Son zamanlarda Azərbaycanda şortik geyinən şəxslərə qarşı aqressiyanın şahidi oluruq. Bu mənfi tendensiya bölgələrdə özünü daha sıx göstərir.
Öncə Qusarda, iki gün əvvəl isə İsmayıllıda yerli əhali ilə turistlər arasında insidentin baş verməsi də bunu göstərir. Buna səbəb nədir? İnsanlar şortik geyinənlərə qarşı niyə belə qəzəblidirlər?
Mövzu haqda “Yeni Sabah”a danışan tanınmış psixoloq Vəfa Rəşidova bildirib ki, bu aqressiya eqoistlikdən və bir az da daxili kompleksdən qaynaqlanır:
“Əgər hansısa bir kişinin həyatında, ailə modelində şortik geyinmək yoxdursa və bu da onu həyata keçirmək istəyir, amma o ailənin basqısından edə bilmirsə, edə bilənlərə bu şəkildə savaş açacaq. Bu gün insanlar ixtiralar edir. Camaat kosmosa uçur, yeniliklər edir, amma biz gör nə qədər cılız mövzuların üzərində işləyirik ki, şortiki mövzu eləmişik. Şortik geyinən adam bunu geyinib ofisə gələrsə müdiriyyət bunu haradasa müzakirə edə bilər, bu onun kriteriyasına uyğun olmaya bilər. Ancaq bu adam istirahətdədir”.
Psixoloqun sözlərinə görə, geyim tərzinə görə təhqir edən insanların əksəriyyəti həyatda uğur əldə etməmiş insanlardır:
“Bu insanlardan soruşmaq lazımdır ki, sən nə isə ixtira etmisən? Və ya sən hansısa bir uğura çatmısan ki, hələ bir kiminsə həyatını müzakirə edə bilirsən? İnsanlar sual edə bilər ki, bəs geyimlə uğurun nə əlaqəsi var? Əlaqəsi çoxdur. Dünya görüşlü, uğurlu, nailiyyət edən insan heç vaxt cılız mövzulara qarışmaz. Bu o demək deyil ki, şortik geyinən insanın nə isə bir çatışmazlığı və ya əksikliyi var.
Biz nəyə görə o düşüncəni çıxarırıq ki, şortik geyinən insan pis insandır. Bu qəlib bir düşüncədir, atıblar ortaya kimə nə sərf edir, onu da təbliğ edirlər. Yəni bir insan həyatında kompleksdən azad olmayıbsa, mütləq şəkildə azad olmaq üçün çalışmalıdır. Sən özün yaşaya bilmirsənsə, qoy digər insanlar yaşasın. Heç olmasa sən də öyrən, sən də o qəlibdən çıx.
21-ci əsrdə yaşayırıq, bu əsrdə insanlar şeirlər yazır, hər cür ixtiralar edir, amma biz hələdə şortikin üstündə qırğın edirik. O qədər məsələlər var ki, müzakirə olunası... Onları müzakirə edib çox şeyi yoluna qoya bilərik. Amma əsas məsəslələr qalıb bir kənarda, qeyri-əsaslardan yapışıb insanlar. İnsanlarımızda, xüsusən də, son zamanlarda empatiya hissi demək olar ki, sıfıra enib”.
Psixoloq kitab oxumağın önəmini vurğulayaraq insanları mütaliəyə səsləyib:
“Artıq insanlar özləri də öz həyatlarını yoluna qoya bilmirlər deyə başqa insanların həyatlarına müdaxilə etməklə təmin olurlar. Azərbaycanın hansısa kitab-dəftərdə yazılmamış qanunları var ki, bunlar yayılıb artıq və sanki bir növ canımıza hopub. “O olmaz, bu ayıbdır, bunu etsəm, belə deyilər”. Ona görə də, uğur qazanan insanlar azdır cəmiyyətdə.
İnsanları uşaq yaşlarından o qədər çox çərçivəyə salırlar ki... 35-40 yaşlarında bir kişi digər bir kişiyə şortikinə görə nə isə deyirsə, bu onda uşaqlıqdan gələn kompleksidir. Dedikləri sözlər də əzbərlənmiş sözlərdir. O insanları oturdub iki dəqiqəlik azadlıq versək başlayacaq şortik geyinən insandan dəfələrlə çox azad davranmağa, daha rahat hiss etməyə. Bəzən deyirlər bu əsr narkomaniyanın əsridir. Xeyr, bu əsr narsizm əsridir. Və biz də narsistərin dövründə yaşayırıq. Yəni, hər kəs mənim kimi düşünməlidir, mənim bildiyim doğrudur, mənim kimi geyinməlidir, doğru olan budur”.
Məsələyə hüquqi yöndən yanaşan vəkil Ruslan Müzəffərli “Yeni Sabah”a açıqlamasında qanunda şortik geyinməklə bağlı heç bir qadağa olmadığını deyib:
“Hətta heç dövlət orqanlarında da dresskodla bağlı qaydalar yoxdur. Sadəcə ümumi olaraq qəbul edilmiş bir şey var ki, vətəndaşlar, məsələn, məhkəməyə gedən zaman, hansısa dövlət orqanına və yaxud hansısa iş görüşməsinə gedən zaman normal olaraq, o situasiyaya uyğun geyim geyinirlər. Amma istirahət zonasında ümumiyyətlə belə bir tələbin kimlər tərəfindənsə edilməsi düzgün deyil. Hesab edirəm ki, heç mənəvi cəhətdən də elə bir tələbin irəli sürülməsi düzgün deyil.”
Geyim məsələlərinə ciddi yanaşılmamalı olduğunu deyən vəkil bu halların az-az yaşandığını deyib:
“Zənnimcə, məlum videodakı turistlərin geyimləri aşırı formada deyil, normal şəhərdə, parkda, çöldə-bayırda geyinilən geyimlərdir. Buna görə də, kənd camaatının o cürə yanaşması başadüşülən deyil. Mən düşünürəm ki, bu təkrarlanan, hər yerdə baş verən fakt deyil, bir dənə İsmayıllıda baş verib.
Geyimə məhdudiyyətlə bağlı və ya hansısa formanın müəyyən edilməsi ilə bağlı bir qanun yoxdur. Hətta bu gün məkətblərdə formalar tələb olunsa da, bu da əslində qaydalardan kənar bir məsələdir. Məktəblərin özlərinin seçimi üzərindədir. Nizam intizamın yaradılması yönündə bir tədbirdir əslində. Psixoloji bir yanaşmadır ki, şagirdlər özlərini daha məktəbəuyğun hesab edəcəklər”.