Rusiyanın nüvə təhdidi və MAQATE-nin acizliyi
Ukrayna 2023-2025-ci illər üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Rəhbərlər Şurasına öz namizədliyini irəli sürmək niyyətindədir. Mütəxəssislərlə razıyam ki, bir il əvvəl, Çernobıl və Zaporojye atom elektrik stansiyaları ələ keçirilən zaman dərhal Rusiya Federasiyasına təzyiqi artırmaq lazım idi. Amma atom obyektlərinin tutulmasının ilk günlərində nədənsə belə qərarlar yox idi. Buna görə də, Ukraynanın Energetika Nazirliyinin rəhbərliyinə, “Energoatom” rəhbərliyinə və Dövlət Nüvə Tənzimləmə Qurumuna kifayət qədər suallar var.

Bir il əvvəl də bizim nümayəndəmizi MAQATE Şurasına daxil etmək mümkün idi. Bunun niyə baş vermədiyinə dair bir çox fikir var: “Energoatom”dakı rus izindən tutmuş hakimiyyətin hərəkətsizliyinə qədər... Zaporojye Atom Elektrik Stansiyası bir ilə yaxındır ki, işğalçılar tərəfindən ələ keçirilib və bu gün də rusiyalı Çudakov MAQATE-nin baş direktorunun cənab Qrossinin müavinidir. Beləliklə, indi biz MAQATE-nin Rəhbərlər Şurasında nüfuz sahibi olan rusların mövqeyini birtəhər dəyişdirə bilərikmi, bu başqa sualdır. Üstəlik, Ukrayna nümayəndəsini Agentliyin Şurasına daxil etmək üçün MAQATE-nin sentyabrda keçiriləcək Baş Assambleyasını gözləmək lazım gələcək.

Təbii ki, liderlər korpusunda, Şurada Ukrayna nümayəndəsinin olması bizim üçün vacibdir. O, bizə lazım olan məsələləri gündəmə gətirə biləcək. Müvafiq nazirliyin rəhbərinin fikrincə, bu, Ukraynanın beynəlxalq aləmdə rolunu gücləndirə biləcək. Ancaq etiraf etmək lazımdır ki, bir nümayəndə MAQATE-nin fəaliyyətinə real təsir göstərə bilməyəcək.

Məsələ ondadır ki, MAQATE missiyasının yalnız texniki mandatı var, yəni onlar yalnız nüvə materialının yayılmaması, nüvə enerjisindən təhlükəsiz istifadə, eləcə də radioaktiv tullantıların, sərf olunmuş nüvələrin təhlükəsiz idarə olunması məsələlərinə cavabdehdirlər. Və yalnız bu məsələlərə baxa bilirlər. Yəni MAQATE missiyasının nə hərbi, nə də siyasi mandatı var. Yalnız BMT-nin “mavi dəbilqə”lərini təqdim edə bilən BMT Təhlükəsizlik Şurası belə mandata malikdir.

MAQATE-nin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına hesabat verərkən hansısa təhlükəsizlik qətnaməsini və ya AES-də təhlükəsizlik zonasının tətbiqini irəli sürməyə çalışarkən, hər hansı bir fikir Rusiya Federasiyasının vetosu ilə üzləşir. Yəni Rusiya Federasiyası BMT-nin daimi üzvü olduğu üçün beynəlxalq ictimaiyyətin bu nüvə terrorizmi ilə bağlı nəsə etmək cəhdlərinə veto hüququndan istifadə edir.

Və MAQATE-nin baş direktoru nəsə etməyə çalışsa da, ruslar ona “diplomatik yolla” imkan vermirlər. Yəni MAQATE-nin heç bir konvensiyası və Nüvə Terrorçuluğu Aktlarına Qarşı Mübarizə Konvensiyası Rusiyanı dayandırmır. Ancaq bu, imtina etməli olduğunuz demək deyil. Yaponiya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa kimi güclü nüvə sənayesi kompleksinə və güclü atom elektrik stansiyalarına malik olan ölkələrin Rusiya Federasiyasına qarşı güclü dəstəyini toplamaq lazımdır. Bu cür dövlətlərin ruslara təzyiqi işə yaraya bilər.

Digər təzyiq mexanizmi Rusiya iqtisadiyyatının əsas qüvvələrindən biri olan “Rosatom”a qarşı sanksiyaların tətbiqi ola bilər. Artıq bir ildir ki, bu sanksiyaları gözləyirik. Bu arada, "Rosatom" Zaporojye AES-də mümkün fəlakətlə dünyanı manipulyasiya etməyə və qorxutmağa davam edir.

Müəllif: Qriqori Plaçkov – Ukrayna Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin sabiq sədri

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur

Dünyapress TV

Xəbər lenti