Ayı tələyə düşüb: “öldü var, döndü yoxdur” və ya “qabağından yeməzlik” sindromu
Rusiya Prezidenti Vladimir Putin “Ordu-2022” forumunun açılışında bəyan edib ki, hegemon deyilən dövlətə boyun əyməyən ölkələrin rəhbərləri əsl kişi xarakteri nümayiş etdirirlər və təslim olmurlar. Onun sözlərinə görə, hegemon ölkəyə baş əyməyən və mübarizə aparan rəhbərlər tarixdə ehtiramla anılacaqlar.
“Biz suveren, müstəqil inkişaf yolu seçmişik, qlobal və regional təhlükəsizlik problemlərini beynəlxalq hüquq normaları, qarşılıqlı məsuliyyət və qarşılıqlı maraqlar əsasında kollektiv şəkildə həll etmək istəyirik. Haqq yolumuzdan sona qədər geri dönmək niyyətində deyilik”, - deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində on minlərlə günahsız insan həlak olub. Minlərlə ailə isə evsiz-eşiksiz qalıb, yüz minlərlə ukraynalı təcavüz səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalıb.
Bundan öncə isə Rusiya hərbi qüvvələri Qazaxıstanda kütləvi etirazlara qalxan dinc vətəndaşlara qarşı silahdan istifadə edib, nəticədə onlarla aksiya iştirakçısı həlak olub. Göründüyü kimi, Rusiya həm qonşularının, həm də dünya dövlətlərinin daxili işlərinə qarışmaqda davam edir və öz növbəsində Rusiya lideri bunu qəhrəmanlıq kimi təqdim edir.
Görəsən, doğrudanmı dinc və günahsız insanlara qarşı mübarizə aparmaq, onları qətliama məruz qoymaq, ölkələri zorla öz iradəsinə tabe etdirmək qəhrəmanlıq sayılır? Rusiya Prezidentini belə bir açıqlama verməyə təhrik edən səbəblər nədir: məğlubiyyət eyforiyası, yoxsa işğalçılıq xisləti? Putinin qanla yazılan liderlik iddiasının arxasında psixoloji aspektlər axtarmaq lazımdırmı?
“Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri, "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, sosioloq Əhməd Qəşəmoğ AYNA-ya deyib ki, Putinin törətdiyi əməllər insanlıq əleyhinə yönəlib və buna haqq qazandırmaq mümkün deyil: “Müasir siyasətçilərin axıra qədər nəzərə ala bilmədiyi bir məsələ var: qloballaşma sürətləndikcə, cəmiyyət həm mürəkkəbləşir, həm də həssaslaşır. Bu həssaslaşma hesabına cəmiyyətin öz inkişaf qanunauyğunluqları əvvəlki dövrlərə nisbətən daha ciddi təsirə malik olur və özünün nizamını diktə etməyə başlayır. Belə bir dövrdə cəmiyyətin inkişaf qanunauyğunluqlarına zidd müdaxilə daha çox gərginlik yaradır. Bu gərginliyi yaradanın özü ciddi əks təsirə məruz qalır”.
“Mənim hazırladığım məşhur nəzəriyyə var – ahəng nəzəriyyəsi. Bu nəzəriyyə dünyanın müxtəlif dövlətlərində, eləcə də Amerikada görkəmli alimimiz, mərhum Lütfi Zadə tərəfindən təqdim edilib. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, dünyada hər şey ahəngə və nizama uyğun olmalıdır. Bu, kimlər tərəfindən pozulacaqsa, mütləq yekun zərbəni də onlar alacaqlar”, - deyə həmsöhbətimiz bildirib.
Mütəxəssisin sözlərinə görə, Putinin Ukraynaya qarşı hərbi təcavüzü həm də onun rəqiblərinin əlinə oynayır: “ABŞ və Qərb də oxşar texnologiyadan istifadə edir. Yalnız Rusiya tərəfindən işğalçılıq və imperiya siyasəti həyata keçirildiyini iddia etmək ədalətsizlik olardı. Qərbdə də bundan geniş istifadə edirlər. Harada maraqları tələb edəndə insanları kütləvi qırğına verirlər, avtoritar rejimlərə dəstək olurlar. Lakin Qərb dairələri bunu o qədər ustalıqla edirlər ki, heç kimin ruhu incimir. Rusiya isə kobuddur, açıq şəkildə işğalçılıq siyasəti yürüdür”.
