Müharibənin gedişi dəyişir-
“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.

Bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib. O hesab edir ki, Ukrayna Krımı işğaldan azad edəcək:

“Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Düşünürəm ki, Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Çünki rusların döyüşmək üçün iradəsi olmadığına əminəm”.

Maraqlıdır, generalın dedikləri nə dərəcədə realdır? Həqiqətən yaxın tarixdə Ukrayna başda Krım olmaqla, ərazilərini işğaldan azad edə bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, artıq Ukraynanın ərazilərini işğaldan azad etmə prosesi başlayıb:

“Ukraynanın bugünkü hədəfi Rusiyanın təchizat əlaqələrini qırmaq, bütün silah anbarlarını və canlı qüvvəsini məhv etməkdən ibarətdir. Bununla da, logistika tamamilə sıradan çıxarılacaq. Çünki mütəmadi təchiz olunmayan ordu qısa müddətdən sonra öz döyüşkənliyini itirəcək. Əlbəttə ki, silah-sursat və canlı qüvvə qıtlığı yaşanması ordunun məğlubiyyəti ilə nəticələnəcək. Ona görə də artıq çox ciddi nəticələrin olduğunu da düşünürəm.

Demək olar ki, Rusiya Ordusunun hücum potensialı tamamilə tükənib. Hətta onların hücum əməliyyatlarındakı intensivlik də minumuma enib”.

Həmsöhbətimiz əlavə edib ki, bir çox istiqamətlərdə Ukrayna Ordusu Rusiya qüvvələrini iflic vəziyyətinə salıb:

“Artıq Ukrayna Ordusu əks-hücum əməliyyatları da həyata keçirir və konkret olaraq hərbi nailiyyətlər əldə olunub. Ukrayna Ordusunun Baş Qərargahı işğaldan azad olunan yaşayış məskənləri və əraziləri hələlik açıqlamaq istəmir. Onlar rus ordusunun ciddi artilleriya zərbələrinə məruz qalmamaq üçün azad olunan əraziləri açıqlamırlar. Ancaq xarici mənbələrdən təsdiq olunan konkret informasiyalar var. Artıq Xarkov istiqamətində bir sıra ərazilər işğaldan azad olunub. Eyni zamanda, Xerson istiqamətində də kiçik həcmdə də olsa əks-hücum əməliyyatı davam edir. Proseslər sadəcə Ukraynanın cənubunda deyil, Donetsk və Luqansk istiqamətində də gedir. Hətta Rusiya Luqanskda ələ keçirdiyi əraziləri də tədricən itirməkdədir. Artıq Ukrayna Ordusu Luqanskın içərisinə doğru irəliləməkdədir. Həmçinin, Donetskdəki bir neçə yaşayış məntəqəsi də işğaldan azad olunub”.

Politoloqun sözlərinə görə, amerikalı generalın dediklərində böyük həqiqət var:

“Ancaq Ukrayna Ordusu qısa müddət ərzində istədikləri silahları almalıdır. Belə olacağı təqdirdə, Ukrayna ilin sonuna qədər əks-hücum əməliyyatları ilə hədəflərinə nail ola bilər. Daha sonra isə Donbasın tamamilə azad olunması hədəflənəcək. Eyni zamanda, Ukrayna ərazilərini tamamilə işğaldan azad etmək imkanı qazanacaq. Hətta bu, danışıqlar yolu ilə də mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, Ukraynanı müdafiə edən ABŞ və Böyük Britaniya kimi güc mərkəzləri Rusiyaya zaman qazandırmaq istəmirlər. Çünki müharibənin uzanması Rusiyanın aqressiyasının artacağı mənasına gəlir. Ona görə də Rusiyanın silah təchizatı cəhətdən tükəndiyi bir zamanda Ukrayna ağır zərbələr endirərək, rus ordusunu tamamilə məhv etmək iqtidarındadır”.

Elmir
Cebhe.info
 

Dünyapress TV

Xəbər lenti