Putin tarixə Rusiyanı rəzil bir məmləkətə çevirən natamam “çar” obrazı kimi düşəcək
Özünü Rusiya tarixində dərin iz qoymuş tarixi şəxsiyyətlərlə bir sırada görən və bununla da psixi cəhətdən hansı “zirvələrə” qalxdığı göz önündə olan Putin hələ iyun ayında “gənc sahibkarlar”la görüşdə növbəti dəfə tarixə baş vurmuşdu və özünü I Pyotra bənzətmişdi: “Heç nə dəyişməyib. I Pyotr Şimal müharibəsini 21 il davam etdirib. İsveçlə savaşırdı. Torpaqları qaytarırdı... Qaytarırdı və gücləndirirdi. Belə görünür ki, bizim də payımıza torpaqları qaytarmaq və gücləndirmək düşüb”.
Ancaq son zamanlar Ukrayna cəbhəsində baş verənlər göstərir ki, “21-ci əsrin Pyotru”nun durumu qətiyyən ürəkaçan deyil, onun real imkanları və bacarıqları imperatorluq ambisiyaları ilə heç cür uzlaşmır.
“Torpaqları qaytarmaq və gücləndirmək”dən dəm vuran Putinin 2014-cü ildə işğal etdiyi və həmin vaxtdan bu günə qədər öyündüyü Krım yarımadası artıq bir neçə gündür ki, sözün əsl mənasında yanır!
Əvvəlcə Sakidəki hərbi aerodrom, sonra Cankoydakı hərbi hissə və silah anbarı, nəhayət, dünən gecə Krımda, Sevastopolun şimal-qərbindəki Belbek aviabazası partladıldı.
Həmin gecə artıq Rusiya ərazisi olan Belqorodda böyük silah anbarı göyə sovruldu. İşin Kreml üçün faciəli tərəfi həm də odur ki, bu partlayışları Ukraynanın raket zərbələri nəticəsində baş verdiyini etiraf edə bilmir. Çünki bunun etirafı Putinin acizliyinin, onun Rusiyanın hərbi qüdrəti barədə dediklərininsə quru söz olduğunun etirafı deməkdir. Ancaq əvvəl-axır bu etiraf gələcək, çünki Ukraynanın zərbələri davam edir.
Təkcə Cankoyda baş verən partlayış nəticəsində iki minə yaxın sakin yaşayış yerlərindən təxliyə edildi. Belqoroddakı partlayışdan sonra isə ətraf qəsəbələrin əhalisi köçürülür. Yay istirahətinin ən qızmar çağında rusların ayrı-ayrı bölgələrdən Krıma deyil, Krımdan əks istiqamətə kütləvi axın baş verir. Bu gün artıq rusların sevimli istirahət məkanı olan Krımda və Ukrayna ilə həmsərhəd Rusiya ərazilərində gecələr həyəcan siqnalları eşidilir. Budurmu “21-ci əsrin Pyotru”nun “nailiyyətləri”?!
Bu gün I Pyotrun İsveçlə 21 il müharibə aparmasından danışan və 21-ci əsrdə belə müqayisələrin nə qədər primitiv və savadsız olduğunu bəlkə də anlamayan Putin Ukraynada davam edən savaşın 6-cı ayında Kiyevdən sülh dilənir. Gah Makrona, gah Quterreşə, gah Ərdoğana az qala yalvararaq, onları sülh üçün elçi salır. Hansı ki, işğalın ilk günlərində Kiyevdən qeyd-şərtsiz kapitulyasiya, Ukrayna hərbçilərindənsə evlərinə dağılışmağı tələb edirdi...
Putin bu gün nəinki qanlı savaşa başlarkən bəhanə gətirdiyi Donbası, heç 2014-cü ildə işğal etdiyi Krımı, hətta Rusiyanın beynəlxalq birlik tərəfindən tanınan Ukrayna ilə həmsərhəd ərazilərini belə qoruya bilmir! Onun tərifli “S-300”-ləri, “S-400”-ləri Ukraynanın “göndərdiyi” raketləri nə görə, nə də vura bilmir. Krımda ard-arda baş verən partlayışlar bunun təsdiqidir. Bu gün-sabah Ukraynanın Rusiyaya 3.6 milyard dollara başa gələn və Kremlin uzun illərdir öyündüyü Krım körpüsünü də vuracağı gözlənilir.
Görün, dünyanın nə yeridir ki, uzun illər “misilsiz” hərbi-sənaye kompleksi ilə öyünən Putin Rusiyası İrandan PUA dilənir, özünə Afrika cəngəlliklərində, Cənubi Amerikda “müttəfiq” axtarır. Hətta qonşuları - Qazaxıstan, Cənubi Qafqaz, Orta Asiya dövlətləri və xalqları belə ondan üz döndərir.
Rusiya idmanı, mədəniyyəti, incəsənəti, elmi, kinosu və s. beynəlxalq tədbirlərdən, festivallardan, yarışlardan kənarlaşdırılır, qovulur, Rusiya vətəndaşları Avropa ölkələrinə və digər sivil dövlətlərə buraxılmır. Putinin özünün əlini sıxmağa razı olan dünya liderlərinin sayı isə barmaqla sayılacaq qədərdir. Sıxanlar da bunu könülsüz və əlacsızlıqdan edirlər. Budurmu Putinin Pyotorluğu?
Əlbəttə, I Pyotr bəşəri dəyərlər, dünya tarixi və sivilizasiyası baxımından heç də müsbət tarixi şəxsiyyət sayıla bilməz. Ancaq hazırda baş verənlər onu göstərir ki, Putini hətta bu “parabeyin” rus çarına bənzətmək belə gülüncdür və ondan nə Pyotr, nə Aleksandr, nə Lenin, nə Stalin, nə də başqa birisi olacaq.
Putin tarixə elə Putin kimi düşəcək – Rusiyanı ən korrupsiyalaşmış, sivil bəşəri dəyərlərdən uzaq, dünyanı nüvə silahı ilə hədələyəcək qədər başıpozuq, cəmiyyəti bütün növ azadlıqlardan məhrum edilmiş və mənəvi deqradasiyaya uğramış, şovinizm və imperiyaçılıq bəlasının ən ağır formasına yoluxmuş, təbii sərvətləri bir qrup “dost-tanış” arasında bölüşdürülmüş, bütün dünya qarşısında gözdən, urvatdan salınmış, sözünün, imzasının bir qara qəpiklik dəyəri qalmamış, işğalçılıqla, hərbi cinayətlərlə ləkələnmiş və az qala dünyada Hitler Almaniyası qədər nifrət qazanmış rəzil bir məmləkətə çevirən natamam “çar” obrazı kimi...
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”