İlk öncə “Tüfan”dan əvvəlki Birinci Böyük Turan İmperatorluğunun (Ceyms Çörçvordun yazdığı kimi Böyük Uyğur İmperatorluğunun – A.M.), Oğuz Xaqanın (Alp Ər Tonqanın, Əfrasiyabın – A.M.) yaratdığı İkinci Böyük Turan İmperatorluğunun, daha sonra Saka (İskit, Skif) Türklərinin yaratdığı Saka İmperatorluğunun davamı olan Böyük Hun İmperatorluğunun əsasını eradan əvvəl 220-ci ildə Mətənin atası Teoman (Tuman) qoymuşdur. Eradan əvvəl 220-209-cu illərdə ayrı-ayrı Türk boylarını öz bayrağı altında toplayan Teoman Çinin bəzi bölgələrini və digər qonşu ölkələri də öz hakimiyyəti altına alaraq böyük bir İmperatorluq yaratmağa müvəffəq olmuşdur. Teoman Tanhunun (“Tanhu” Hun Türklərinin dilində “İmperator” deməkdir – A.M.) 11 illik (eradan əvvəl 220-209-cu illər) hakimiyyətindən sonra taxta çıxan oğlu Mətə (Çinlilər “Mətə”nin adını “Mao-tum şəklində yazmışlar – A.M.)eradan əvvəl 209-cu ildə “Hun Tanhusu” elan edilmişdi.
35 illik (eradan əvvəl 209-175-ci illər) hakimiyyəti dövründə Mətə bütün ətrafdakı Türk, Moğol və Tunquz qövmlərini bir araya toplayaraq bütün Altay, sonra isə Hindistan və Xəzər dənizinə qədər Asiyanın mühüm bir qismini fəth etmişdi. Mətənin dövründə Türk Hun Xaqanlığı Sakit okeandan Xəzər dənizinə, Tibet və Kəşmirdən Şimali Sibirə qədər 18 milyon kilometrlik böyük bir ərazini əhatə edirdi. Mətənin sayəsində Çin, Hindistan və Persiya xaric Asiyanın bütünü Türklərin əlinə keçmişdi. Tədqiqtçılar göstərirlər ki, Mətə kimi xüsusi bir hərb dühasının, təşkilatçı bir dövlət adamının sayəsində Hun Türkləri Cahan hakimiyyətinə yiyələnmiş, onun qurduğu İmperatorluq ərazi baxımından Əhəmənilərin, Makedoniyalı İsgəndərin və Roma İmperatorluğunun ərazilərindən daha geniş olmuş, Mətə strateji baxımdan Kir, İskəndər və Sezardan üstün olmuş, bu cahangirlərin heç biri dünya coğrafiyası üzərində Mətə dərəcəsində geniş hərbi hərəkatlara girişməmişlər (Seçmələr bizimdir – A.M. Bax: Yılmaz Öztuna, Böyük Türkiyə tarihi. Birinci cilt, İstanbul 1988, səh. 47-78, 59).
İlk öncə Tunquz – Moğol qəbilələr birliyi olan Tunq – huları məğlub edərək hakimiyyətini Quzey Peçiliyə qədər genişləndirən Mətə Xaqan güney –batiya dönmüş və Orta Asiyadakı Yüəçiləri oradan qovub çıxarmış, güneyə yönələrək Ordos bölgəsini ələ keçirmiş və oradan da Çinə yürüşə başlayaraq Mai-yi, Tai-yuan şəhərlərini zəbt etmişdi. Mətə Çindəki Xan sülaləsinin qurucusu İmperator Kaotinin 320 minlik piyada ordusunu eradan əvvəl 201-ci ildə mühasirəyə almış, əlacsız qalan İmperator Kaotin vaxtilə çinlilər tərəfindən zəbt edilmiş Türklərin yaşadığı bütün torpaqları Hun dövlətinə qaytarmış, illik vergi verməklə sülh bağlamış, özünü və ordusunu qurtarmağa müvəffəq olmuşdu.
