Perinçək: Ərdoğan Soçidə Putinə söz verib
Qərbin birtərəfli sanksiyası insanlığa qarşı cinayətdir. Çünki sanksiyalar vasitəsilə onlar sadə insanları cəzalandırmaq istəyirlər. Hazırda Rusiya hakimiyyəti tam olaraq Qərbin planlarını pozur, amma onlar xalqı cəzalandırır. Türkiyə isə Ukrayna məsələsində heç də Kremli dəstəkləmir. Biz əvvəla, Rusiya ilə əməkdaşlıq edirik, ikincisi isə Qərbin sadə rus vətəndaşlarına qarşı yürütdüyü sərt tədbirlərə qarşı çıxırıq. Türkiyə öz milli maraqlarını reallaşdırır. Çünki Türkiyə öz iqtisadi problemlərini yalnız Avropa ölkələri ilə deyil, o cümlədən Rusiya ilə əməkdaşlıq etməklə həll edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin professoru, türkiyəli siyasi ekspert Mehmet Perinçək deyib.

“Qərb Türkiyəyə iqtisadi problemlərini həll etməyə imkan vermir. Əlbəttə, Türkiyə-Rusiya münasibətləri bu məsələdə böyük əhəmiyyət daşıyır. Çünki Qərbin sanksiyalarından sonra Türkiyə Rusiya üçün pəncərə ola, iqitisadi, turistik, logistik mərkəzə çevrilə bilər. Və bu Türkiyə üçün çox böyük imkandır.

Buna görə də söhbət Türkiyənin Kremlə dəstəyindən deyil, Türkiyənin öz milli maraqlarını qorumaqdan gedir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın əməkdaşlıq etməsi təkcə iqtisadi baxımdan vacib deyil, bu, həm də ölkələrin milli təhlükəsizliyinin təminatı üçün vacibdir:

“Buna görə Ərdoğan və Putin arasındakı Soçi sammiti mühüm əhəmiyyət kəsb edirdi. Onlar bu görüşdə Suriya məsələsini müzakirə etdilər. Gördüyümüz kimi, iki lider Suriyada terrorçu elementlərin, separatçıların, fundamentalist silahlıların təmizlənməsi barədə razılığa gəldilər. Bu, çox vacibdir. Terrorçuların arasında heç bir fərq yoxdur. Bu terrorçuların arxasında isə ABŞ dayanır.

Ötən gün Türkiyə MN bildirdi ki, Ərdoğan Əsədlə telefon danışığına hazırdır. Bu, həmin Soçi görüşünün mühüm nəticələrindən biri oldu. Digər tərəfdən isə Türkiyə Moskvaya, Tehrana və Dəməşqə PKK-ya, terror təşkilatlarına qarşı birgə mübarizə aparmağı təklif edib. Bu görüşdə liderlərin hər ikisi Türkiyənin bu separatçılara qarşı mühüm əməliyyatlarından danışdılar. Lakin Türkiyənin bu əməliyyatı Dəməşqlə koordinasiyalı aparmalı idi. Bax, bu son deyilənlər onu göstərir ki, Ərdoğan Soçidə Putinə verdiyi sözünün üstündə dayanır. Nəinki Suriya məsələsində, eləcə də Liviya məsələsində də hər iki lider razılığa gəlib”.

Ekspertin iddiasına görə, Ankara və Moskva Suriya, Liviya və Şərqi Aralıqda öz maraqlarını uzlaşdıra bilirlər:

“ABŞ və Qərb öz dominant rolunu itirir, yeni dünyada iqtisadi mərkəz Avrasiyaya tərəf hərəkət edir. Ankaranın da, təbii ki, öz milli maraqlarını qorumaq hüququ var. Türkiyə Qərbə qarşı heç bir şey etmir, Qərb isə həm Suriya, həm Liviya, həm Şərqi Aralıq dənizi, həm Qarabağ, həm də iqtisadi məsələrdə Türkiyəyə əks mövqedədir. Burada problemTürkiyənin siyasətindən yox, Qərbin Türkiyəyə və digər Avrasiya ölkələrinə olan qeyri-səmimi münasibətidir”.
 
 
 

Dünyapress TV

Xəbər lenti