Bufer zona zərurəti
Çox yox, bir həftə əvvəl ağız dolusu sülhdən danışırdıq. Buna səbəb avqust ayının 30-dakı Brüssel görüşü və sonrasında Bakı və İrəvandan gələn isti mesajlar idi.

Brüssel zirvəsindən sonra mediator rolunda çıxış edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata verdiyi bəyanatda böyük bir həvəslə belə deyirdi:

“Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşməyi tapşırdıq”.

Yəni, Azərbaycan və Ermənistan XİN rəhbərləri sentyabr ayı ərzində mütəmadı danışıqlar apararaq, yekun sülh müqaviləsinin mətnini hazırlamalı idilər. Brüssel görüşünün ən gözəl xəbəri bu idi.

Bəs sonra nə baş verdi?

Sentyabr ayının 4-də Ermənistan mətbuatı bir xəbərlə sirkələndi. Baş nazir Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyası ilə görüşdə ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin hazırlanması üçün hər şeyin ediləcəyini dedi.

Cəmi 9 gün sonra Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda Vladimir Putinin gözlərinin içinə baxaraq, Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduqlarını və Moskvanın köməyini gözlədiklərini bildirdi.

Bütün bu görüşlərin, bəyanatların kölgəsində Moskvadan da reaksiya gəlmişdi. Rusiya XİN sözçüsü Mariya Zaxarova Brüssel görüşünü açıq şəkildə tənqid etmişdi:

“Aİ-nin Cənubi Qafqazdakı fəallığı geosiyasi ambisiyalarla müəyyən edilir. Fikrimizcə, bunun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real yardım istəyi ilə heç bir əlaqəsi yoxdur” – deyə Zaxarova bildirirdi.

Bəli, Cənubi Qafqazda kartlar artıq açıq oynanırdı. Ukraynanı işğal etməklə bütün beynəlxalq hüquq və prinsipləri pozan, müharibə vəziyyətində olan Moskva Azərbaycan və Ermənistan arasında sülhün sadəcə özü tərəfindən təmin edilə biləcəyini iddia edirdi.

Və belə bir vəziyyətdə ara-sıra pozulan atəşkəs bir andaca hərbi əməliyyat səviyyəsinə keçdi. 12 sentyabrda, gecə vaxtı, Ermənistan silahlı qüvvələrinin əli ilə münaqişə yenidən alovlandı. Tərəflər bir-birini ittiham etməyə start verdi, hər kəs ilk gülləni atanı axtarmağa başladı. Lakin siyasi təhlil üçün güllənin ilk kimin silahından çıxıb, kimə dəydiyi yox, kimin maraqlarına xidmət etdiyi əhəmiyyətlidir.

Elə isə gəlin diqqət yetirək, bir gecədə 100-dən artıq hərbçisini itirib, Rusiyadan asılılığı da azı 100 qat artan İrəvan bu təxribatdan, təbii ki, heç nə qazanmadı. Azərbaycan 34 ildən sonra ilk dəfə Ermənistanla sərhəddə hərbi əməliyyatlar aparmaqla, düşmən dövlətin daxilində bufer zona yaratmaq imkanlarını artırsa da sülhdən qazanacaqları ilə müqayisədə indiki qazancı çox az idi.

Bir gecəlik müharibənin ən böyük qalibi, şəksiz-şübhəsiz, Rusiya oldu. Çünki Rusiya caynağından çıxmağa çalışan, müdafiə naziri bu yaxınlarda ABŞ-da səfərdə olan Ermənistanı əvvəlkindən daha bərk formada qoltuğuna sıxdı. Brüsseli qismən neytrallaşdırdı. Hazırda isə tərəfləri uzlaşdırmaq üçün vasitəçi olmağa hazırlaşır…

Sonda isə qeyd edək ki, bu döyüş Azərbaycan üçün böyük imkanlar yaradır. Məsələn, Azərbaycan indi əldə etdiyi strateji üstünlükdən çıxış edərək, Qarabağdakı erməni silahlı qüvvələrinin tam çıxarılmasını tələb edə bilər;

2.Azərbaycan bu ərazilərdə yeni bufer zona yarada bilər.

Bəziləri Ermənistanla sərhəddə, hətta gələcəkdə onun sərhədləri daxilində bufer zonanın yaradılması ideyasını beynəlxalq hüquqa zidd hesab edir. Lakin görünür, onlar BMT-nin 51-ci maddəsindən xəbərsizdir. Bu maddədə hər bir dövlətin özünümüdafiə hüququ təsbit olunur. Elə qardaş Türkiyə də, müttəfiq İsrail də bu maddəyə istinad edərək, başqa ölkələrin 30-35 km dərinliyində özləri üçün təhlükəsizlik dəhlizi yaradıb. Niyə Azərbaycan bu təcrübədən istifadə etməsin? Axı buna onun gücü və hüququ çatır…
Nicat İsmayılov

pressklub.az

Dünyapress TV

Xəbər lenti