...1828-ci ildə rusarlarla Qacarlar arasında bağlanan "Türkmənçay Müqaviləsi"ndən sonra I Nikolay fərman verdi ki, bütün yazışmalarda, bütün sənədlərdə, hətta şifahı nitqdə İrəvan və Naxçıvan, eləcə də İğdır erməni vilayətləri adlanmalıdır. O tarixdən bu yana yazılan bütün rus sənədlərində belə yazıldı. Və rusların işğalçı kopyası olan avropalılar da bizim torpaqları belə yazdılar. İndi dünya arxivləri 200 il əvvəl əsası qoyulmuş bu yalanla, bu kimi həyasızlıqlarla doludur.
İrəvan qalasının erməniləşdirilməsində, bizim ağaların varidatının müsadirə olunmasında, sürgün edilməsində gürcülər rusa və erməniyə xidmət etdilər. Rusu Qafqaza dəvət etmiş gürcülər işğala qapı açdılar və oğruya bələdçilik etdilər.
Bu, tarixdir... sənədlər saysızdır... danılmaz gerçəkdir...
Mən də bu tarixə əsaslanan bədii bir yazı üzərində işləyirəm...
Biri gəlib oxuyur və öyüd verir, deyir "yeni cəbhə açırsan"
A kişi, Allaha bax, Peyğəmbərə bax, adam olan öz tarixindən qorxmaz... tarixindən qorxmaq kölgəsindən hürkmək kimi bir xəstəlikdir. Get, özünü müalicə et... öz tarixini bilməyən adamın ağlı, fikri yerində olmaz... ağlı olan bilmədiyini öyrənər, soruşar. Tarix od deyil, yandırmır, təcrübə verir... səni sənə tanıdır... nədən qorxursan? Özünü tanımaqdanmı qorxursan? Kimliyindənmi hürkürsən?
Bu "tövsiyələr" məni düşündürdü... açıb ensiklopediyaya baxdım ki axı bu qorxu nədir? Birinci cümlə belə yazılmışdı: qorxu məlumatsızlıqdan doğur. Mübahisəli olsa da çox maraqlı rəydi: demək, qorxu həm də məlumatsızlıqdan doğur.
Məsələn, məlumatsız adam qaranlıq otaqda təhlükə görər və qorxar. Lakin biz evimizin qaranlıq otaqlarında rahat dolaşa bilirik və əlimizi əminliklə işığın düyməsinə basırıq. Çünkü bu qaranlıqdan qorxmuruq... bu qaranlığı tanıyırıq... bu qaranlıq bizə aydındır...
Avropa xalqları yüzillərlə bir-biri ilə savaşmışlar. Bu gün dostdurlar, ən azı bir ittifaqdadırlar. Bunu bilməyən.... qorxar. Bu savaşlar haqqında yüzlərlə kitab yazıldığını, bu gün də nəşr edildiyini, filmlər çəkildiyini, dərsliklərə salındığını və bu mövzuda daima yeni əsərlərin yazıldığını bilməyən... qorxar.
Özgə tarixini və öz tarixini bilməyən tarixdən qorxar.
"Yazıçı ölkənin siyasətini müəyyən etmir" kimi bir gerçəyi bilməyən... yazıdan qorxar. Gürcü fikir adamlarının "biz o vaxt səhv etdik, rusu özümüzə düşmən gətirdik" etiraflarını bilməyən... qorxar.
Azərbaycan insanı arasında hər şeydən qorxan bir təbəqə var. Bu təbəqə xalqın xəstə əzasıdı. Bunlar fikir bildirməkdən, hətta fikir dinləməkdən, başqasının fikrini oxumaqdan belə qorxurlar.
Bu təbəqə səsini qaldırmaqdan, avtobusda siqaret çəkən sürücüyə etiraz etməkdən qorxur. Bahalıqdı, deməkdən qorxur, quru sərhədlər niyə bağlıdı, deməkdən qorxur, maaşım azdı deməkdən qorxur, acam deməkdən qorxur. Təşkilat üzvü olmaqdan qorxur, bu yerdə hətta tük salır... amma müxalifəti tənqid edir ki... elə demə, belə de...
Hətta yazıçıya öyüd verir ki, filan mövzuda yazma... qonşu ilə aramız pozular, yeni cəbhə açırsan... filan...
Adam, sənin, mənim yazdığımı oxumaqdan qorxur. Və utanmadan, öz halını anlamadan ona, buna nəsihət verir.
Bunlar xalqın bütöv orqanizmində qorxudan ölmüş, bitmiş hüceyrələrdir. Ölü hüceyrələr orqanizmi əldən salar, xəstə edər, yorğun, taqətsiz edər... ki gözlə görünməkdədir...
Adam, sən yazma, tarixini oxuma, qorx, ölü cansan, zatən. Yazana öyüd vermə, get, qorxunla uğraş... və get başımdan... səni o günə salanın böyrünə qısıl...
Tarixindən qorxmaq isə deyim ki, bəlkə insanlığın ən böyük müsibətidir. Bax, biz hazırda o müsibətin içindəyik...
s.a. Gözünün odu alınmış bu təbəqədə kişilərin sayca çox olması da bir ayrı dərddir...