Boş platformalar həmişə belə olur: yayda isti, qışda soyuq...
Təsəvvür edə bilmədiyiniz bəxtəvərliyin nə vaxtsa sizə də qucaq açacağınıza inanırsınız hələ? Xəyallarınızın taleyinizə yazıldığına necə də əminsiniz, bilirəm. Bütün insanlar belədir: mən də, sən də, axtardığımız “O” da.
Doğulandan bəri arzuladığımız xoşbəxliyə bir gün qovuşacağımıza uşaq kimi ümidlər böyüdürük. “Bəlkə də, həmin gün yaxındadır”, - deyirik. Həftəsonu, ya da elə sabah yuxudan oyananda üz-üzə gələcəyimizə o qədər əminik ki.
Bu şəhər kasıblarla doludur, hamısının da arzuları bitib-tükənmir. Ancaq onlar bu arzuların bəzilərini yola çıxarkən itiriblər, bəzilərini də əllərindən alıblar. Kasıblar insanların malını, varlılar isə haqqını oğurlayırlar.
Bitməsini istəmədiyimiz oyunun son dəqiqələri kimi maraqlıdır həyat. Hərçənd, ölənə kimi cavabını tapmağa çalışdığın bircə sual olur və hər gün həmin cavabı axtarmaq üçün oyanırsan yuxudan. Başlayırsan daşlı-kəsəkli küçələrlə vağzala doğru qaçmağa ki, axırıncı qatarı buraxmayasan.
Yuxudan vaxtsız qalxmağın işgəncələri ayağına dolaşır, addımlaya bilmirsən. Gah bütün uğursuzluqlarına görə kasıblığını daş-qalaq edirsən, gah da yarımçıq qalan yuxunu xatırlamaq üçün yaddaşınla güləşirsən.
Boğazın quruyub, axşamdan siqaretin qurtarıb. Evdən çıxanda heç çay da içməmisən. Tək yaşayırsansa, həyatda bəzi şeylərdən vaz keçməlisən, məsələn, səhər yeməyindən. Bəzi şeyləri isə heç vaxt unutmamalısan - saatın zəngi kimi. Özümüz seçdiyimiz şeylər məhv edir bizi.
Dükana girib siqaret alas an, bəlkə? Ancaq vaxtın az qalıb, bir az da büdrəsən, sonuncu vaqon da küsüb gedəcək. Axı bu qatar əvvəlkilərə bənzəmir, çox sürətlidir, ömür kimi tez ötüb-keçir stansiyadan. Cəmi bircə dəfə şans verir ki, əyləşəsən. Yoxsa gecikmiş məhəbbətlərin kimi arxasınca baxıb heyfislənməkdən başqa qazancın qalmır.
“Sabahın xeyir, balaca” deyib, səkidə səndən pul istəyən qaraçı uşağı ilə salamlaşır, yoluna davam edirsən. “Nə qəşəngdir, elə deyilmi? Bir azca saçını darasaydı, üzünü yuyub o da məktəbə getsəydi, daha gözəl görünməzdimi? Ancaq o, belə daha xoşbəxtdir, bəlkə də. Nə itirdiyi, nə də axtardığı kimsə olacaq ömrünün sonuna qədər. Səkilərdə doğulub, səkilərdə böyüyəcək, elə burada da öləcək”.
Stansiyaya yaxınlaşanda saçını, sonuncu dəfə geydiyi paltarı xatırlayırsan. Axırıncı eşitdiyin addım səslərini yada salırsan. Mülkədarlar bahalı restoranlarda, konsert zallarında ömür boyu gözlədikləri o səsi, simanı axtarırlar, kasıblar isə avtobuslarda, qatarda, metro vaqonlarında.
Evdən düz vağzala kimi gördüyün üzlər hər gün təkrarlanır: dəyişməyən xarakterlər, eyni vaxtda küçələrə axışan işçilər və eyni saatın zənginə oyanan kasıblar. Təkcə geyimlər dəyişir. Dünən qara qısa ətək geyinən rus qızı bu gün topuğuna qədər paltarlarla silahlanıb. Qarşında oturan ortayaşlı qadın da yenə yarımçıq qalan yuxusunu qucağına alıb mürgüləyir.
İndi sonuncu sərnişini gözləyirlər. Birazdan paravozun fiti çalınacaq, qapıları kasıbların üzünə bağlayacaqlar. Sən isə hələ də qaçırsan stansiya boyunca. İnanırsan ki, platformanın sonunda O da səni gözləyir. Ancaq yanılırsan, dostum. Boş platformalar həmişə belə olur: yayda isti, qışda soyuq...
Xəzər Əlizadə,
AYNA üçün
Müəllif: Ayna.az