ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun verdiyi məlumata əsasən, 6-7 sentyabr tarixlərində Ukrayna SQ 400 km² ərazini işğaldan azad edib.
Dünən axşam Prezident Volodimir Zelenski Ukrayna qoşunlarının ölkənin şimal-şərqindəki Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini geri aldığını bildirib. "Bu həftə Xarkov vilayətindən yaxşı xəbərimiz var", – deyən Zelenski işğaldan azad edilən yaşayış məntəqələrinin adlarını çəkmək üçün uyğun vaxt olmadığını da vurğulayıb.
Sentyabrın 7-dəki çıxışında Prezident döyüş tapşırıqları zamanı göstərdikləri şücaət və qəhrəmanlıqları sayəsində yenidən Ukrayna bayrağını yüksəldən hərbi hissələrə təşəkkür edib.
Xatırladaq ki, son günlər Xarkov vilayətində Ukrayna hərbi qüvvələrinin irəliləyişi, əsgərlərin Balakliya şəhəri ətrafındakı geri alınmış kəndlərdə çəkilmiş video və fotoları sosial şəbəkələrdə yayılsa da, Ukrayna rəsmiləri xəbərlərin heç birini təsdiqləməyib. Ukrayna həmçinin əks-hücum apardığı ölkənin cənubunda bir neçə kəndi geri aldığını iddia edib.
Ukraynalı tanınmış hərbi bloger Yuri Butusov isə bu günlərdə Xarkov və Xerson ətrafında baş verən hücum əməliyatlarından sonra Rusiya təbliğatında kəskin dəyişikliklərə diqqət ayırıb. Onun sözlərinə görə, Ukraynaya qarşı təcavüzü fəal şəkildə təbliğ edən bir milyon abunəçisi olan Kremlyönlü "teleqram" kanalı "Readovka" Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatının xəritəsini dərc edib: "Bu xəritədə Ukrayna qoşunlarının sentyabrın 6-da eyni vaxtda dörd zərbə endirdiyini göstərir. Amma iki gün əvvəl bütün rus təbliğatçıları “panika yoxdur” yazırdılar. Təbii ki, biz Ukrayna tərəfdən heç bir məlumat verməyəcəyik və düşmənimizdən gələn bu cür vahimə xəbərlərinə inanmaq çətindir. Amma belə xəritələrə görə, Putinin və Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin İzyum bölgəsində cəmləşmiş əsas qüvvələri üçün çox pis xəbərlər var.
Ruslar Prişib kəndini Ukrayna qoşunlarının cəmləşməsi üçün başlanğıc nöqtəsi kimi göstərirlər. Xəritəyə əsasən Ukrayna qoşunları Prişib bölgəsində rus ordusunun müdafiəsini yarıb, Voloxov Yar mühüm yol qovşağını, Semenovkanı azad edib və iki gündən sonra Şevçenkovo kəndinə yaxınlaşıb. Bu, çox yüksək irəliləyiş göstəricisidir, xüsusən nəzərə alsaq ki, qoşunlar bu yolu dislokasiya olunmuş döyüş birləşmələri keçməli, bərbad ərazidə müdafiə olunan düşmənlə döyüşə girməlidir. Yəni birbaşa irəli getmək mümkün deyil. Xəritəyə əsasən Ukrayna qoşunları bu istiqamətdə 30 kilometrdən çox məsafəni qət ediblər. Relyef və yollar boyunca təhlükəsizlik manevrləri edildiyini nəzərə alsaq, Şevçenkodakı hissələr də irəliləyərək 45 km-dən çox irəli gediblər.
Xəritəyə görə, Şevçenkovo kəndi Rusiya Silahlı Qüvvələrinin İzyum bölgəsindəki bütün hərəkətləri üçün əlaqə nöqtəsidir. Çünki ərazidə bütün əməliyyatlara nəzarəti təmin edən əsas rabitə qovşağı orada yerləşir. Kupyanska çıxış İzyum yaxınlığındakı rus qoşun qrupunun tam mühasirəyə alınması demək olacaq. Şevçenkovonun azad edilməsi İzyum qrupunun məğlubiyyəti, əməliyyat mühasirəsi və rus bölmələrinin sürətlə qaçmağa məcbur edilməsi deməkdir".
Bolger əlavə edir ki, əgər bütün Rusiya KİV-lərində təkrarlanan bu xəritə real vəziyyəti əks etdirirsə, piyadalarımız tank, artilleriya qurğularında dəfələrlə üstün olan düşmənin müdafiəsini yarıb keçib: "Beləliklə, əsgərlərimiz heyrətamiz dözümlülük və döyüş effektivliyi nümayiş etdiriblər", o vurğulayıb.
Bütosovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qəfil hücumu nəticəsində ruslar böyük itkilər verirlər: "Yalnız sentyabrın 7-də internetdə yayılan foto və videoda 40-dan çox rus əsgərinin əsir düşdüyü qeydə alınıb, onlar tamamilə ruhdan düşüb, canlarını xilas etmək üçün təslim olublar. Ukraynalılar məhbuslarla nəzakətli davranır, hamını lentə alır, həyatlarını xilas edəcəklərinə və mübadilə edəcəklərinə söz verirlər".
Rasim Əliyev
"AzPolitika.info"