“ŞOYQU CAVAB VERMƏLİ OLACAQ...” –
“Xerson cəbhəsində düşmən gecə ərzində “HİMARS”-la Novokaxovka İES-in bəndini və Xersondakı obyektləri dəfələrlə vurub. Bu raketlərdən bizim ön xətdəki hissələrimizin vurulduğu da qeydə alınıb. Görünür, raketləri çoxdur, qənaət etmirlər və artıq piyada qüvvələri də vururlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) öz “Telegram” kanalındakı son paylaşımında bildirib.

Qirkin Ukrayna Ordusunun Xerson istiqamətindəki uğurlarının əsas səbəbinin “HİMARS” sistemləri olduğunu qeyd edib və növbəti dəfə Rusiya ordusunu rəhbərliyini tənqid edib. O, bildirib ki, Müdafiə naziri Sergey Şoyqu ordunun imkanları, silah və canlı qüvvə təchizatı məsələsində Putinə saxta məlumatlar, rəqəmlər verib. Qirkin hesab edir ki, müharibədəki uğursuzluğun əsas səbəblərindən biri Şoyqunun cəbhədəki vəziyyəti Putinə doğru çatdırmaması olub. Onun fikrincə, artıq Rusiyada səfərbərlik elan edilməsinin mənası yoxdur. Çünki Müdafiə Nazirliyinin təbliğatçıları gecə-gündüz Rusiyanın Ukrayna cəbhəsindəki “uğurlarından” danışırlar. Belədə isə səfərbərliyə ehtiyac qalmır...

Strelkov həmçinin, Rusiyanın regionlarında “könüllü batalyonları”nın yaradılmasını tənqid edib. Onun fikrincə, bu batalyonlar təcrübəsiz və “xam” olduqlarından döyüşə atıldıqları ilk günlərdəcə ya məhv ediləcəklər, ya da döyüş meydanını qoyub qaçacaqlar. Bütün bu uğursuzluqlara görə isə Şoyqu cavab verməli olacaq: “Cəbhədəki uğursuzluqlara görə “göndərilməyə” ən birinci və baş namizəd isə Şoyqudur. Onun “2000 ədəd PUA”, “analoqu olmayan” tank, təyyarə, eləcə də “misilsiz” kadr seçimi, ordunun ümumi təchizatı və s. barədə dedikləri yadına salınacaq...”

Qirkin həmçinin Şoyqu üçün “şərəf” sözünün heç bir mahiyyət daşımadığını və nazirin son günə qədər Putini aldatmağa çalışacağını bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Ordusunun Xerson istiqamətində uğurlu hərbi əməliyyat həyata keçirdiyi və rus ordusunun birinci müdafiə xəttini yardığına dair məlumat yayılıb.

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti