Rusiya Azərbaycanda yaşayan vətəndaşlarını da müharibəyə çağırır? –
Rusiya ordusunun Ukraynadakı savaşda canlı qüvvə sarıdan böyük sıxıntı keçirdiyi aşkar hiss olunmaqdadır. Məlum olduğu kimi, Kreml daha çox iri şəhərlərdə deyil, əyalətlərdə yaşayanları və qeyri-rus millətindən olan vətəndaşları müharibəyə cəlb etməyə çalışır ki, bu da paytaxt Moskva və digər iri şəhərlərdə narazılıqların baş qaldırması qorxusundan irəli gəlir. Bunun da nəticəsidir ki, Ukraynada döyüşənlər arasında Dağıstan, Çeçenistan Osetiya, Tuva, Buryatiya, eləcə də uzaq şimal bölgələrindən olan şəxslərə sıx-sıx rast gəlinir. Təəssüf ki, onların arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşları da az deyil...

“AzPolitika.info” xəbər verir ki, son günlər Azərbaycanda yaşayan bəzi Rusiya vətəndaşlarını da Rusiyada qeydiyyatda olduqları hərbi komissarlıqlara çağırmağa başlayıblar. Çağırış vərəqələri Azərbaycana deyil, həmin şəxslərin Rusiyada qeydiyyatda olduqları ünvanlara göndərilir. Rusiya pasportu daşıyan bu azərbaycanlıların çağırış vərəqələrində hansı məqsədlə hərbi komissarlıqlara dəvət edildikləri göstərilməsə də, bunun Ukraynada gedən savaşla əlaqədar olduğu şübhə doğurmur. Ən maraqlısı isə odur ki, çağırılanlar arasında təkcə həqiqi hərbi xidmətini yaxın zamanlarda başa vurmuş şəxslər deyil, yaşı 40-dan yuxarı olanlar da var. Belə görünür ki, burada məhz milli mənsubiyyət məsələsi önəmlidir və Rusiya qeyri-millətləri yaşından asılı olmayaraq, orduya cəlb edib, Ukraynaya göndərməkdə qərarlıdır.

Bunun özü göstərir ki, Putin hakimiyyəti kimi rejimlərin idarə etdiyi dövlətlərin vətəndaşı olmaq o qədər də arzuolunan hal deyil...
 
 
 

Dünyapress TV

Xəbər lenti