Lütfən ayılaq, “rusiyalaşmayaq”
Duqinin qızı terrora qurban gedəndə seviniriksə, deməli "rusiyalaşırıq"

Rusiyanın Ukraynaya qarşı apardığı vəhşi müharibə, 21-ci əsrdə torpaq işğal etmə cəhdi, şəhər-kəndləri viran qoyması, uşaq-qoca demədən insanları öldürməsi, 7-8 milyon ukraynalıları qaçqına çevirməsi, təbii olaraq bütün sivil dünyanın qəzəbinə səbəb olub. Amma sivil dünya ona görə cəlbedici və təbliğ olunandır ki, bəlli prinsipləri, qanunları, dəyərləri var - əgər bütün bunları qəzəb məhv etsə, hamımız "rusiyalaşacağıq".

Sivil dünya vətəndaşı həmişə terroru lənətləməlidir - amma terror Rusiya ərazisində olanda, fikirlərini, tezislərini bəyənmədiyimiz Duqinin qızı terrora qurban gedəndə seviniriksə, deməli "rusiyalaşırıq". Və ya, sivil dünyanı ayaqda saxlayan və inkişaf etdirən dəyərlərdən biri mülkiyyət toxunulmazlığıdır, bunu qorumalıyıq - amma, məsələn, onminlərlə Rusiya vətəndaşının Qərbdə mülkiyyəti MƏHKƏMƏ qərarları olmadan müsadirə olunur - buna normal yanaşmağa başlayanda "rusiyalaşırıq".

Yaxud bütün Rusiya vətəndaşlarına "şengen" vizası verilməməsinə, artıq vizası olan vətəndaşların sənədləri ləğv edilərkən sevinəndə "rusiyalaşırıq", çünki bunlar qanuni addımlar deyil, AB ölkələri bu addımlarla öz qanunlarını pozurlar.

Qəzəb və nifrət irrosionaldır, çox pis presedentlər yaradır, sivil dünyanı dəyərlərdən və qanunlardan aralı salır - Kremlə də elə bu lazımdı, istəyir ki, bütün dünya dəyərlərdən, qanunlardan, hüquqdan kənarlaşıb "rusiyalaşsın". Olmaz belə, sivil dünya ancaq öz dəyər və prinsiplərinə sadiq qalsa, "rusiyalaşmasa" Kremlə qalib gələ bilər - Putinin oyun qaydalarına keçmək olmaz, çünki o qaydaları yaxşı bilir, daim qanunsuz, dəyərsiz, prinsipsiz, məhkəməsiz davranıb, indi də oyunu yaxşı bildiyi sahəyə çəkir - ayılaq, "rusiyalaşmayaq"...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert
 
 
 

Dünyapress TV

Xəbər lenti