Çin ilə ticarət əlaqələri yaradan Mətə İrtış yatağına qədər olan Qırğız məmləkətini və buranın qərbindəki Tinqlinqlərin ərazilərini, bəzi qədim Oqurların qolları ilə məskun əraziləri və Şimali Türküstanı zəbt edərək Issık gölü ətrafındakı Vusunları da öz hakimiyyəti altına almışdı.
Beləliklə, Böyük Hun hökmdarı Mətə o dövrdə Asiya qitəsində yaşayan Türk soyundan olan əksər topluluqları öz hakimiyyəti altında birləşdirməyə müvəffəq olmuşdu. İmperatorluğun sərhədlərini Mancuriyadan Aral gölünə, Qərbi Sibirdən Qobu çöllərinə və Tibetə qədər genişləndirən Mətənin tabeliyində Türk boyları ilə yanaşı Moğol, Tunquz və Çinlilər də var idi.
Mətə tərəfindən Çin hökmdarına göndərilən eradan əvvəl 177-ci il tarixli bir məktubdan anlaşıldığına görə, Hun dövlətinə bağlı qövmlərin sayı 26 idi və Tanhu (İmperator) Mətənin ifadəsi ilə bunların hamısı “yay gərən xalq” yəni “Hun” olmuşdular.
“Göy Tanrının yer üzündəki təmsilçisi”, “Göy Tanrı qədər müqəddəs” sayılan Mətənin yaratdığı Hun İmperatorluğu mülkü və hərbi təşkilatı ilə, daxili və xarici siyasəti ilə, dini ilə, ordusu və hərbi taktikası ilə, sənəti ilə yüksək vəsfli bir cəmiyyət halında daha sonraları əsrlər boyunca bütün Türk dövlətlərinə örnək olmuşdu.
Mətə Xaqanın sayəsində Hun türkləri Koreyadan Macar Ovasına qədər olan ərazilərə sülh, əmin-amanlıq və rifah gətirmişdilər. Məşhur Hun tədqiqatçısı De Groot özünün “Hunlar” adlı əsərində göstərir ki: “Mətə Çin İmperatoruna yazdığı bir məktubda ona hakimiyyəti altında olan qövmlərin qüdrətli Hun İmperatorluğunun bütün nemətlərindən faydalandıqlarını, sülh və səadət içində yaşadıqlarını bildirmişdi” (Bax: De Groot, Die Hunnen, Berlin 1927, səh.74).
Mətə taxta çıxınca dövlət quruluşunda yeni qaydalar tətbiq etmiş, cox nizamlı ordu yaratmış, İmperatorluğu 24 ordu başçısı arasında bölüşdürmüş, hər komandanın ixtiyarına on min süvaridən ibarət bir tümən vermişdi.
Mətə ordusunu dəmir intizama alışdırmış, döyüş anlarında özünün fit çalan oxunu haraya atardısa, əskərlərinin də qeyd-şərtsiz dərhal oxlarını o istiqamətə atmaları gərəkirdi. Bu işdə ən kiçik tərəddüd və ya səhv ölümlə cəzalandırılırdı.
Çin mənbələrinin verdiyi məlumata görə, Mətə eradan əvvəl 177-ci ilə aid digər bir məktubunda bildirmişdi ki: “Yay gərməsini bilən bütün qövmlər birləşdi”. Mətənin ordusunda əsas silahlar yay, ox, mizraq və qılınc idi. Hun əskərləri kənarları kürklü dolmandan ibarət dəri paltarlar, ayaqlarına çəkmə geyər, bellərinə toqqalı dəri kəmərlər bağlayar, başlarına kalpaq keçirərdilər. (Bax: Prot. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh.66,67).
Mətə öz müəzzəm ordusunu onluq sistemi əsasında qurmuş, ordunun başına onbaşı, yüzbaşı, minbaşı və tümənbaşılar təyin etmişdi (Bax: Prof.Dr. Anil Çeçen, Türk devletleri, Ankara 2003, səh.53).
