İranda Xamaneinin siyasi varisi məsələsi müzakirə olunur. Hətta iddialara görə, dini rəhbərin vəziyyəti o qədər ağırdır ki, onun əvəzinə oxşarı çıxıb rəsmi toplantılara vəz söyləyir. İddiaların nə qədər doğru olduğunu deyə bilmərəm. Amma gələcək varis məsələsinin tez-tez gündəmə gətirilməsi torbada pişiyin olmasına dəlalət edir. Atalar demişkən, "od yanmasa tüstü də çıxmaz". Açığını deyim ki, mən şəxsən Xamaneinin tezliklə dünyaya əlvida deyəcəyi ehtimalına sevinmirəm. Əksinə, buna çox üzülürəm. Ona görə yox ki, hər ağzını açanda erməniləri müdafiə edən bu ayətullahi-uzmanın fiziki yoxluğunu böyük faciə olaraq görürəm. Hər birimiz insan olduğumuzdan bir gün mütləq Haqq dərgahına da yürüyəcəyik. Qurani-Kərimdə deyildiyi kimi, “Ondan gəlmişik, Ona da dönəcəyik”. Mütləq zərurətə, təbii ki, nə sevinmək, nə də üzülmək doğrudur. Mən ona görə üzülərəm ki, özü Azərbaycan Türkü olan və özünü dünya şiələrinin lideri sayan bu adam Haqq dərgahına ermənilərin ayətullahı kimi gedəcək. Bəs o sima ilə Allah onu dərgahına qəbul edəcəkmi? Bax, bunu bilmirəm. Allahın işinə də qarışmaq istəmirəm. Özü bilən məsləhətdir. Heydər Oğuz Teref.az