Ukrayna ordusunun Krımdakı Rusiyaya məxsus aerodroma raket zərbələri endirməsi Ukrayna-Rusiya müharibəsində yeni mərhələyə start verdi. Həmin raket zərbələri Krımı və Rusiya nəzarətindəki Ukrayna torpaqlarını və orda yaşayan əhalinin təhlükəsizlik və psixoloji vəziyyətini ortaya qoydu.
Krım əhalisi əziyyət çəkir və əsas səbəb müharibə deyil. Rusiya Krım zəbt edəndən sonra ora məskunlaşmaq üçün əhali köçürməyə başladı. Həmin əhaliyə müəyyən vədlər vermişdi. Ancaq əhalinin həyat şəraitinin pis olması, su qıtlığı, yol problemi, ümumiyyətlə, verilən sözlərə əməl edilməməsi belə desək ordakı əhalini "tikan üstündə" saxlayırdı. Məsələ ondadır ki, Krımdakı aerodroma endirilən raket zərbələri əhalinin var olan problemlərinin üzərinə birini də əlavə etdi - Təhlükəsizlik! Yəni, artıq Rusiya nəzarətindəki bölgədə yaşayanlar anlamağa başladı ki, onların təhlükəsizliyi qorunmur.
Krımın ilhaqından sonra (2014-cü ildən sonra) Putin Kerç boğazında körpü yaratmağa söz vermişdi və bu, böyük uğur adlandırıldı, amma reallıq başqadır. Rusiya düşünürdü ki, körpünü istifadəyə verməklə problemin həllinə nail olacaq. Görünən odur ki, körpü də Krımı Rusiyaya bağlaya bilmir.
Bu körpü, mühəndislik və əməkdaşlıq möcüzəsi kimi elan edilmişdi, lakin görünən odur ki, bütün bunlar Krım yarımadasında baş verən digər neqativ halları kölgələmək üçün idi.
Rusiya körpü ilə məsələni həll etmiş saysa da, əsasən infrastruktur sahəsində olan dəhşətli etinasızlıq (laqeydlik) əhalinin vəziyyətini ağırlaşdırıb.
Misal üçün Rusiya təcavüzünə qədər Krımda belə su qıtlığı yox idi. İndi isə su boruları ölümcül vəziyyətdədir. Bilirik ki, Krımı su ilə Xerson vilayəti təmin edirdi. Məsələ ondadır ki, Xersonda Rusiyanın vəziyyətinin yaxşı olmadığı məlum olur. Bunun üzərinə müharibə zamanı boruların zədələnməsi də Krımı ekoloji fəlakətlə üz-üzə qoymuş olur.
Böhran uzandıqca humanitar fəlakət təhlükəsi yaranır və bunların hamısının səbəbi Rusiyanın işğalçı siyasətidir. Rusiya hakimiyyəti infrastruktur ətrafındakı problemlərə görə Ukraynanın təxribat əməliyyatlarını günahlandırır, baxmayaraq ki, bu cür qəribə ittihamları sübut edəcək təsdiqlənmiş heç bir məlumat yoxdur. İşğalçı tərəfin bu cür absurt ittiahmları heç bir məntiqə sığmır.
Ukrayna ordusu bu cür ehtiyat tədbirlərini nəzərə almayan Rusiyadan fərqli olaraq, düşmənin silahlı və möhkəmləndirilmiş mövqelərinə sərrast zərbələr endirməyi ilə, qeyri-döyüş itkilərindən yayınmasıyla ad qazanıb. Müharibə zamanı Ukrayna tərəfi hücum edən tərəfin hərbi obyektlərinə onlarca dəfə zərbələr endirib, ancaq heç birində demək olar ki, qeyri-döyüş itkisi yaşanmayıb. Bu həm də Ukrayna tərəfinin əlində olan silahların müasir və dəqiqliyinin göstərcəsidir.
Krımdakı Rusiya aerodromuna Ukrayna tərəfinin endirdiyi raket zərbələrindən sonra orda yaşayan əhali qaçmağa başlayıb. Rusiya tərəfi körpüdən keçidin qarşısını süni yollarla almağa çalışıb. Bu hadisədən sonra bəzi sakinlər təhlükəsizlik səbəbilə körpünün bağlanması və su və elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olması ilə bağlı mesajlar alıb.
Bütün bunlar Krımda baş verənlərə görə Ukrayna hakimiyyətini və hərbçilərini günahlandırmaq məqsədi güdən xüsusi propaqanda ilə əlaqələndirilə bilər, halbuki günahkar yalnız Rusiya və Putindir.
İşin gerçəyi ondadır ki, Rusiya Krımın təhlükəsizliyini qoruya bilməməsi ilə nəinki Krımda, ümumiyyətlə, nəzarətə götürdüyü bütün ərazilərdə özünə olan inam və etibarı itirib. Krımdakı aerodroma endirilən raket zərbələri təkcə Rusiyanı etibarsızlaşdırmadı. Həm də, bütün dünyaya baha qiymətə satdığı, tərifi yerə-göyə sığmayan S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin imicini yerlə bir etmiş oldu.
Ukraynaya edilən təcavüz təkcə fiziki, iqtisadi yox, həm də psixoloji cəhətdən Rusiyanı çökürdür...
Səxavət Məmməd
Teref.az