Mətənin yaratdığı Hun İmperatorluğunda ən önəmli vəzifə və ünvanlar sol və sağa görə bölünmüş, sol tərəf aparıcı ünsür sayılmışdı. Çünki Günəşi öyən Türklərdə üzü cənuba çevirəndə sol tərəf Günəşin doğduğu yer idi. Hunlarda bu vəziyyət “Sol Bilgə Eliq” (Sol bilikli hökmdar) və “Sağ Bilgə Eliq” (Sağ bilikli hökmdar) olaraq adlandırılmışdı. Sol Bilgə Eliq Böyük Tanhunun (İmperatorun) soyundan olmaqla vəliəhd sayılmışdır. İstər sol, istərsə də sağ hökmdarlar Tanhunun qardaş və oğullarından ibarət olmuşdur.
Mətə və Mətədən sonrakı bütün Hun hökmdarları Göy Tanrı tərəfindən taxta çıxdıqlarına, Göy Tanrının onlara vəzifələrini yerinə yetirməsi üçün fərdi qabiliyyət və üstünlüklər verdiyinə inanmışlar.
Mətənin başçılığı ilə öz paytaxtlarını Ötükəndə yaradan Hun Türkləri yüksək sənət əsərləri ilə bu bölgəni bəzəmiş, Hun Türklərinin sayəsində bütün Altay bölgəsi o dövr Türk mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Hun Türklərinə məxsus Altay dağlarındakı zəngin kurqanlar bunu sübut etməkdədir. Bu kurqanlardan tapılan düz və əyri qılınclar, qızıldan və gümüşdən işlənmiş müxtəlif əşyalar, ayrı-ayrı əşyalar üzərindəki ov səhnələri, müxtəlif heyvan rəsmləri, bronz üzərindəki heyvan heykəlcikləri, yarı insan, yarı maral formasında ruhları təmsil edən heykəllər, Hun Türklərinin kutsal saydıqları xallı maral fiqurları, at heykəlləri, göy cisimlərinin rəsmləri və s. Hun Türklərinin günümüzədək gəlib çatan maddi mədəniyyət nümunələridir.
Mətə Xaqanın dövründə Türk sənəti Qara dənizin quzeyindən Sakit Okean sahillərinə qədər hakim bir mövqeyə yüksəlmişdi. Mətənin dövründə o zamana qədər dağınıq halda olan Türk qovmlərinin mədəniyyət mərkəzləri birləşdirilmiş, Türk qovmləri arasında üslub bənzərliyi təşəkkül tapmış, Türklərin yenidən millət halına gəlməsində mühüm rol oynamışdı ki, bütün bunlar siyasi birliyin və böyük bir İmperatorluğun bəxş etdiyi nemətlərdəndir.
Mətənin başçılığı ilə Hun Türkləri Uzaq Şərqlə Yaxın Şərq mədəniyyətləri arasında əlaqə yaradaraq, Asiyanın iki ucu arasında mədəniyyətləri çulğalaşdıraraq insanlıq tarixində mühüm rol oynamışlar. Mətənin eradan əvvəl 177-ci il səfərində Xəzər dənizinə, yəni Avropa qapılarına erişməsi onu Yaxın Şərqin də əlaqələndiyi bir şəxsiyyətə çevirmişdi. Mətəni yalnız şimalda Şimal Buzlu Okean, cənubda Himalay dağları, şərqdə Sakit Okean, qərbdə isə Xəzər dənizi və Ural dağları durdura bilmişdi. (seçmələr bizimdir – A.M. Bax: Yılmaz Öztuna, Böyük Türkiye tarihi, birinci cilt, İstanbul 1983, səh.59 .)
Mətənin dövründə də Hun Türkləri “Göy Tanrı” dedikləri tək Tanrıya inanmışdılar. Bu baxımdan onların dünyaya hökm etmək üçün yaradıldıqları və bu müqəddəs işin yerinə yetirilməsinin Göy Tanrı əmri olduğu haqqındakı qənaətləri çox səmimi idi.
