Daha bir Vətən müharibəsi qazisi özünü icra hakimiyyətinin binası qarşısında yandırıb. Avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Təbriz Abdullayev “Gənc Qazilər” İB-in Samux rayon filialının sədridir. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir. Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Dünən həmçinin başqa bir qazi də özünü Əmlak məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında yandıracağına dair anons verib.
Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezident xüsusilə bir sıra icra başçılarının həbsinə diqqət çəkib və “Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz” deyib. Tələb edib ki, icra başçıları daim insanlarla təmasda olsunlar, kəndlərə getsinlər, problemlərlə maraqlansınlar, sosial ədalət prinsipinə əməl etsinlər. Prezident xüsusi tapşırıq verib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”...
Ancaq yenə də bu sahədə problemlər var. Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Onların təbii ki, travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarının onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər. Ön cəbhədə düşmənə od ələyən döyüşçülər niyə sülh dövründə özlərinə od vururlar?
Bu kimi halların olmaması üçün təcili tədbirlər görülməsi zərurəti ortadadır. Dövlət böyük işlər görür, ev, avtomobil verilir, müxtəlif yardım edilir - bir çox addımlar atılır. Lakin yenə də əsasən kənd rayonlarında yaşayan qazilərimiz sıxıntı çəkirlər. O zaman daha nələr etməli ki, qazilərimiz ölməsin, özlərini yandırmasın? Qazilər üçün psixoloji reabilitasiyalar məcburi olmalıdırmı? Onların sosial problemləri üzrə ayrıca komissiya, qurum yaratmaq təklifi niyə reallaşımır?
Qazilər Birliyinin sədri Asəf Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Qazilər müharibədən, ölümün içindən çıxmış, qan görmüş insanlardır. Özlərinə qəsd etmək onlar üçün elə bir çətin hal deyil. Axı onlar qanın-qadanın içindən çıxmış insanlardır. Bu insanların psixoloji durumları problemlidir, onlara kömək lazımdır. Onlar reabilitasiya mərkəzlərində müalicə edilməli və cəmiyyətə inteqrasiya olunmalı idilər. Həm də müharibədən qısa zaman keçib. Hələ birinci Qarabağ müharibəsindən görün, nə qədər zaman keçib, hələ də qazilər sanatoriyalara göndərilir, müalicələr alırlar. Bu insanlarla işləmək lazımdır. Kənd yerlərində qazilərin problemi həll olunmayanda onlara daha pis təsir edir. Onlar da başqasına xələl yetirmir, gücü ancaq özlərinə çatır. Cənab Prezident dəfələrlə rayon icra hakimiyyətlərinə xəbərdarlıq edib. Onlar vəzifəyə qoyulmayıblar ki, camaatın ”qanını" içsinlər, özbaşınalıq etsinlər. Elə rayonlar var ki, orada icra hakimiyyətləri qazilərin problemini həll edirlər. Amma bu yaxınlarda Ağdamda da qazilərdən biri icra hakimiyyəti ilə danışıqları düz gəlməmişdi, bizim Qazilər Birliyinin nümayəndəsi icra nümayəndələri ilə görüşdü, oradakı problem həll olundu. Bundan əlavə, Kürdəmirdə də qaziyə icra hakimiyyəti tərəfindən torpaq ayrılmışdı. Amma kənd camaatı verməmişdi. İndi kənd camaatına nə deyəsən? Orada da biz Kürdəmirdə olduq, məsələyə aydınlıq gətirdik. Vaxtında biləndə biz xoşagəlməz hadisələrin qarşısını ala bilirik. Bu hadisə də qəfildən baş verib. Deyirlər qazimizin yanıq dərəcəsi 80 faizə qədərdir. Həm kənd yerlərində, həm də şəhərdə qazilərin psixoloji vəziyyəti heç olmasa ayda bir dəfə yoxlanmalıdır. Kəndlərə həkim komandaları yollamaq lazımdır. Rayonlarda xəstəxanalar var, mərkəzlər var. Hər rayonda, kənddə olan qaziləri hamı tanıyır. Reabilitasiya mərkəzləri yaradılmalıdır. Həmin mərkəzlərdə qazilər reabilitasiya olunub, cəmiyyətə inteqrasiya olunmalıdırlar. Əgər qazi Vətən uğrunda mübarizəyə gedibsə, ağlı başında ola-ola ölümün üzərinə gedibsə, onlar üçün özünəqəsd çox adi bir haldır. Müharibədə aldığı kontuziyadır, travmadır, ona görə özlərinə qıyırlar".
Həkim-psixiatr Azad İsazadə də mövzu ilə bağlı fikrini belə açıqlayıb: “İlk olaraq səbəblərdən danışırıqsa, bunun hansı niyə baş verdiyini anlamalıyıq. Bu insanlar müharibədə iştirak edib, döyüşə gedib, insan öldürüb, dostlarını itirib, özləri yaralanıb. Bu insanlar hər gün ölümlə üz-üzə gəlib. Bu halda ölüm qorxusu azalır, çünki ölümə öyrəşiblər. Üstəgəl aqressiya artır. Bunlar artıq mülki həyata birdən-birə qayıda bilmirlər. Fiziki cəhətdən mülki həyata qayıdırlar, psixoloji cəhətdən hələ də müharibədədirlər. Bunlar hər bir xırda şeyə əsəblə, qəzəblə reaksiya göstərə bilərlər. Aqressiya isə ətrafa da ola bilər, daxilə də ola bilər. Daxili aqressiya olanda insan başa düşür ki, mülki həyatdadır, bu avtomat silahı ilə kimisə öldürə bilməz, kimisə döyə bilməz. Bunun hamısı aqrerssiya şəklində yığılır və onun əlində bircə öz canı var. Bezir və bu qəzəbi özünə qarşı istifadə edir. Müharibə iştirakçılarının psixoloji müayinəsinə gəlincə, bu müayinə təşkil olunub. Deyə bilmərik, təşkil olunmayıb. Söhbət müayinə və yardımın insana çatıb-çatmamasındadır. Bakıda, Gəncədə psixoloji mərkəzlər, psixiatrik xəstəxanalar, həkimlər, cürbəcür təşkilatlar var. Amma kəndə çata bilmirik. Kənddə yaşayan qazimizin, kənddə yaşayan müharibə iştirakçısının psixioloji yardım alması çətindir. Birincisi, o anlamır ki, onda psixoloji problem var, psixoloqa getməlidir. Anlasa da heç rayon mərkəzində də psixoloqu tapa bilmir. Bakıya və ya Gəncəyə gəlməlidir. Deməli, müayinə və yardım konkret olaraq pasiyentə çatmalıdır. Çox vaxt çatmır”.
Qeyd edək ki, suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də ünvanladıq. Qurumdan bildirildi ki, gələn həftə bununla bağlı açıqlama veriləcək.
Onu da diqqətə çatdıraq ki, Azərbaycan Prezidentinin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəz yaradılıb. İdarələrarası Mərkəzin nəzdində, o cümlədən, “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrup yaradılıb. İşçi Qrupun vəzifələri arasında qeyd olunan kateqoriyalar üçün sosial-psixoloji reabilitasiyanın təşkili də nəzərdə tutulub.
Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə Nazirlər Kabinetinin qərarı var. Həmin qərara əsasən hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb.
Amma bu komissiyanın işi ilə bağlı nə mediada, nə də internet mənbələrində ciddi informasiyalara rast gəlmək mümkün deyil.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”