“Putin bunu qəhrəmanlıq, kişilik, mərdlik kimi təqdim edə bilər. Lakin bu, qətiyyən belə deyil. İşğalın adı işğaldır, bunu başqa cür qiymətləndirmək olmaz. Rusiya düşünürdü ki, Qazaxıstanda olduğu kimi, Ukraynada da Zelenskini devirəcək və öz adamını hakimiyyətə gətirəcək. Qərb onu tələyə saldı və bütün dünyanın gözünün qarşısında Putinin qeyri-insani obrazını yaratdı. Artıq bu obraz yaranıb və Putinin geriyə yolu yoxdur. Sonunda mütləq məğlub olacaq”, - deyə Qəşəmoğlu söyləyib.
Əlavə edib ki, belə bir həssas şəraitdə Putinin kişilik, qəhrəmanlıq kimi mövzulara keçid etməsi daxili narahatlıqdan qaynaqlanır: “Artıq özü də fərqindədir ki, tələyə salınıb və əlini yüz minlərlə insanın qanına batırıb. Güman ki, Rusiyanı elə Ukraynada uduzduracaqlar. Bundan sonra nələrin baş verəcəyini isə Putindən yaxşı bilən yoxdur. Ona görə də narahatdır və son açıqlaması da bundan qaynaqlanır”.
Psixoloq Ofeliya Əliyeva da AYNA-ya şərhində qeyd edib ki, milyonlarla insanın taleyi ilə oynamaq, onları qətliama məruz qoymaq qəhrəmanlıq sayıla bilməz: “Düzdür, lider olmaq asan məsələ deyil. Lider olmaq üçün bir çox xüsusiyyətlər lazımdır. Onlardan biri də mübarizə aparmaq, qətiyyət nümayiş etdirməkdir. Lakin bu, o demək deyil ki, milyonlarla insanın taleyi ilə oynamaq, onları zülmə məruz qoymaq liderlik məziyyətidir. Əksinə, bu, qəddarlıqdır, avtoritarizmdir”.
“Rusiyanın Ukraynaya qarşı etdikləri vəhşilikdir, bunun başqa adı yoxdur. Yüz minlərlə günahsız insan həlak olub. Bir o qədər insan evindən-eşiyindən didərgin düşüb. Adamlar təcavüz səbəbindən ölkəsini tərk edirlər. Bunu necə qəhrəmanlıq adlandırmaq olar ki?! Təbii ki, bu, işğaldır və işğala qarşı mübarizə aparanlar kim olursa-olsun haqlıdır”, - deyə müsahibimiz vurğulayıb.
Əliyevanın sözlərinə görə, avtoritar liderlər üçün xarakterik olan bir çox keyfiyyətlər var ki, Putin də onları özündə daşıyır: “Putin ilk növbədə özünü böyük ölkənin tarixində təsadüfi şəxs kimi hiss edir və indi bu problemi həll etməyə çalışır. Bildiyimiz kimi, o, Rusiyanın tarixini öyrənməyə çox maraq göstərir və təbii ki, özünü imperiyanın keçmiş rəhbərləri ilə müqayisə edir”.
“İndi ortaya bir şey qoymalıdır, xüsusən, ona görə ki, o, o öz sələflərinin bir çoxundan daha uzun müddət hakimiyyətdə qalıb. O, adının Rusiya tarixinə yazılması məsələsini həll etdiyini zənn edir. Düşünür ki, bu yolda qurbanlar da olmalıdır. Lakin bu, çox səhv, ziyanlı və qəddar bir yanaşmadır”, - deyə psixoloq fikrini yekunlaşdırıb.
Müəllif: Azər Niftiyev