Çeçenistan rəhbəri Xarkovdakı vəziyyəti “maraqlı” adlandırıb və Odessaya çatmaqla hədələyib
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Xarkov vilayətində Rusiya Federasiyasının uğursuzluqlarını şərh edib. Kreml susmağa və ya hər şeyin “plan üzrə getdiyini” iddia etməyə üstünlük verir, amma Kadırov vəziyyəti “maraqlı” adlandırıb. Üstəlik, Odessaya çatacaqları ilə hədələyib.
AYNA xəbər verir ki, Kadırov “Telegram”da 11 dəqiqəlik səsli mesajında çoxlu maraqlı məsələlərdən bəhs edib.
Çeçenistan rəhbərinin sözlərinə görə, son günlər çoxlu məlumatlar alır, lakin Rusiya Müdafiə Nazirliyindən konkret izahat görmür.
Kadırov şəhərlərin adlarını tələffüz etməkdə çətinlik çəkərək İzyum, Kupyansk və Balakliyada rusların uğursuzluqlarını etiraf edib.
Çeçen lider əsəbini gizlətməyə çalışsa da, dediyi sözlərdə qəzəbləndiyi hiss olunub: “Əgər bu gün və ya sabah “xüsusi hərbi əməliyyat”ın keçirilməsində dəyişiklik edilməsə, mən Rusiya Müdafiə Nazirliyinin və ölkənin rəhbərliyi ilə görüşməli olacam ki, onlara vəziyyəti izah edim. Vəziyyət çox maraqlıdır... Bir neçə şəhər, kənd vermək, bunun da müsbət tərəfləri var”.
Bundan əlavə, Kadırov ümidini itirmir ki, rus ordusu tezliklə Odessaya çatacaq və Ukrayna Silahlı Qüvvələrinin artıq azad etdiyi bütün şəhərləri geri qaytaracaq.
Çeçenistan rəhbəri tezliklə “konkret nəticələrlə” öyünə biləcəyini vəd edib.
Qeyd edək ki, Ukrayna ordusu əks-hücumla İzyum, Kupyansk və Balakliyanı və bir çox kənd və qəsəbələri işğaldan azad edib.