Tələbələrin işi zordur
Bu ilin iyul ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər iyun ayına nisbətən 2,74 faiz artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,52 faiz azalıb.
Bu barədə "Report"a “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, mənzillərin kirayəsi bazarında iyul ayı ərzində 3,65 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2,23 faiz ucuzlaşma olub: “Yay ayları olduğu üçün ötən ay da daşınmaz əmlak bazarında alıcılıq qabiliyyəti aşağı olub. Yaz ayları ilə müqayisədə alıcılıq qabiliyyəti təqribən 25-25 faiz azalıb. Bazarda əsas aktivlik payız aylarında olur. Qarşıdan gələn payız aylarında yəqin ki, bazarda aktivlik bərpa olunacaq”.
Əmlak eksperti Elnur Fərzəliyev də “Şərq”ə açıqlamasında alqı-satqı bazarında hələlik durğunluq olduğunu deyib. Onun sözlərinə görə, yay aylarında mənzil bazarında tənzimləmələr olur. Bu, insanların daha çox istirahətə getməsi ilə bağlıdır. Ötən il yay aylarında torpaq bazarı aktivləşmişdi. Bağ evlərinin alışı da artmışdı. Bu il isə hərtərəfli durğunluq yaşanır.
Ekspert ötən ay üçün kirayə mənzil bazarında tələbələrin çoxunun gedişi ilə əlaqəli müəyyən bir boşluq olduğunu bildirib: “Amma başqa bir tərəfdən də ali təhsil ocaqlarına qəbul olan tələbələrin sayı çoxdur. Yəni qəbul olanların sayı artıq bəllidir. Onların valideynləri artıq əmlak bazarında icarəyə verilən mənzillərlə maraqlanırlar. Ucuz mənzillərin sayı məhdud saydadır. Avqust ayının sonlarında ucuz mənzil tapmaq mümkün olmayacaq. Mərkəzə yaxın ərazilərdə ucuz fərdi həyət evləri var idi ki, orada da tələbələr daha çox qalırdı. Həmin evlərin böyük hissəsi də artıq sökülüb. Artıq həm tələbələr, həm də digər vətəndaşlar məcburiyyətdən şəhər kənarında, Xırdalan, Abşeron ərazilərində icarəyə mənzil axtarırlar".
 

Dünyapress TV

Xəbər lenti