“BakuBus” MMC üçün dövlətin aldığı 715 avtobusun 303 ədədi yoxa çıxıb. Bunu yol-nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında iddia edib.
Bildirdiyinə görə Bakı Nəqliyyat Agentliyi 303 avtobusun istifadəyə yararlı müxtəlif ehtiyat hissələrini söküb digərlərinə quraşdırıb:
“Əslində bir neçə il əvvəl Hesablama Palatası bu faktı ortaya çıxarmışdı. Məlum oldu ki, indiyədək alınan avtobusların 25 faizi istismara yararsız hala gətirilib. “BakuBus” bunu qeyri-rəsmi olsa da belə əsaslandırdı ki, onlar dövlətə müraciət ediblər ki, ehtiyat hissələrinin alınması üçün vəsaitin ayrılsın. Guya dövlət tərəfindən də onlara heç bir vəsait ayrılmayıb. Belə olan təqdirdə “BakuBus” avtobusları söküb o birilərinə ehtiyat hissələri kimi istifadə etmək məcburiyyətində qalıb. Hesablama Palatası iddia edir ki, 303 avtobus istismara yararsız hala salınıb və onları təmir etmək belə mümkün deyil. 2015-ci ildə dövlət tərəfindən alınan 715 avtobusun 303-ü sıradan çıxıbsa, yerdə 412 avtobus qalır.
Məndə olan məlumata görə həmin avtobusların gündəlik 100-120 ədədi xəttə buraxılmır. Hansı səbəbdən buraxılmır, bunu da araşdırmaq lazımdır. Ehtimal olunur ki, yanacağın qiyməti bahalaşandan sonra “BakuBus” və digər daşıyıcı şirkətlər ehtiyat hissələrinə, eləcə də digər xərclərə qənaət etmək məqsədilə avtobusları bilərəkdən xəttə buraxmır. Düşünürəm ki, bu qanunsuz hərəkətin qarşısı alınmalıdır”.
Elməddin Muradlının sözlərinə görə BNA bu prosesə heç bir müdaxilə edə bilmir və nədənsə məsələni aqressiya ilə qarşılayır:
“Amma biz özümüzdən demirik. Hesablama Palatası araşdırıb və qüsurları üzə çıxarıb. Bunu kim eliyib bilinmir. Bilinən bir var, hal baş verəndə “BakuBus” BNA-nın tərkibində olub. Hər bir halda bu məsələyə görə BNA cavab verməlidir. Məntiqlə yanaşsaq, Bakıda fəaliyyət göstərən 30-a yaxın daşıyıcı şirkət necə dolanır? Özəl sektordur, nə qədər vergi ödəyirlər və müəyyən xərcləri var. Bu şirkətlər yaşaya bilir, amma “BakuBus” özünü batırdı.
Deməli burada qaranlıq məqamlar və qüsurlar var. “BakuBus”vaxtilə öz sürücüləri üçün bir dəst kostyumu 800 manatdan daha baha qiymətə qeydiyyata salıb. Bilmirsən bunlar hansı firmanın kostyumunu alıblar ki, bu qədər vəsait xərclənib. Əlbəttə ki, 800 manata kostyum alanda, ehtiyat hissəsi almağa pul çatmayacaqdı. İnvestisiya Holdinqi də “BakuBus”ı tam rahat şəkildə idarə edə bilmirsə, özəl şirkətlərə versinlər.
Ya da bazar qiymətinə hesablayıb onlara satıla bilər. Hətta uzunmüddətli kredit şərtilə də verilə bilər. Özəl daşıyıcı şirkətlər bunun öhdəsindən daha yaxşı gələr. İstənilən halda bu sahənin özəl sektora verilməsi vacibdir. Həm də dövlət nəzarəti üzərlərində olmalıdır”, - deyə ekspert qeyd edib.
Hesablama Palatası 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı ortaya çox ilginc məqamlar çıxıb. Belə ki, “BakuBus” MMC-nin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarı dayandırılıb.
Nə az, nə çox 80 milyon manat vəsait hesabına alınan avtobusların 25 faizini ümumiyyətlə xəttə buraxmayıblar.
Alçina Amilqızı, Bizim.Media