Hakimiyyətin mənimsənilməsi nədir?
Hüquq ədəbiyyatlarında bu anlayış tarixi zərurətdən doğan bir termin olmaqla "hakimiyyətin qəsbi", "səlahiyyətlərin mənimsənilməsi" və digər aspektlərdə nəzərdən keçirilir. Ümumi mənada isə "hakimiyyətin mənimsənilməsi" dövlət əhəmiyyətli siyasi, strateji və s. gücün əxzini və yaxud belə bir gücün dövlət səlahiyyətinin ziddinə istifadəsini özündə ehtiva edir. Müxtəlif formasiyalardan asılı olaraq bu proses hər dövrdə fərqli modellərdə həyata keçirilmişdir. Birinci olaraq, bu tendensiya bizim eradan əvvəl 4-cü minillikdə, ilk dəfə siyasi vahid kimi dövlət parametrlərinə uyğun olan qədim Misirdən başlamış və keçmiş fironun adından kəsilən pul sikkələrinin və digər atributiv nəsnələrin yeni fironun adına dəyişdirilməsində ifadə olunmuşdur.

Bu gün müasir anlamda, rusca «узурпация власти», ingiliscə “usurpation of power” kimi istifadə olunan bu termin, öz etimologiyasını qədim latın dilindən "usurpare" sözündən almışdır. İlk vaxtlar mənası "istifadə etmək" olsa da, sonradan Roma imperiyasında "hakimiyyətin mənimsənilməsi", "hakimiyyətin ələ keçirilməsi" kimi fərqli kontekstlərdə öz əksini tapmışdır. "Hakimiyyətin qəsbi" istilahı isə o dövr üçün siyasi rəhbərliyi zor gücünə devirməkdə ifadə olunaraq b.e. 4-cü əsrin ikinci yarısında Böyük Roma İmperiyasının ciddi siyasi böhran keçirdiyi və dağılma ərəfəsində olduğu vaxtda aktual olmuşdur. Belə ki, o dönəm eyni zamanda siyasi gücləri olan və adətən hərbi çevriliş və yaxud vətəndaş müharibəsi yolu ilə iqtidarı ələ keçirən şəxsin hərəkəti "məşru hakimiyyət", məğlub şəxsin (usrpator) hərəkəti isə "hakimiyyətə qəsb" kimi qiymətləndirilirdi.
Bu gün hakimiyyətin mənimsənilməsi termininin ifadə etdiyi məna isə tam fərqli kontekstdə olmaqla demokratik siyasi rejimin normativ tələblərindən biri kimi çıxış edir və müxtəlif dövlətlərin ana qanununda müxtəlif formada ifadə olunub (Türkiyə Anayasasında "Türk xalqının hakimiyyəti heç bir şəxs, zümrə və ya sinfə həvalə edilə bilməz", Rusiya Federasiyasının Konstitusiyasında "hakimiyyətin ələ keçirilməsi və ya mənimsənilməsi federal qanunlarla məsuliyyət yaradır" və s.).

Əksər dövlətlər kimi, Azərbaycan Respublikası da bu məsələni öz ali qanunvericilik aktında nəzərdə tutmuşdur. AR Konstitusiyasının 6-cı maddəsinə əsasən Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz və hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı ən ağır cinayətdir.
Ancaq respublikanın cinayət qanununda "hakimiyyətin mənimsənilməsi" deyə bir cinayət əməli nəzərdə tutulmamışdır. Bildiyimiz kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır.

Yəni, Cinayət Məcəlləsində nəzərdə tutulmamış heç bir əməl cinayət deyil.

Bəs bu norma nəyi ifadə edir?

"Mənimsəmək" sözü leksik mənasına görə "hazır olan, formalaşan bir şeyə sahiblənmək" mənasını verir. Sözügedən maddənin "Xalq Hakimiyyəti" fəslində əks olunması onu bildirir ki, hakimiyyəti formalaşdıran, onun mənbəyi xalqdır, yəni hakimiyyət xalqındır və xalq öz hakimiyyətini müxtəlif dövlət orqanları vasitəsilə həyata keçirir. Onun qeyri bir yolla əxzi anti-konstitusiondur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan, eyni zamanda bir neçə, müxtəlif obyektləri olan cinayət əməlləri hakimiyyətin mənimsənilməsi ilə müşayiət oluna bilər, yəni Konstitusiyanın bu normasında bir az məcaziliyə yol verilməklə sözügedən "cinayət"in obyekti qismində xalq hakimiyyəti, zərərçəkmişi qismində isə xalq göstərilir. Obyektiv olaraq isə, "hakimiyyətin mənimsənilməsi" aşağıdakı halları özündə ehtiva edir:

1. Dövlət hakimiyyəti səlahiyyətlərinin hər hansı bir yolla ələ keçirilməsi;
2. Konstitusiyadan irəli gəlməyən dövlət səlahiyyətlərinin həyata keçirilməsi;
3. Hakimiyyətin bölgüsü mexanizminə zidd olaraq bir dövlət orqanının səlahiyyətlərinin digər dövlət orqanı tərəfindən mənimsənilməsi;
4. Dövlətin verdiyi səlahiyyəti şəxsi güc kimi istifadə etmək (adətən, güc strukturları)
5. Vəzifə səlahiyyətlərini aşmaqla müxtəlif hərəkətlərin edilməsi;
6. Konstitusion quruluşa zidd olaraq iqtidarı ələ keçirmə və ya buna cəhd etmə.
BDU məzunu hüquqşünas
Elvin Hüseynov
 

Dünyapress TV

Xəbər lenti