Ukrayna Ordusunun Baş Qərargah rəisi rusiyalı həmkarının kitablarını oxuyub
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnı öz kabinetində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun kitablarını saxlayır. AYNA xəbər verir ki, bu barədə Zalujnının özü “The Time” nəşrinə müsahibəsində deyib.
"Mən rus hərbi doktrinasım ilə böyümüşəm və hələ də bütün hərbi elmin Rusiyada olduğuna inanıram. Gerasimovla oxumuşam. Onun bir vaxtlar yazdığı hər şeyi oxumuşam... O, Rusiyanın ən ağıllısıdır və ondan gözləntilərim böyük idi", deyə Zalujnı özündən təxminən 18 yaş böyük olan rusiyalı həmkarı haqqında söyləyib.
Qeyd edək ki, Gerasimov 1955-ci ildə Kazanda anadan olub. 2013-cü ildə ordu generalı rütbəsi alıb. 2016-cı ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. 2012-ci ilin noyabrında Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Bir sıra xarici hərbi ekspertlərin fikrincə, o, Rusiyanın yeni nəsil müharibə konsepsiyasının əsasını təşkil edən “Gerasimov doktrinası”nın yaradıcısı hesab olunur. Gerasimov "hibrid müharibə" termininin yaradıcısıdır.