına əsaslanaraq təhrif etməsi xüsusilə çaşqınlıq doğurur.

Və ümumiyyətlə, hətta simvolik yardımla belə, Ukraynaya dəstək verməyən Ermənistana rəğbət və dəstəyin heç bir məntiqi izahı yoxdur. Hələ ermənilərin işğal olunmuş Ukrayna ərazilərinə göndərdiyi humanitar yardımları və könüllüləri demirik.

Azərbaycana qarşı belə ədalətsiz qərəzin ən parlaq təzahürlərindən biri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun Ukraynanın “1+1” telekanalının efirində səsləndirdiyi bəyanatlar oldu. Belə ki, o, Qərb dövlətlərinin Ukraynaya xəyanət etməyəcəyinə əminliyini ifadə edərək, onun müttəfiqlərinə “xəyanət edə bilənin” Rusiya olduğunu diqqətə çatdırıb.

“Ruslar bunu edə bilər: onlar ermənilərə elə xəyanət ediblər - Azərbaycan özünün hesab etdiyi əraziyə daxil olub. Görürsünüz ki, bu gün ruslar Suriyaya xəyanət ediblər - orada müəyyən proseslər gedir. Mən Avropanın bizə bunu etməsini həqiqətən istəmirəm. Amma düşünürəm ki, bu, baş verməyəcək, çünki dünya bunu izləyir”, - deyə Danilov vurğulayıb.

Ukrayna dövlətində belə yüksək səviyyəli təhlükəsizlik məmuru öz ölkəsinin və beynəlxalq ictimaiyyətin tanınmış rəsmi mövqeyinə malik olmalıdır. Qarabağın Azərbaycan ərazisi olması təkcə Bakı tərəfindən deyil, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ukrayna başda olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.

Bu həqiqəti Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də yorulmadan təkrar edir, onun dilindən Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi köməyə görə minnətdarlıq sözləri tez-tez səslənir.

Danilov yüksək səviyyəli dövlət xadimi kimi bu cür “səhvlərə” yol verir. O, nə jurnalistdir, nə bloqçu, nə də ictimai xadim. Onun sözləri Ukrayna dövlətinin mövqeyinə kölgə salır, tarixin belə çətin məqamında ikitərəfli münasibətlərə xələl gətirir.

Peşəkar məlumatsızlığın və bəlkə də, bilərəkdən təxribatın başqa bir nümunəsini Ukraynanın aparıcı iqtidaryönlü “Freedom” telekanalı da nümayiş etdirib. Kanalın aparıcısı “ruslar qəfildən Laçını və bu kəndləri (Zabux və Sus) tərk ediblər, nəticədə Azərbaycan qoşunları 1992-ci ildən bəri onlara məxsus olan ərazilərdən daha çox mövqeləri zəbt ediblər” deyə təəssüfləndi. Azərbaycan telekanalı Kiyevin Donbasdakı əraziləri geri qaytarmasını “işğal” adlandırsa, ukraynalıların reaksiyasını görmək maraqlı olardı.

Ukraynanın siyasi diskursunda Azərbaycana qarşı bu cür hücumlar cavabsız qalmamalıdır. Təbii ki, hər bir blogerə və ya fəala cavab vermək qeyri-mümkündür və mənası da yoxdur. Lakin təhlükəsizlik orqanları əməkdaşlarının, məmurların, deputatların açıqlamaları, hökumətyönlü telekanalların efirində eşidilən bəyanatlar Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən, Milli Məclisin Ukrayna parlamenti ilə əlaqələr üzrə qrupunun üzvləri, azərbaycanlı ekspertlər və s. tərəfindən cavabsız qalmamalıdır.

Belə hallar davam edərsə, təbii ki, Bakı narazılığını daha yüksək səviyyədə bildirməli olacaq. Dövlətlər və ölkələr arasında münasibətlərdə dostluq qarşılıqlı xoş niyyət və eyni zamanda qarşılıqlı məsuliyyətdir. Bu, hər iki tərəfdən qiymətləndirildikdə dəyərlidir.

Müəllif: Fed Bakinski
ayna.az
 

Dünyapress TV

Xəbər lenti