Hun Türklərində “Vətən, torpaq” müqəddəs sayılmışdı. Mətənin “Torpaq millətin köküdür” kimi məşhur ifadəsi tarixi qaynaqlarda xüsusi qeyd edilmişdi.
Yalnız piyada ordu birliklərindən ibarət çinlilər Mətədən sonra Hun Türklərini təqlid edərək ilk dəfə atı yəhərləmiş, süvari ordu birlikləri yaratmış, əskərləri Çinli qiyafəti ilə ata minmək çətin olduğundan Hun Türkləri kimi şalvar geymişlər.
Mətə oğullarına milli birliyə bağlı qalmalarını və Türk törələrinə əməl etmələrini tövsiyyə etsə də Mətənin ölümündən sonra oğlu Tan-hu (İmperator) Ki-ok (eradan əvvəl 174-160-cı illər) Böyük Hun İmperatorluğunun əzəmətini qoruyub saxlasa da İmperatorluğun ərazisini daha da genişləndirsə də Türk törəsinə və atası Mətənin tövsiyyəsinə əməl etməyərək böyük bir tarixi yanlışlıq yapmış, Çin prensesi ilə evlənmiş, bununla da Türk dövlətçilik tarixi baxımından pis nəticələr verə biləcək bir cığır açmış, Türk dövlətlərinin məhvinə aparacaq bir ənənənin əsasını qoymuşdu. Mətənin oğlu Ki-okun dövründə bu yanlışlıq bir o qədər hiss olunmasa da, onun ölümündən sonra oğlu Tanhu Kun-sin (eradan əvvəl 160-126-cı illər) də bu səhvi təkrarlayaraq Çinli prenseslə evlənmiş və beləliklə də Çin cəsusları və diplomatları bu prenseslər vasitəsilə Hun İmperatorluq sarayına yol tapmış, Türk ordu sistemini və silahlarını mənimsəyib Çin ordusuna tətbiq etmiş, ilk dəfə olaraq Çin ordusunda Hun tərzində suvari birlikləri yaratmış və nəhayət bizim eranın III əsrinin başlanğıcında Böyük Hun İmperatorluğunu parçalamağa müvəffəq olmuşdular.
Bəzi tədqiqatçılar Böyük Hun İmperatoru Mətə ilə İkinci Böyük Turan İmperatorluğunun yaradıcısı Oğuz Xaqanı (Alp Ər Tonqanı, Əfrasiyabı) eyniləşdirmişlər. (Bax: Prof.Dr.Osman Turan, Türk cihan hakimiyeti mefkuresi tarihi, Ahkara 1969, səh 78; Yılmaz Öztuna, Büyük Türkiye tarihi, I cilt, İstanbul 1983, səh. 48,52; Rəfik Özdək, Türkün qızıl kitabı, Bakı 1992, səh 6, 60 və s .
Halbuki, təkcə “Avesta”nın yazıldığı eradan əvvəl 1300-cü ili və bu müqəddəs kitabda Əfrasiyabın (Oğuz Xaqanın, Alp Ər Tonqanın) adının çəkilməsini nəzərə alsaq Hun hökmdarı Mətə ilə Turan İmperatoru Oğuz Xaqanı (Alp Ər Tonqanı, Əfrasiyabı) ən azı min yüz (1100) illik bir zaman kəsiyi ayırır.
Mətənin yaratdığı Böyük Hun İmperatorluğu özündən əvvəlki Birinci və İkinci Böyük Turan İmperatorluqları (Birinci və İkinci Böyük Turan İmperatorluğu haqqında geniş məlumat üçün bax: Aydın Mədətoğlu Qasımlı, Türklər, Bakı 2012) və Saka (Skif, İskit) İmperatorluğu kimi Türk tarixi və Türk dövlətçilik tarixində önəmli rol oynamışdı. Mətə Xaqanın yaratdığı Böyük Hun İmperatorluğu özündən sonrakı bütün Türk dövlət və İmperatorluqları üçün örnək olmuşdur.
Mətə Xaqan eradan əvvəl 174-cü ildə vəfat etmişdir.
Ruhu şad olsun! Amin.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Teref.az